Konstitusiya dəyişiklikləri ilə bağlı Referendum aktı layihəsinə hüquqi rəy – III yazı

Prezident İlham Əliyevin Konstitusiya dəyişiklikləri ilə əlaqədar Referendum Aktı layihəsinin Konstitusiya Məhkəməsinə göndərməsi ilə bağlı sərəncam gündəmin əsas müzakirə mövzularındandır.
“Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Referendum Aktının layihəsi Konstitusiya Məhkəməsinə rəy verilməsi üçün təqdim edilib və yaxın günlərdə məhkəmənin rəyi açıqlanacaq.
Abzas.net olaraq hüquqşünas Zaur Qurbanlının “Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Referendum Aktı layihəsi barədə rəyini tədqim edirik. Bu yazı rəyin ikinci hissəsidir.
I hissə 
II hissə

  1. 85-ci maddənin I hissəsində “yaşı 25-dən aşağı olmayan” sözləri “seçkilərdə iştirak etmək hüququna malik olan” sözləri ilə əvəz edilsin.
Milli Məclisə deputat seçilmək üçün (passiv seçki hüququ) yaş həddinin ləğv edilməsini nəzərdə tutan bu dəyişiklik təklifi hər hansı aktla ziddiyyət təşkil etmir.
  1. 89-cu maddənin I hissəsinin birinci bəndinin 5-ci yarımbəndinin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və həmin bəndə aşağıdakı məzmunda 6-cı və 7-ci yarımbəndlər əlavə edilsin:
“6) bu Konstitusiyanın 93-cü maddəsinin III hissəsinin tələbini pozduqda;
7) deputat üçün qanunla müəyyən edilmiş etik davranış qaydalarını kobud surətdə pozduqda.”.
Təklif edilən bu əlavələr Milli Məclis deputatının mandatından məhrum edilmə əsaslarını genişləndirir. Konstitusiyanın 93-cü maddəsinin III hissəsinə əsasən, deputatlar Milli Məclisdə səsverməni şəxsən həyata keçirirlər. Yeni təklif edilmiş əlavələrlə səsverməni başqası vasitəsilə həyata keçirmək, eləcə də etik davranış qaydasını kobud surətdə pozmaq mandatdan məhrum edilmək üçün əsas olacaq. Etik davranış qaydasının məhz kobud pozulmasını isə Milli Məclis, xüsusən də cəmi 7 deputatdan ibarət İntizam Komissiyası müəyyən edəcək. Bu da imkan yaradacaq ki, bir qrup deputat hər hansı deputatı öz subyektiv qiymətləndirici meyarları əsasında mandatdan məhrum edə bilsinlər. Azərbaycan Respublikası Milli Məclisinin Daxili Nizamnaməsinin 23-cü maddəsinə görə, deputatın səlahiyyətlərini itirməsi məsələsinə İntizam Komissiyasında baxılır, İntizam Komissiyasının rəyi dinlənildikdən sonra, Konstitusiyanın 94-cü maddəsinin II hissəsinə əsasən, azı 83 səs çoxluğu ilə deputatın səlahiyyətlərinə xitam verilə bilər. Təxminən 60 min nəfər seçicini təmsil edən şəxsin 7 nəfərin subyektiv rəyi əsasında digər seçicilərin seçdiyi deputatlar vasitəsilə mandatından məhrum edilməsi ədalətli yanaşma deyildir.
  1. Aşağıdakı məzmunda 98-1-ci maddə əlavə edilsin:
“Maddə 98-1. Azərbaycan Respublikası Milli Məclisinin buraxılması
Azərbaycan Respublikası Milli Məclisinin eyni çağırışı bir il ərzində iki dəfə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə etimadsızlıq göstərdikdə və ya Azərbaycan Respublikası Prezidentinin təqdimatına əsasən Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin, Azərbaycan Respublikası Ali Məhkəməsinin və Azərbaycan Respublikası Mərkəzi Bankı İdarə Heyətinin kollegial fəaliyyəti üçün zəruri olan sayda onlara üzvlüyə namizədləri iki dəfə təqdim edildikdən sonra, qanunla müəyyən edilmiş müddətdə təyin etmədikdə, habelə bu Konstitusiyanın 94-cü və 95-ci maddələrində, 96-cı maddəsinin II, III, IV və V hissələrində, 97-ci maddəsində göstərilən vəzifələrini aradan qaldırıla bilməyən səbəblər üzündən icra etmədikdə, Azərbaycan Respublikasının Prezidenti Azərbaycan Respublikasının Milli Məclisini buraxır.”
Parlamentin dövlət başçısı tərəfindən buraxılması əsasən, parlement respublikası və ya konstitusiyalı monarxiya idarəçiliyi olan dövlətlərdə olur. Çünki bu idarəçilik formasında dövlət başçısı icra hakimiyyətinin başçısı deyildir. İcra hakimiyyətini parlamentdən seçilmiş Nazirlər Kabineti (Şurası) həyata keçirir. Ona görə də parlamentin Nazirlər Kabinetinə etimadsızlıq göstərdiyi və ya digər hallarda icra hakimiyyəti ilə fikir ayrılığının olduğu şəraitdə dövlət başçısı parlamenti buraxıb siyasi qalmaqalı həll etməyə çalışır. Azərbaycan Respublikası isə prezident respublikası idarəçiliyinə malikdir. Bu tip respublikalarda prezident həm dövlət başçısıdır, həm də icra hakimiyyətinin başçısı. Ona görə də prezident respublikalarında adətən dövlət başçısının parlamenti buraxmaq səlahiyyəti olmur. Çünki bu, hakimiyyət bölgüsü prinsipini, xüsusən də, prezident respublikaları üçün nəzərdə tutulmuş çəkindirmə və tarazlaşdırma prinsipini pozur. Qanunverici, icra və məhkəmə hakimiyyətləri bir-birinin qarşısında məsuliyyət daşımaqla yanaşı bir-birlərindən avtonomluğunu qoruya bilməli və biri digərinin işinə müdaxilə etməməlidir. Əgər icra hakimiyyəti başçısı parlamenti buraxa bilirsə, deməli, parlamentə seçki keçirməyin mənası qalmır. Çünki qanunverici hakimiyyət artıq müstəqil deyil. Deputatlar məhz buraxılmanın qarşısını almaq üçün prezidentin “xoşuna gəlməyən” fəaliyyətlərdən, mövqedən çəkinəcəklər.
Dəyişiklik təklifində Milli Məclisin hüquq və vəzifələrinin sadalandığı maddələr göstərilib və bu maddələrdə göstərilənləri icra etmədiyinə görə Milli Məclisin Prezident tərəfindən buraxıla biləcəyi qeyd olunub. Bu müddəa hakimiyyət bölgüsü prinsipinə ziddir, çünki prezidentin parlament üzərində nəzarətçi funksiyasını bərqərar edir. Məsələn, Konstitusiyanın 97-ci maddəsində qanunların imzalanmaq üçün təqdim olunma müddətləri nəzərdə tutulub. Maddənin I hissəsində qeyd edilir ki, qanunlar qəbul edildiyi gündən 14 gün müddətində Azərbaycan Respublikasının Prezidentinə imzalanmaq üçün təqdim edilir. Yeni dəyişiklik təklifinə görə, parlament 14 gün müddətində qanunları Prezidentə təqdim edə bilməsə və buna səbəb olan halları aradan qaldıra bilməsə, prezident Milli Məclisi buraxa bilər. Burada hətta fors-major hallar da istisna olunmayıb. Nəticədə Milli Məclis işini tələsik görən katiblik, qanunları formal oxunuşdan keçirib təsdiq edən konveyer mexanizminə çevrilə bilər.
konstitusiya məhkəməsinin binası
  1. 100-cü maddədən “Yaşı otuz beşdən aşağı olmayan,” sözləri çıxarılsın.
Prezidentliyə namizədlik üçün yaş senzinin aradan qaldırılması hər hansı aktda qadağan olunmasa da, bu senzin qoyulmasının məntiqi var. Prezident təkbaşına orqandır və bir nəfər bütün icra hakimiyyətini həyata keçirmək səlahiyyətinə malikdir. Azərbaycan Respublikası kimi prezident respublikalarında isə o, həm də dövlət başçısıdır. Bu qədər ağır məsuliyyətin altına girən insanın müəyyən həyat təcrübəsinin, eləcə də təhsilinin və bu təhsili almaq üçün kifayət qədər vaxtının olması lazımdır. Bu kimi məntiqi səbəblərdən prezidentliyə namizədlik üçün 35 yaşlıq minimum hədd qoyulub. Təklif edilən dəyişikliklə bu hədd götürülməlidir, nəticədə məntiqin bu sahədə verdiyi suallar açıq qalacaq.
  1. 101-ci maddənin I hissəsində “5” rəqəmi “7” rəqəmi ilə əvəz edilsin və aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:
“Azərbaycan Respublikasının Prezidenti növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərini elan edə bilər.”.
Prezidentlik müddətinin parlamentin səlahiyyət müddətindən fərqli olması da yuxarıda qeyd etdiyimiz parlament respublikalarına və ya qarışıq tipli respublikalara xasdır. Belə ki, parlament respublikalarında dövlət başçısını parlament seçir. 5 ildən bir parlament dəyişiləndə, hər dəfə yeni prezident seçilməməsi, dövlət başçısı institutunun parlamentdə hər dəfə qalib gələn partiya(lar)dan asılı vəziyyətə düşməməsi üçün parlament respublikalarında prezidentin səlahiyyət müddəti adətən 7 il olur. Nəticədə parlamentdə çoxluq təşkil edən və Nazirlər Kabinetini formalaşdıran partiyanın təyin etmədiyi şəxs müəyyən müddət onlarla eyni zamanda dövlət başçısı funksiyasını həyata keçirə bilir. Azərbaycan Resublikası Konstitusiyasına əsasən isə dövlət başçısı, eləcə də icra hakimiyyətinin başçısı olan prezidenti xalq seçir, onunla parlamentin səlahiyyət müddətlərinin üst-üstə düşməməsi kimi zəruriyyət yoxdur. Həmçinin Azərbaycan Respublikasında prezident seçkiləri ilə parlament seçkilərinin keçirilmə zamanları arasında 2 il fərq var.
Prezidentin növbəti prezident seçkilərini təyin etməsi isə hakimiyyət bölgüsü prinsipini daha da pozur. Çünki dövlət başçısı və icra hakimiyyətinin başçısı funksiyasını yerinə yetirən, eləcə də yeni təklif edilən dəyişikliklərə əsasən, parlamentin də asılı vəziyyətə düşdüyü şəxsin seçilməsi zamanını, şəraitini müəyyən etmə haqqı prezidentə verilir.
  1. Aşağıdakı məzmunda 103-1-ci maddə əlavə edilsin:
“Maddə 103-1. Azərbaycan Respublikasının vitse-prezidentləri
  1. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti və vitse-prezidentləri Azərbaycan Respublikasının Prezidenti tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilirlər.
  2. Azərbaycan Respublikasının vitse-prezidenti vəzifəsinə seçkilərdə iştirak etmək hüququna malik olan, ali təhsilli, başqa dövlətlər qarşısında öhdəliyi olmayan Azərbaycan Respublikasının vətəndaşı təyin edilir.”.
  3. 105-ci maddədə:
23.1. I hissənin birinci cümləsində “üç ay ərzində” sözləri “60 gün müddətində” sözləri ilə, ikinci cümləsində “Baş naziri” sözləri “Birinci vitse-prezidenti” sözləri ilə əvəz edilsin;
23.2. II hissədə “Baş naziri” sözləri “Birinci vitse-prezidenti” sözləri ilə, “səlahiyyətlərini Azərbaycan Respublikası Milli Məclisinin sədri” sözləri “müəyyən etdiyi ardıcıllıqla Azərbaycan Respublikasının vitse-prezidenti Birinci vitse-prezident statusu almış olur və Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini” sözləri ilə əvəz edilsin;
23.3. III hissə aşağıdakı redaksiyada verilsin:
“III. Bu maddənin II hissəsində göstərilən səbəblərə görə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin icra etməsi mümkün olmadıqda, Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini Azərbaycan Respublikasının Baş naziri icra edir.”;
23.4. aşağıdakı məzmunda IV hissə əlavə edilsin:
“IV. Bu maddənin II hissəsində göstərilən səbəblərə görə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini Azərbaycan Respublikasının Baş nazirinin icra etməsi mümkün olmadıqda, Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini Azərbaycan Respublikası Milli Məclisinin sədri icra edir. Həmin səbəblərə görə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini Azərbaycan Respublikası Milli Məclisinin sədrinin icra etməsi mümkün olmadıqda, Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərinin başqa vəzifəli şəxs tərəfindən icrası haqqında qərar qəbul edir.”.
  1. Aşağıdakı məzmunda 106-1-ci maddə əlavə edilsin:
“Maddə 106-1. Azərbaycan Respublikası vitse-prezidentlərinin toxunulmazlığı
  1. Səlahiyyət müddəti ərzində Azərbaycan Respublikasının vitse-prezidentinin şəxsiyyəti toxunulmazdır.
  2. Azərbaycan Respublikasının vitse-prezidenti cinayət başında yaxalanma hallarından başqa tutula bilməz, cinayət məsuliyyətinə cəlb edilə bilməz, onun barəsində məhkəmə qaydasında inzibati tənbeh tədbirləri tətbiq edilə bilməz, axtarışa məruz qala bilməz, şəxsi müayinə edilə bilməz.
III. Azərbaycan Respublikasının vitse-prezidenti cinayət başında yaxalanarsa, tutula bilər. Belə olduqda onu tutan orqan bu barədə dərhal Azərbaycan Respublikasının Baş prokuroruna xəbər verməlidir.
  1. Azərbaycan Respublikasının vitse-prezidentinin toxunulmazlığına yalnız Azərbaycan Respublikası Baş prokurorunun təqdimatına əsasən Azərbaycan Respublikası Prezidenti tərəfindən xitam verilə bilər.”.
  2. Aşağıdakı məzmunda 108-1-ci maddə əlavə edilsin:
“Maddə 108-1. Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin təminatı

konstitusiya məhkəməsi

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti və onun ailəsi dövlət hesabına təmin edilir. Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin və onun ailəsinin təhlükəsizliyini xüsusi mühafizə xidmətləri təmin edir.”.
  1. Aşağıdakı məzmunda 110-1-ci maddə əlavə edilsin:
“Maddə 110-1. Dövlətlərarası və hökumətlərarası beynəlxalq müqavilələr bağlamaq hüququnun verilməsi
Azərbaycan Respublikasının Prezidenti dövlətlərarası və hökumətlərarası beynəlxalq müqavilələr bağlamaq hüququnu vitse-prezidentə, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin üzvlərinə və Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi digər şəxslərə verə bilər.”.
Vitse-prezident vəzifəsi ilk dəfə ABŞ Konstitusiyası ilə təsis olunub. ABŞ-da vitse-prezidentin vəzifəsi prezident vəzifədən getdikdə onu əvəz etməkdir. Prezidenti əvəz edə bildiyinə görə də vitse-prezident ABŞ-da prezident kimi, onunla bərabər seçilir – yəni ümumi səsvermə ilə. Azərbaycan Respublikası Konstitusiyasına təklif edilən son əlavə və dəyişikliklər layihəsində isə vitse-prezidentin vəzifəsi ABŞ-da olduğu kimi qeyd edilsə də, onun prezident tərəfindən birbaşa və təkbaşına təyin edilməsi vurğulanıb. Düzdür, prezident öz səlahiyyətlərini icra edə bilmədikdə, 60 gün müddətinə seçki keçirilməlidir (hazırda bu müddət 3 aydır), lakin müddətindən asılı olmayaraq, prezidentin səlahiyyətlərini icra etmək səlahiyyəti birinci dərəcəli olan vəzifənin seçkili olması daha məntiqlidir.
Prezident vəzifədən getdikdə, onu əvəz edəcək şəxslərin ardıcıllığı yeni dəyişikliklər təklifində belə müəyyən edilib: Birinci vitse-prezident – Baş nazir – Milli Məclisin sədri – Azərbaycan Respublikasının Milli Məclisinin müəyyən etdiyi başqa vəzifəli şəxs. Göründüyü kimi nə burada, nə də digər təklif edilən müddəalarda birinci vitse-prezidentdən başqa digər vitse-prezidentlərin səlahiyyətlərinin nədən ibarət olması qeyd edilməyib. Konstitusion səviyyədə təsis edilmiş vəzifənin səlahiyyətləri heç olmasa, ilkin olaraq Konstitusiyada qeyd edilməlidir. Əks təqdirdə bu, Konstitusiyanın bu vəzifələrin səlahiyyətləri sahəsində prezidentə verdiyi hüdudsuz hakimiyyət olacaq.
  1. 121-ci maddənin mətni aşağıdakı redaksiyada verilsin:
“Azərbaycan Respublikasının Baş naziri, Baş nazirin müavini, nazir, digər mərkəzi icra hakimiyyəti orqanı rəhbəri vəzifəsinə seçkilərdə iştirak etmək hüququna malik olan, ali təhsilli, başqa dövlətlər qarşısında öhdəliyi olmayan Azərbaycan Respublikasının vətəndaşı təyin edilir.”.
  1. 126-cı maddənin I hissəsində “Yaşı 30-dan aşağı olmayan, seçkilərdə” sözləri “Seçkilərdə” sözü ilə əvəz edilsin.
Yaş məhdudiyyətinin aradan qaldırılması barədə rəyimi 100-cü maddəyə təklif edilən əlavə və dəyişikliklər barədə qeyd edəndə yazmışam.
  1. Aşağıdakı məzmunda 146-1-ci maddə əlavə edilsin:
“Maddə 146-1. Bələdiyyələrin məsuliyyəti
Bələdiyyələr, bələdiyyə qulluqçuları ilə birlikdə, bələdiyyə qulluqçularının qanuna zidd hərəkətləri və hərəkətsizliyi nəticəsində insan hüquq və azadlıqlarına dəymiş ziyana görə və onların təminatının pozulmasına görə mülki məsuliyyət daşıyırlar.”.
Dövlət orqanlarının və qulluqçularının yalnız mülki məsuliyyət daşıması barədə barədə rəyimi 68-ci maddəyə təklif edilən əlavə və dəyişikliklər barədə qeyd edəndə yazmışam.