Konstitusiya Məhkəməsi referendum aktına müsbət rəy verdi

Azərbaycan Konstitusiya Məhkəməsi Plenumunun bu gün keçirilən iclasında Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən Konstitusiyaya təklif edilən dəyişikliklərin Azərbaycan Konstitusiyasının tələblərinə uyğunluğu barədə əsaslandırılmış rəy verilib.
Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev “Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Qərarını oxuyub.
F.Abdullayev bildirib ki, təklif edilən dəyişikliklər Azərbaycan Konstitusiyasının müddəalarına zidd deyil və ümumxalq səsverməsinə çıxarıla bilər.
Xatırladaq ki, iyulun 18-də Azərbaycan Respublikası Prezidenti tərəfindən Azərbaycan Respublikası Konstitusiyasının 153-cü maddəsi əsas tutularaq, “Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Referendum Aktının layihəsi Konstitusiya Məhkəməsinə rəy verilməsi üçün təqdim edilmişdi.
Konstitusiya Məhkəməsinə göndərilən Referendum Aktı layihəsində Azərbaycanda birinci vitse-prezident və vitse-prezident postlarının yaradılması, prezidentin səlahiyyət müddətinin 5 ildən 7 ilə artırılması, prezidentə Milli Məclisi buraxmaq və növbədənkənar prezident seçkilərinin elan edilməsi səlahiyyətinin verilməsi, prezident seçkilərində yaş məhdudiyyətinin aradan qaldırılması, parlament seçkilərində iştirak üçün yaş həddinin 25-dən 18-ə endirilməsi nəzərdə tutulur.