Kütləvi patriarxal düşüncə

Xurşud Yusifova
Bu yaxınlarda Meydan TV-də Ruzbeh Gülümovun yazdığı məqalənin hədəfi olduğu cinsin mənsubu olaraq, bir qədər gec də olsa cavab yazmaq qərarına gəldim. Bu məqalədən sonra həm də ölkəmizdə qadın hüquqlarının pozulması haqda yazmaq istəyirəm.
Bəlkə də indiyə qədər oxuduğum ən primitiv, seksist və savadsız yazılardan biri idi. Ölkəmizdə olan gerici patriarxal düşüncə bu cür tiplərin yaranmasında əsas rol oynayır.
Ümmumiyyətlə, qadına əşya kimi baxan kişilərə kişi deməyim də gəlmir. Müəllif və onun kimi düşünənlər anlamaq istəmirlər ki, qadının hansı şeiri və ya kitabı oxuması, pırpızbaş və ya qaşı alınmış oğlanla görüşməsi,  ayağı ayağının üstündə şəkil çəkdirməsi, hansı geyim mağazasında neçə saat keçirməsi onun öz işidir.
Bu düşüncənin daşıyıcısı olanlar tərəfindən qadınların qınaq obyektinə çevrilməsi sanki qanun halını alıb və güya belə də olmalıdır, bir çoxları üçün belə düşüncə normallaşıb, onlar buna vərdiş ediblər, ata-analarından bunu görüblər.
Uşaqlıqdan individuallığı məhv edən bu “qanunlarla” böyümüş, beyinləri repressiyaya məruz qalmış qadınlar tabe olurlar, zamanla özlərinə qarşı tam laqeyd olurlar. Beləliklə, hüquq və azadlıqları məhdudlaşdıran, kişiləri üstün tutan bu yazılmamış repressiv “qanunlar” qadınların laqeydliyi sayəsində möhkəmlənə bilib və dövrümüzdə də aktualdırlar.
Görəsən niyə qadınlar daha çox konformizmə üstünlük verir, əks cins tərəfindən təyziq gördükdə müstəqil qərar verməkdən qaçır və beləliklə də problemlərin əsasını qoyurlar? Öz halını qismən və ya tam dərk etmiş bir çox qadın ölkəmizdə azad olmalarını arzu edirlər, lakin müxtəlif maneələri aşa bilmirlər.
Bu maneənin əsası isə bizim ölkədə əksər qadınların kollektivist patriarxal düşüncədən azad ola bilməmələri, əksəriyyətinin iqtisadi cəhətdən kişilərdən asılılığı, öz haqq və hüquqları barədə məlumatsızlıqlarıdır. Bir feminist olaraq bu yazını heç də qadınları qınamaq üçün yazmamışam, amma hər bir şəxsin saydığım baryerləri aşmağa cəhd etməsi önəmlidir, qadınların emansipasiyasının əsası bundadır.
Bəs ölkəmizdə feminizm nə yerdədir?
Bu sualı özümə verirdikdə hər dəfə daha da çox təəsüflənirəm. Çünki  ölkədə bir çox insan (hətta özünü proqressiv hesab edən!) hələ də feministləri “kişi düşməni” kimi tanıyır və ya feminizm sözünün mahiyyətinə varmadan və tarixi biliklərə əsaslanmadan nəticə çıxarır.
Feministləri ittiham edən də az görməmişəm. Feministləri ittiham edən və qadın hüquqlarını pozan hər bir kəs bilməlidir ki, feminizmin əsasında “kişi düşmənçiliyi” yox, qadınların azadlığı və hüquqları uğrunda mübarizə, gender bərabərliyi dayanır.
Tarixə nəzər salsaq feminist fəlsəfəsinin meydana gəlməsinin əsas səbəbləri qadınlara qarşı ictimai-siyasi ədalətsizlik və hüquqlarının pozulması olub. Tarixdə Azərbaycanın qismətinə, təəsüf ki, feminist hərəkatınının etdikləri düşməyib, lakin 20-ci əsrin əvvəllərində, bolşevik inqilabına qədər qadınların hüquqlarının qorunması uğrunda, özündə feminist hərəkatının elementlərini əks etdirən küçə protestləri keçirilib.
Hal hazırda ölkəmizdə az sayda feminist var. Onların varlığı, individual mübarizəsi sevindirməyə bilməz. Cinsindən asılı olmayaraq bu sahədə mübarizəmizi davam etdirsək, birləşsək, zamanla kütləvi patriarxal düşüncə tərzini ən azından yeni yetişən nəsildə dəyişmək mümkün olacaq.
Yazı müəllifin şəxsi mövqeyini əks etdirir. Müəllifin mövqeyi Abzas.net-in mövqeyi ilə üst-üstə düşməyə bilər.