“İmtahanların pullu olması ilə bağlı Tarif Şurasına müraciət edəcəyik”

“Tələbə Qəbulu üzrə Dövlət Komissiyası bəzi imtahanların pullu olması ilə bağlı Tarif Şurasına müraciət edəcək”.
Bu sözləri Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə iyulun 15-də keçirdiyi mətbuat konfransında deyib.
“Report”un məlumatına görə M.Abbaszadə qeyd edib ki, imtahanların pullu olması iştirakçıların sayının azalmasına heç bir təsir göstərməyəcək: “Çünki bu məsələlərlə bağlı çox düşünülmüş qərarlar qəbul olunacaq. İmtahanın növlərindən asılı olaraq imtahanların qiyməti da fərqlənəcək”.
Onun sözlərinə görə, əvvəllər dövlət büdcədən TQDK-ya ildə 7 milyon manata yaxın vəsait ayrırdı, Dövlət İmtahan Mərkəzi isə dövlət tərəfindən maliyyələşdirilməyəcək. Mərkəzə verilən sifarişlərin pulunu sifarişçi özü ödəyəcək.
“Aparılan araşdırma nəticəsində məlum olub ki, SAT imtahanlarının qiyməti 100-150 manat, İELTS imtahanlarının qiyməti 225 manatdır, Tükiyənin ali məktəblərinə imtahanların qiyməti 50-60 dollardır”.
M.Abbaszadə deyib ki, hazırda TQDK-nın işçiləri dövlət qulluqçularının aldığı maaş qədər məvacib alırlar: “Amma Dövlət İmtahan Mərkəzi qeydiyyata alındıqdan sonra dövlət bizim işçilərə maaş verməyəcək. Bu ilin sonuna qədər TQDK-nın dövlət tərəfindən maliyyələşdirilməsi həyata keçiriləcək. 2017-ci ilin yanvarın 1-dən isə dövlət bizim işçilərə maaş verməyəcək. Bizə sadəcə 1 milyon pul ödəniləcək və bununla Dövlət İmtahan Mərkəzi fəaliyyətə başlayacaq”.
Sonda M.Abbaszadə bildirib ki, müəyyən adamlar TQDK-nı günahlandırmaq üçün fürsət gözləyirlər və son zamanlar komissiya ilə bağlı deyilənlər bunun tərkib hissəsidir.