Mijatović Azərbaycandakı jurnalistlərə təzyiqlərdən danışdı

“Biz jurnalist Xədicə İsmayılın həbsdən buraxılmasından məmnunuq. Ancaq təəssüf ki, onun ölkədən çıxışına əngəllər var. Bunun nəticəsində o, bizim konfransa da qatıla bilməyib”.
“Azadlıq” radisonun verdiyi məlumata görə, bu sözləri ATƏT-in media azadlığı ofisinin rəhbəri Dunja Mijatović Gürcüstan paytaxtı Tbilisidə keçirilən 13-cü Cənubi Qafqaz Media Konfransının açılış mərasimində deyib.
D.Mijatović Cənubi Qafqazda və özəlliklə Azərbaycanda medianın durumuna toxunaraq, problemləri sadalayıb. Onun deməsinə görə, jurnalistlərin uydurma, təşkil edilmiş eyni ittihamlarla həbsi narahatlıq doğurur.
“Təəssüflər olsun ki, xeyli belə hallar hələ də var. Belə ittihamlara məruz qalan həmin jurnalistlər ictimaiyyətə doğru bilgiləri, həqiqətləri çatdırırlar. Hökumətlər onların səsini kəsmək, susdurmaq üçün belə addımlara əl atır”, – D.Mijatović deyib.
O, jurnalistlərə qarşı fiziki, psixoloji basqıların olmasından danışıb. D.Mijatović-in düşüncəsinə görə, ən pisi odur ki, həmin basqı halları araşdırılmamış qalıb.
ATƏT-in media azadlığı ofisinin rəhbəri çıxışının sonunda hökumətləri jurnalistlərə qarşı pozuntuları, basqı olaylarını araşdırmağa, medianın fəaliyyətinə əlverişli ortam yaratmağa çağırıb. “Bunlarsız demokratik inkişaf mümkün deyil”, – deyə D.Mijatović vurğulayıb.

 

Əvvəlki məqaləAvropa Məhkəməsi Azərbaycanla bağlı daha 18 qərar elan edəcək
Növbəti məqalədəVəkili Qiyas İbrahimovla görüşüb