Milli Şura prezidentin referendum təşəbbüsünün əleyhinədir

Demokratik Qüvvələrin  Milli Şurasının Koordinasiya Şurası (KŞ) iyulun 19-da özünün ekstern iclasında prezident İlham Əliyevin səlahiyyətlərinin genişləndirilməsilə bağlı referendumun keçirilməsi barədə dövlət başçısının təşəbbüsündən ciddi narahatlığını bildirib.
KŞ üzvlərinin fikrincə, Konstitusiyaya düzəlişlər faktiki olaraq hakimiyyətin qəsb edilməsinə və dövlətin demokratik institutlarının daha da zəifləməsinə aparır.
Bununla bağlı xüsusi bəyanatla çıxış etmək barədə qərar qəbul olunub.
KŞ həmçinin bir sıra aktual məsələləri, o cümlədən Azərbaycan Xalq Cəbhəsi Partiyası sədrinin müavini Fuad Qəhrəmanlının və Taleh Bağırzadənin rəhbərliyi ilə “Müsəlman Birliyi” təşkilatının üzvlərinin məhkəmə prosesini müzakirə edib.
KŞ hesab edir ki, məhkəmə dinləmələrinin qapalı keçirilməsi prosesin qərəzli olmasından xəbər verir və irəli sürülən ittihamları şübhə altına alır.
KŞ ANS telekanalının yayımının dayandırılması ilə bağlı ciddi narahatlığını bildirib və telekanalın öz fəaliyyətində daha çox hökumətyönlü mövqe tutmasına baxmayaraq, hakimiyyətin bu hərəkətini söz azadlığına təzyiq kimi qiymətləndirib.