Mirşahin: “Ümid edirəm haqq-ədalət tezliklə öz yerini tapacaq”

Xəbər verdiyimiz kimi, bu gün Bakı Apellyasiya Məhkəməsində Milli Televiziya və Radio Şurasının ANS Müstəqil Yayım və Media Şirkətinin lisenziyasının ləğv edilməsi ilə bağlı şikayətə baxılıb. MTRŞ-nin müraciəti məhkəmə tərəfindən qəbul edilib və ANS-in fəaliyyətinin dayandırılması ilə bağlı qərar verilib.
Məhkəmədən sonra ANS Şirkətlər Qrupunun vitse-prezidenti Mirşahin Ağayev qərar barədə AzadlıqRadiosuna açıqlama verib: “Bu gün məhkəmə olub. Məhkəmədə ANS Müstəqil Yayım və Media Şirkətinin lisenziyasına xitam verilməsi barədə qərar qəbul olunub. Şikayətimizin əsas səbəblərindən də biri odur ki, bugün baş tutan məhkəmə prosesində də məlum reportajla bağlı heç bir anonsun verilmədiyi etiraf edilib. Ona görə də ümid edirəm ki, tezliklə haqq-ədalət öz yerini tapacaq”.
Vitse-prezident əlavə edib ki, onlar Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə razı deyillər və qərardan digər instansiyalara şikayət edəcəklər.