Münhendə silahlı hücum edən şəxsin kimliyi məlum olub

Xəbər verdiyimiz kimi Almaniyanın Münhen şəhərində alış-veriş mərkəzinə edilən silahlı hücum nəticəsində 10 nəfər ölüb, 3-ü ağır olmaqla 21 nəfər isə yaralanıb.
Hadisə baş verdikdən dərhal sonra polis tərəfindən hücumu həyata keçirən şəxsin ələ keçirilməsi üçün əməliyyata başlanılıb. Münhen şəhər təhlükəsizlik müdiri Hubertus Andrae hadisə ilə bağlı keçirdiyi mətbuat konfransında yerli vaxt ilə 20:30-da ticarət mərkəzinin yaxınlığında intihar edən bir nəfərin cəsədinin tapıldığını söyləyib.
H.Andrae daha sonra bildirib ki, kamera görüntülərini incələdikdən və şahidləri dinlədikdən sonra həmin şəxsin hadisəni törədən 18 yaşlı İran əsilli alman olduğu aşkarlanıb.
“Olympia Einkaufszentrum” ticarət mərkəzində baş verən hadisəni terror olayı kimi qələmə verməyin hələ tez olduğunu bildirən Andrae, 2 min 300 nəfər polisin araşdırmalara və əməliyyat proseslərinə davam etdiyini, digər şübhəli şəxslərin axtarıldığını deyib.