Q.İbadoğlu Mədən Sənayesində Şəffaflıq Koalisiyasının əlaqələndiricisi seçilib

İyulun 1-də ictimai birliklərin “Mədən Sənayesində Şəffaflığın Artırılması” Koalisiyasının 157-ci şura iclası keçirilib. İclasda 11 Şura üzvündən 11-i iştirak edib.
Contact xəbər portalının xəbərinə görə, iclasda Şura üzvü, Sahibkarlığın İnkişafına və Azad İqtisadiyyata Yardım Fondunun rəhbəri Sabit Bağırovun təklif etdiyi şuranın gələcək fəaliyyəti ilə bağlı bəyanat layihəsi müzakirə olunub.
Bəyanatda qeyd olunur ki, Koalisiyanın yeni seçilmiş Şurası öz fəaliyyətini MSŞT çərçivəsində quraraq bu zaman vətəndaş cəmiyyyəti protokolunu əsas götürəcək və eyni zamanda fəaliyyət göstrərərkən siyasi hakimiyyətdən və müxalifətdən eyni məsafədə dayanacaq.
Həmçinin, İqtisadi Araşdırmalar Mərkəzinin həmtəsisçisi Qubad İbadoğlunun “Mədən Sənayesində Şəffaflıq Təşəbbüsü” (EİTİ) beynəlxalq idarə heyətinin iyunun 1-2-də Osloda keçirilmiş iclasının yekunları haqqında məlumatı dinlənilib.
İdarə heyəti EİTİ üzvü olan 15 ölkədə, o cümlədən Azərbaycanda qiymətləndirmə aparılması haqqında qərar qəbul edib. Bununla əlaqədar olaraq iyulun 4-8-də EİTİ beynəlxalq katibliyinin rəsmi missiyası Bakıya gələcək.
İdarə heyətinin növbəti iclası oktyabrın 25-26-da Astanada keçiriləcək və həmin iclasda ölkələrdəki qiymətləndirmələrin yekunları üzrə hesabatlar müzakirə olunacaq.
Xatırladaq ki, 2015-ci ilin aprelində vətəndaş cəmiyyəti institutlarına təzyiqlə əlaqədar Azərbaycanın EİTİ-dəki statusu qurumun üzvlüyündən namizəd ölkəyə endirilib.
İclasda həmçinin vəziyyətin düzəldilməsi üzrə plan qəbul edilib. EİTİ beynəlxalq katibliyinin missiya üzvləri qarşıda duran səfər çərçivəsində iyulun 7-də QHT Koalisiyasının Şurası ilə sözügedən planın həyata keçirilməsi məsələsini müzakirə edəcəklər.
İclasda həmçinin Şura əlaqələndiricisi seçkiləri keçirilib. İbadoğlunun və Bağırovun namizədliyi irəli sürülmüşdü. Səs çoxluğu ilə İbadoğlu əlaqələndirici seçilib.