Qırğızıstan hökuməti Türkiyəyə rədd cavabı verdi

Qırğızıstan Xarici İşlər Nazirliyi (XİN) Türkiyə hökumətinin bu ölkədə fəaliyyət göstərən və Fətullah Gülənə bağlı olduğu bildirilən özəl təhsil müəssisələrinin fəaliyyəti ilə bağlı müraciətinə rədd cavabı verib.
Bu haqda məlumat iyulun 25-də Qırğızıstan XİN-nin rəsmi saytında dərc olunub. Bəyanatda deyilir:
“Biz, Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlunun Qırğızıstanda faəliyyət göstərən müvafiq təhsil müəssisələri ilə bağlı bəyanatını diqqətlə öyrəndik. Türkiyə Respublikası – Qırğızıstan üçün qardaş ölkədir, bizim xalqarın tarixən şərtlənmiş sıx əlaqələri olub. Biz Türkiyə rəsmilərinin narahatlığına anlayışla yanaşırıq. Ancaq bununla yanaşı xatırlatmaq istərdik ki, Qırğızıstan hər şeydən əvvəl müstəqil, suveren dövlətdir, nəyin pis, nəyin yaxşı olmasını anlamaq və qərar verməyə özü qadirdir. Hansısa ölkənin xarici işlər nazirinin başqa bir ölkəyə hansısa tədbirləri görmək zəruriliyi barədə göstəriş verməsi, özü də ultimatum və şantaj dili ilə, bu ən azından qeyri-korrekt hərəkətdir”.
XİN bildirib ki, Qırğızıstan hökuməti ehtiyac olduğu təqdirdə müraciətlə bağlı adekvat ölçülər götürəcək: “Müəyyən olunmuş hüquqi normalar, vəzifələr və başqa məsələlər var. Vurğulayaraq deyirik ki, bütün bu sadaladıqlarımız bizim ölkənin daxili işləridir”.

 

Əvvəlki məqaləBanklar BOKT-a çevriləndə: nə itirir, nə qazanırlar?
Növbəti məqalədəQurban Bayramında neçə gün iş olmayacaq?