ReAl-ın təşviqat qrupu yaratmağına imkan verilmir

“Respublikaçı Alternativ” (ReAl) hərəkatı Konstitusiyaya dəyişikliklər üzrə referendumda təşviqat qrupu yaradılmasına maneələr törədildiyini bildirib.
ReAl-ın İdarə Heyətinin üzvü Erkin Qədirlinin Turan-a verdiyi məlumata görə, bu gün səhər MSK-da nümayəndələrə bildiriş verməkdən imtina ediblər. Bu sənədlər bütün ölkə üzrə 40 min imza toplamaq və təşviqat qrupunu qeydiyyatdan keçirmək üçün lazım olan blankları almaq məqsədilə 2 min seçici imzası toplamaq üçün lazımdır.
MSK-dan ReAl nümayəndələrinə günün ikinci yarısında gəlməyi təklif ediblər, amma bu dəfə onlara deyiblər ki, bildirişlər dairə seçki komissiyalarına paylanıb.
Erkin qədirli
Erkin Qədirli
Bir sıra DSK-da bildiriş verməkdən imtina ediblər, bəzilərində isə bildirişləri hələ almadıqlarını deyiblər.
MSK-nın saytında da bildiriş yerləşdirilməyib. “Belə anladıq ki, işi uzadırlar ki, imza toplamağa vaxt az qalsın. Qanuni müddət artıq başlayıb, amma biz işimizə başlaya bilmirik”, deyə Qədirli bildirib.
İmza vərəqələrinin təhvil verilməsi müddəti avqustun 22-də başa çatır.
ReAl hərəkatı Konstitusiyaya dövlət başçısı tərəfindən təklif edilmiş düzəlişlərin əleyhinə təşviqat aparmaq niyyətindədir.
Xatırladaq ki, referendum sentyabrın 26-na təyin edilib. Konstitusiyaya düzəlişlər prezidentin səlahiyyətlərinin genişləndirilməsini, ona parlamenti buraxmaq hüququ verilməsini, birinci vitse-prezident və vitse-prezidentlərin təyin edilməsini nəzərdə tutur. Bundan başqa, prezidentin səlahiyyət müddəti 5 ildən 7 ilə qədər uzadılır.