Şəriət, yoxsa demokratiya?! – Emin Tağıyev

Emin Tağıyev
Dünya mediası Türkiyədəki hərbi çevriliş cəhdi şousundan sonra, ölkədə İran bənzəri bir “İslam Diktatorluğu” qurulması ehtimalını müzakirə edir.
Mən bu müzakirələrin artıq özünü doğrultduğu qənaətindəyəm. Və 1979-cu ildə İranda şah Məhəmməd Rza Pəhləvinin devrilməsi ilə nəticələn İran inqilabını sizə xatırlatmaq istəyirəm.
Detalları bir kənara qoysaq, İrandakı çevrilişi çox kobud xətləriylə belə yekunlaşdırmaq mümkündür:
1. Əvvəl mollaların öndərliyində, kommunistlər və liberallar “azadlıq” və “demokratiya” döyüşü üçün birləşdi.
2. Başda ABŞ olmaqla, qərb ölkələri şah devrildikdən sonra, iqtidar kommunistlərin əlinə keçməsin deyə Xomeyniyə “dəstək” verdi.
3. Şah devrilincə mollalar iqtidarı müvəqqəti olaraq kommunistlərlə bölüşdü.
4. Məhkəmələrə əl qoyuldu. Məhkəmə sistemi mollaların nəzarətinə keçdi.
5. Generallar edam edildi, yerlərinə polis şefləri gətirildi. Və beləcə ordu da mollaların nəzarətinə keçdi
6. İşçi komitələrinə mollalar sızdı . Sol hərəkat və təşkilatlanmalar gücsüzləşdirildi.
7. Referendum keçirildi. Xalqın səsverməsi ilə “demokratik bir şəkildə” İran İslam Respublikası, yəni şəriət rejimi quruldu.
8. Ortaya çıxan xaosdan faydalanılaraq mollalar qarşıdakı bütün müxalif qüvvələri sıradan çıxardılar. Kommunist Tudeh Partiyasında “təmizliklər” edildi. Kommunistlər küçələrdən toplandı və minlərlə insan edam edildi.
9. İran təcrübəsindən çıxan nəticə: “Azadlıq” və “Demokratiya” adına, islamçıların öndərliyində, qərbin dəstəyi ilə dövlət əvvəl çökdürüldü və sonra yenisi quruldu… Yeni qurulan şəriət dövləti isə heç kimə nəfəs belə aldırmadı.
İran hadisələri sonda şahın avtoritar diktatorluğundan, Xomeyninin totalitar diktatorluğuna keçidlə nəticələndi.
Bunun müqabilində Türkiyənin pis yaxşı 70 illik bir demokratiya təcrübəsi yaşadığını və bu təcrübəni davam etdirmək üçün böyük bədəllər ödədiyini bilirik .
Amma son hərbi çevriliş şousunun, bir islami təşkilatlanma tərəfindən, parlament rejimi gözləməyə aldığını elan edən, yenə islami ideologiya qaynaqlı bir iqtidara qarşı edildiyini… Meydanları dolduran izdihamların “demokratiya qoruyucularının”, siyasi islam şüarları ilə soyunduğunu… Siyasi İslamdan demokratik rejim çıxmayacağını… Türkiyə Respublikasının, qanla, döyüşlər qazanılaraq imzalanan Lozanna müqaviləsi ilə qurulduğunu unutmayaq.
Yazı müəllifin şəxsi mövqeyini əks etdirir. Müəllifin mövqeyi Abzas.net-in mövqeyi ilə üst-üstə düşməyə bilər.

 

MƏNBƏAbzas.net
Əvvəlki məqaləMətbuat Günü baş redaktor “Bandotdel”ə çağırılıb
Növbəti məqalədəTrump-ın prezidentliyə namizədliyi rəsmiləşdi