“Avropa Məhkəməsinin dünənki qərarlarının bu günki əks-sədası”

İnsan haqları pozuntularını, Avropa İnsan Haqları Məhkəməsində müxalif fəalların, siyasətçilərin şikayətlərini müdafiə edən vəkillərdən biri Əsabəli Mustafayevə qarşı təzyiqlər başlayıb. Bu barədə tanınmış vəkil sosial şəbəkədə məlumat yayıb.
Əsabəli Mustafayev təzyiqlərin Avropa Məhkəməsində Azərbaycanla bağlı son vaxtlar çıxan çox sayda qərardan sonra başladığını qeyd edib və açıqlamasını “Avropa Məhkəməsinin dünənki qərarlarının bu günki əks-sədası” başlığı ilə paylaşıb.
“Bir qədər bundan əvvəl teleqram ilə məni məhkəməyə dəvət etdilər. Məlum oldu ki, vergi idarəsi məhkəməyə təqdimat verib ki, mənim xaricə çıxışıma qadağa qoyulsun. Dedim ki, olmayan hüquqa necə qadağa qoymaq olar. Artıq iki ildir ki, baş prokurorluğun qadağası sahəsində ölkədən çıxa bilmirəm”.
Vəkil əlavə edib ki, Vergilər Nazirliyi ondan 8000 manata yaxın əlavə vergi tələb edir. Guya rəhbərlik etdiyi QHT 2-3 qrantı qeydiyyatdan keçirməyib.
“Halbuki bu qrantların qeydiyyatdan keçməsi barədə məlumat Ədliyyə Nazirliyinin saytında yerləşdirilib (İntiqam Əliyev, Rəsul Cəfərov və digərlərin işində olduğu kimi). Mən əlavə verginin tətbiqi barədə vergilər idarəsinin bu qərarını dərhal məhkəmədə mübahisələndirmişəm. Lakin məhkəmə bu iş üzrə icraatı vergilər idarəsinin xahişi ilə bir ilə yaxındır ki, dayandırıb. Bəhanəsi də budur ki, prokurorluqda araşdırma davam edir. Beləliklə də, bir tərəfdən əlavə verginin qanuniliyinə məhkəmədə baxılmasına imkan vermir, digər tərəfdən hər ay faiz hesablayır və mənim olmayan hüququmu məhdudlaşdırmaq istəyir.
Həmçinin Ə.Mustafayev Baş Prokurorluğa qarşı iddia qaldırdığını bildirib. Amma onun araşdırmanın qanunsuz aparılması, ölkədən çıxışına qadağanın, təşkilatın və şəxsi bank hesablarına qoyulmuş həbslərin qanunsuzluğu barədə şikayətinə baxılmadığını deyir. 
“Çünki prokurorluğun nümayəndəsu prosesə gəlmir. Absurd ondadır ki, təşkilatın bank hesabında əlavə vergini ödəməyə çatacaq məbləq vardır, lakin vergi onu götürə bilmir ki, pokurorluq hesaba həbs qoyub. Pulun ödənilməsinə prokurorluq imkan vermir, cəzalanan isə mən oluram. Ən əsası isə Rəsul Cəfərov Azərbaycana qarşı iş üzrə qərarda Avropa Məhkəməsi belə əlavə vergi hesablanmasını qanunsuz sayıb. Lakin nə prokurorluq, nə məhkəmə, nə də vergi belə məsələləri nəzərə almır”.
Bu gün qeyd olunan məsələ ilə bağlı iclası keçirilməliymiş, ancaq proses iyulun 8-nə təxirə salınıb.
“Yəqin ki, vergi idarəsinin təqdimatı təmin olunacaq və mən ölkədən 2 qat çıxa bilməyəcəyəm. Sonra yəqin işıq, su, kanalizasiya və digər bu kimi idarələr də məhkəmələrdə öz tələblərini qaldıracaqlar. Ancaq heç bir faydası yoxdur” – deyə vəkil fikrini tamamlayıb.