“Toplaşmaq azadlığı hətta qapalı yerlərdə ciddi məhdudlaşdırılır”

“Azərbaycanda hətta qapalı yerlərdə toplaşmaq, müzakirə aparmaq, dəyirmi masalar keçirmək maksiumum məhdudlaşdırılıb”
“Azərbaycanda sərbəst toplaşmaq hüququnun icra vəziyyətində ciddi problemlər qalmaqda davam edir. Hökumətə bağlı olmayan müstəqil şəxslərin və qurumların hətta qapalı yerlərdə bir araya gəlib güncəl mövzularda müzakirələr aparmaq, dəyirmi masalar keçirmək, konfranslar təşkil etmək imkanları maksimum məhdudlaşdırılır”.
Bu fikirlər Sivil Toplum Platformasının açıqlamasında yer alıb. Sivil Toplum Platforması 22 iyul Milli Mətbuat günü münasibəti ilə Azərbaycan mediasının durumunu müzakirə etmək üçün Dəyirmi masa təşkil etməyə qərar vermişdi.
BMM-ə müraciət olunsa da qurumun rəhbərliyi 9 iyuldan 31 iyuladək heç bir tədbirin keçirilməsinin mümkün olmadığı bildirib və yer verməkdən imtina edib.
Bakı şəhərində fəaliyyət göstərən otellər birmənalı olaraq vətəndaş cəmiyyətinin problemlərini müzakirə etmək istəyən müstəqil tərəflərə yer verməkdən imtina edirlər. Son 1-2 ay ərzində yalnız Beynəlxalq Mətbuat Mərkəzi istisna təşkil etsə də təəssüf ki, artıq onlar da bu siyahıya qoşulub.
BMM-in üç toplantı salonu var və gün ərzində 24 saat toplantı keçirmək imkanı var. Lakin, 22 gün ərzində bir saat vaxt ayıra bilmədiyini bildirir. Bu davranışdan belə anlaşılır ki, BMM-də 22 gündə (15 iş günündə) 360 saat tədbir olacaq.
Yerin hər saatına azı 100 manat tələb edən BMM, əgər 360 saat tədbir keçirirsə, o zaman onun 22 günlük gəliri 36 min manat olacaq. Öz məntiqləri ilə illik gəlirləri yarım milyon manat edən bu qurum, ildə azı 30 min manat vergi verməlidir. Maraqlıdır, bu qurum iyul ayında nə qədər vergi ödəyəcək?
“BMM-in sahibliyinin rəsmi şəxslərə yaxınlığını nəzərə aldıqda bu davranışın sifarişli olması, rəsmi tərəflərin alternativ düşüncə platformalarına qarşı dözümsüzlüyü, habelə ölkədə təməl hüquq və azadlıqların həyata keçirilməsinin önlənməsi cəhdi kimi görünür” – deyə açıqlamada bildirilir.
Həmçinin, Sivil Toplum Platforması vətəndaş cəmiyyəti qurumlarına, müstəqil mediaya, müstəqil ekspertlərə qarşı bu tip ayrı-seçkiliyi kəskin pisləyir və bu davranışlardan rəsmiləri imtina etməyə, hüquq və azadlıqlara hörmətlə yanaşmağa çağırır.