Ukraynada məhşur jurnalist qətlə yetirildi

Kiyevdə jurnalist  Pavel  Şeremet idarə etdiyi avtomobilin partladılması nəticəsində həlak olub.
İyulun 20-də məhşur jurnalist Pavel Şeremet səhər saatlarında aparıcısı olduğu “Vesti” radiosuna  işə gedərkən idarə etdiyi  avtomobildə quraşdırılan bombanın partlaması nəticəsində həlak olub. Şeremetin idarə etdiyini avtomobilin həmkarı, “Ukrainskaya Pravda” qəzetinin sahibi Alyona Pritulaya məxsus olduğu bildirilir.
Ukrayna prezidenti Viktor Poroşenko hadisəni “böyük planın bir parçası” olaraq dəyərləndirib.
“Biz ölkədə ikinci cəbhənin açılmasına qətiyyən imkan verməyəcəyik. Mən bu hadisədə xarici qüvvələrin əlinin olmasının istisna etmirəm. Bu hadisənin məqsədi ölkədə mümkün qədər stabilliyi pozmaq və qarışıqlıq salmaqdır” deyə bildirib.
Rusiya prezidentinin mətbuat katibi Dmitriy Peskov isə hadisəyə münasibətində, Ukraynada hər bir rus vətəndaşı və jurnalistinin öldürülməsi Kremldə böyük narahatçılığa səbəb olduğunu bildirdi.
1971-ci ildə Belorusiyanın paytaxtı Minskdə doğulan Pavel  Şeremet, jurnalistikaya 1992-ci ildə başlamışdır. Belorus hökümətini sərt tənqid edən Şeremet 1997-ci ildə 2 il müddətinə həbsə məhkum edilsə də 1 illik həbsdən sonra azadlığa çıxmışdı.
1998-ci ildən peşə fəaliyyətini Rusiyada davam edən jurnalist Rusiyanın “REN TV”  və “Birinci” kanallarında aparıcılıq etməklə yanaşı  məhşur “Oqonyok” jurnalında da redaktor vəzifəsində çalışmışdır.
Pavel  Şeremet 2014-cü ildə Rusiyanın Krımı işğal etməyinə etiraz əlaməti olaraq Ukraynaya köçmüş və jurnalistika fəaliyyətinə orada davam etdirmişdir