Vətəndaş cəmiyyətinin vəziyyəti pisləşməkdə davam edir

2014-cü ildə Azərbaycanda vətəndaş cəmiyyətinə qarşı başlamış misli görünməmiş repressiyalar 2015-ci ildə daha da güclənib. Hökumət tənqidi səsləri cinayət işlərinin açılması, dindirmələr, cərimələr, axtarışlar, ölkədən çıxma qadağaları və bank hesablarına qoyulan həbslərlə də boğub.
Bütün bunlar haqqında bu gün dərc edilmiş USAID (ABŞ Beynəlxalq İnkişaf Agentliyi) tərəfindən ekspert sorğusu əsasında hazırlanmış “2015-ci ildə vətəndaş cəmiyyəti təsisatlarının sabit inkişaf indeksi – Azərbaycan” adlı hesabatda deyilir.
Hesabata əsasən, bir çox QHT-lər fəaliyyətlərini xeyli məhdudlaşdırmaq məcburiyyətində qalıblar, özünüsenzura tətbiq ediblər, ictimai vəkillik üzrə işləri məhdudlaşdırıblar.
Bunun nəticəsi olaraq, 2015-ci ilin aprelində beynəlxalq Mədən Sənayesində Şəffaflıq Təşəbbüsündə Azərbaycanın statusu tamhüquqlu üzvlükdən namizədə qədər azaldılıb. Vətəndaş cəmiyyəti atmosferinin pisləşməsi dünyada neft qiymətlərinin kəskin şəkildə ucuzlaşması fonunda baş verib, bu, ölkədə iqtisadi çöküşə və il ərzində milli valyutanın iki dəfə devalvasiyasına gətirib çıxarıb.
Parlament seçkiləri müxalifətin bir hissəsi tərəfindən boykot edilib, ATƏT DTİHB hökumətin tətbiq etdiyi məhdudiyyətlərlə əlaqədar seçkilərin monitorinqini aparmaqdan imtina edib.
QHT-lərin “hüquqi mühiti” reytinqi 2013-cü illə müqayisədə 7 ballıq sistem üzrə 5.6 baldan 6.4 bala qədər pisləşib. Əsas problemlər arasında QHT-lərin qeydiyyatından əsassız imtinalar təcrübəsinin davam etməsi, habelə Nazirlər Kabinetinin xarici donorların və beynəlxalq QHT nümayəndəliklərinin işini çətinləşdirən yeni qaydaları var.
   Həmçinin “təşkilati imkanlar” (5.7) və “maliyyə imkanları” (6.3) meyarları üzrə reytinq azaldılıb. Bu, bir sıra beynəlxalq qurumların ölkədən məcburi gedişi ilə bağlıdır. Xüsusən, vətəndaş cəmiyyətinə dəstək layihələri həyata keçirən ATƏT-in Bakı ofisi bağlanıb.
Həmçinin, Oxfam, Counterpart İnternational, World Vision və Save the Children Azərbaycanı məcburi tərk edib. Bir çox yerli QHT-lər qrant almağın faktiki olaraq qadağan edilməsi ilə əlaqədar vəsait olmadığına görə fəaliyyəti dayandırıblar.
Bununla belə, “ictimai vəkillik” reytinqi azalıb, 5.9 təşkil edib. Elə həmin səbəbdən QHT-lərin “ictimai xidmətlərinin həcmi azalıb, bu göstərici üzrə reytinq 5.9 təşkil edib. “İnfrastruktur” göstəricisi də pisləşib və 5.5 təşkil edib. Belə ki, maliyyə resursları məhdud olduğuna görə regional ictimai internet mərkəzləri bağlanıb. Hökumətyönlü KİV-lərin QHT-lər ətrafında yaratdığı mənfi mühit nəticəsində vətəndaş cəmiyyətinin “ictimai imic” göstəricisi də 5.7-yə qədər azalıb. Ölkədə vətəndaş cəmiyyəti təşkilatlarının ümumi sabit inkişaf indeksi 2014-cü il ilə müqayisədə bir neçə bənd pisləşərək (5.1) 2015-ci ildə 5.8 təşkil edib.

 

MƏNBƏContact
Əvvəlki məqaləTürkiyədə 3 agentlik, 16 televiziya, 23 radio, 45 qəzet bağlanıb
Növbəti məqalədə“Panama Papers” filmə çevrilir