Əli Kərimli: “Həbsə hazıram… cəbhəçiləri incitməyin” – foto-video

“Nə Tunisdə, nə Liviyada, nə də qəzəblənmiş kütlənin öz hökumətlərinə divan tutduğu ölkələrin heç birində strukturlaşmış, leqal müxalifət yox idi”
AXCP sədri Əli Kərimli Meydan TV-yə gündəmdəki mövzularla bağlı müsahibə verib. Müsahibəni təqdim edirik.
Növbəti müsahibimiz AXCP sədri Əli Kərimlidir. Hazırda partiya sədrinin müavini Fuad Qəhrəmanlı, müşaviri Məmməd İbrahim, Rəyasət Heyətinin üzvü, I Qarabağ müharibəsi əlili Asif Yusifli, partiyanın Naxçıvan şöbəsinin fəalı Zeynalabdin Bağırzadə, cəbhəçi gənclər Elvin Abdullayev, Məsud Rzalı, Qədim Bəkirov,Ceyhun İsgəndərli, partiyanın gənclər komitəsinin sabiq sədri, jurnalist Seymur Həzi,mətbuat xidmətinin rəhbəri Natiq Ədilovun qardaşı Murad Ədilov həbsdədirlər. Son 10 gündə isə sədrin köməkçisi Faiq Əmirli, Xətai Rayon Gənclər Komitəsinin sədri Fuad Əhmədli və ikinci qrup Qarabağ müharibəsi əlili İsmayıl Rəsulov həbs olunublar. Beləliklə, partiya rəhbərliyində əksər şəxslər məhbus həyatı yaşayır.AXCP sədri Əli Kərimli ilə söhbətimizi onlarn adlarını xatırlamaqla başladıq.
– Əli bəy, kimisə unutmadıq ki?
– Seymur bəy sədr müavinidir və qaynım Elnur Seyidov partiya üzvü olmasa da, mənə görə girovdur. Hazırda ətrafımdan 14 nəfər məhbus var.
– 2 gün əvvəl isə “Turan” İnformasiya Agentliyi sizin həbs olunma ehtimalı haqda məlumat yayıb. Həbsə hazırsınızmı?
– Tam. Mən bu xəbəri “Turan” -dan oxuyan kimi Facebook səhifəmdə yazdım ki, cəbhəçiləri incitməyin, məqsəd məni incitməkdirsə, “mus-mus” demək lazım deyil, “Musatafa” demək lazımdır. Gəlin, mən sizi gözləyirəm, bilirəm ki, heç bir bəhanə yoxdur, heç bir zaman qanunları pozmamışam, heç bir qanunsuz fəaliyyətlə məşğul olmamışam. Amma onsuz da necə ki, başqalarına saxta düzüb-qoşursunuz, burda da saxta bir iş düzüb-qoşa bilərsiniz. Cəbhəçilərdən əl çəkin.
– Bəs partiya necə, hazırdırmı, mərkəzdənqaçma təhlükəsi gözlənilmirmi?
– Biz də hamı kimi “Turan”-nın məlumatından sonra öyrəndik ki, hakimiyyət hələ də bu fikirdən daşınmayıb. Həm də bizdə məlumat vardı.Çünki hökumətin sifarişi ilə Eynulla Fətullayev məni bu ölkədə “baş gülənçi” elan edəndə, aydın idi ki, məni həbs etmək istəyirlər. Amma bu iş tamamilə dağıldı. İctimai rəydə sübut olundu ki, ölkədə Fətullah Gülən tərəfdarları varsa, onlar hökumətin içindədirlər. Onun kitabını çap edənlər, onun tədbirlərini keçirənlər, bunların hamısı hökumətin içindədir.
– İndi də təkzib tədbirləri keçirirlər…
– Keçirsinlər, amma bu, heç nəyi dəyişməz. 10 ildən artıq bir dövrdə həmin adamın təşkilatına Azərbaycanda qızıl şərait yaradılıb. Biz təqiblərə məruz qalanda, oturmağa ofis tapa bilməyəndə bunların yüzlərlə, minlərlə ofisləri olub. Eyni zamanda, köməkçim Faiq Əmirli və Fuad Əhmədliylə bağlı ittihamların da tamamilə saxta olduğu sübut edildi. Bilirsiniz, abır-həya yaxşı şeydir, Faiq Əmirlinin maşınının yük yerinə kitabların qoyulmasının şahidləri var. Ahıl adamdır, kamera qarşısında baş verənləri danışır. Məlum oldu ki, həmin kitabları da özləri çap ediblər, redaktor da, ön söz yazan da bunların adamlarıdır. Nəşriyyatlarında çap olunub, kitabxanalarında, kitab dükanlarında və online satışda da var. Amma mənim köməkçimi buna görə həbs edirlər. Bunlar hamısı üzə çıxandan sonra düşündük ki, tamamilə ifşa olundular. Bu qədər həyasızlıq olmaz, bu işi davam etdirməyin bir mənası yoxdur. Ancaq məlum olanda ki, bu qədər ifşa olunmuş işə baxmayaraq,  Faiq Əmirliyə yenə də o maddə üzrə ittiham elan etdilər, görürsünüz, heç kim gülmədən danışa bilmir. Hətta Faiq Əmirlini imam elan etdilər. Mən də zarafatla deyirəm ki, bunlar heç subardinasiya da başa düşmürlər, Faiq Əmirlini imam elan ediblərsə, bəs mənə hansı dini vəzifə qaldı?! Heç olmasa, məni imam elan edərdilər, onu da imamın köməkçisi. Bütün bu ittihamlar ifşa olunandan sonra hakimiyyət Faiq Əmirliyə qarşı həmin ittihamı saxladı. Ona görə “Turan”-nin məlumatını oxuyanda, düşündük ki, hakimiyyət istər-istəməz məni həbs etmək fikrindən daşınmayıb. Gələk sualınızın məğzinə, partiyanın reaksiyasına, elan edəndə ki, bu yola çıxanda hər cür məhrumiyyətləri gözə almışam, nəinki həbsə, ölümə də hazıram, amma biz mübarizəmizdən vaz keçməyəcəyik. Onda partiyadaşlarımdan çox möhtəşəm dəstək gördüm. Partiya rəhbərliyində olanların hamısı birmənalı şəkildə mövqelərini ifadə etdilər, partiya fəallarından çox ciddi dəstək gördüm və əmin oldum. Nəyə əmin oldum?Mənim həbs olunmağım partiyada heç bir demoliraziya yaratmayacaq, heç bir dağıntı olmayacaq. Əksinə, hiss etdim ki, partiyadaşlarım başa düşürlər ki, mən həbs olunaramsa, onlar birə iki işləməlidirlər. Mənim də əvəzimə işləməlidirlər, artıq o qənaət yaranıb. Bu, məni çox rahatladır, artıq bilirəm ki, partiya illərin sınağından keçib, Yazovun dağıda bilmədiyi strukturları növbəti repressiya dalğasını qarşılamağa psixoloji baxımdan hazırdır. Hətta həbslər davam edəcəyi təqdirdə də, partiya nə öz mövqeyindən geri çəkiləcək, nə də strukturları xətər görəcək. Partiya öz fəaliyyətini davam etdirəcək.

Əli Kərimli2

– Son həbslərdə və hazırda məhkəməsi gedən “Müsəlman birliyi”nin üzvlərinə verilən işgəncələrdə onlardan Milli Şura rəhbərliyinə qarşı ifadə almaq cəhdi barədə sosial şəbəkələrdə iki yanaşma var:
1. Hakimiyyət 26 sentyabr referendumunu dinc şəraitdə keçirmək istədiyindən prosesə əngəl olan AXCP-ni hədəfə alır.
2. Hakimiyyət Ankaraya hesabat verir ki, buyurun, bizdəki gülənçilər müxalifətdəymiş. Sual yaranır; həbslər referendumla bağlıdır, yoxsa hakimiyyət 15 iyul Türkiyə olaylarından sonra gülənçiləri müxalifətdə “tapdığını” Ankaraya göstərir?
– Bəlkə heç biri deyil.
– Mən bilmirəm. Sizin ehtimalınız nədir?
– Əslində, heç biri deyil. Birinci, hökumətin 26 sentyabr referendumuyla bağlı heç bir narahatlığı yoxdur. Nə olasıdır ki? Referendumu saxtalaşdırıb istədikləri rəqəmi elan edəcəklər. 15 iyulla bağlı Türkiyəyə hesabat vermək də gündəmdə yoxdur. Türkiyə elə sadəlövh dövlət deyil ki, bu ölkədə Fətullah Gülənin tərəfdarlarının kim olduğunu, yaxud Əli Kərimlinin siyasi mövqeyinin nədən ibarət olduğunu bilməsin. Əli Kərimli həmin gecə Türkiyə xaricində olan siyasətçilərin içində ən birinci qanuni hakimiyyətə dəstək verib, hansı ki, Azərbaycanın dövlət başçısı 15 saat susdu. Həmin günlərdə 3-4 yazıyla Türkiyənin qanuni hakimiyyətini dəstəkləyibsə, indi necə Əli Kərimlini Türkiyə hakimiyyətinə “gülənçi” kimi təqdim etmək olar? Qəti əminəm ki, Türkiyə hakimiyyəti belə sadəlövh deyil və bu, qəbul olunmaz. Ola bilsin ki, Azərbaycan hakimiyyəti mənimlə öz daxili haqq-hesabını çəkmək üçün həbsə əl atsın. Ankaranın buna susa biləcəyini də istisna etmirəm. Bilə-bilə ki, nahaqdır.
– Məhz sizinlə haqq-hesab…?
– Bəli, çünki mənə qarşı hakimiyyətin münasibəti çox sərtdir. Heç bir il keçməyib, hakimiyyət ötən ilin noyabrında Tale Bağırzadəni işgəncəyə məruz qoymuşdu ki, mənim radikal şiələrin arxasında dayanan qüvvə olduğumu elan etsin. Özü də radikal şiələr, halbuki, Bağırzadə heç radikal da deyil. Hətta guya Nardarandakı təxribatlar da mənim sifarişimlə həyata keçirilib. Görürsünüz ki, Tale bəy bu barədə açıq və silsilə danışır. Deməli, 8-9 ay əvvəl bu adamlar məni radikal şiələrin rəhbəri olmaqda ittiham edirdilər, indi də radikal sünnilərin. Yalançının yaddaşı olmaz. Burda məqsəd bütün repressiyalara rəğmən ölkədəki siyasi-ictimai proseslərə təsir gücünü, dinc mitinqlər, nümayişlər keçirmək, insanları bir araya toplamaq potensialını saxlamış Xalq Cəbhəsini, Milli Şuranı sarsıtmaqdır. Əli Kərimli də ona görə hədəfdədir.
– Elnur Seyidova təzyiqlərə də bu kontekstdə baxmaq lazımdır?
– O, 2012-ci ildə həbs olunub, o zaman heç referendum da yox idi. Onunla bir vaxtda həbs olunanların da hamısını azad ediblər. Onun saxlanması şəxsən mənə olan təzyiqdir. Elnur Seyidov siyasətdən kənar adamdır, peşəkar bank işçisidir, onu 25 nəfərlik kampaniyada tutdular ki, bu, siyasi deyil, adi bank işidir, amma hamını azad etdilər, hətta vəzifələrinə də qaytardılar. Elnur Seyidovu isə hələ saxlayırlar. Bilirsiniz ki, bugünlərdə onunla bağlı gərginlik yaşandı. Deməli, müavinim, müşavirim, köməkçim, gənclər, Elnur Seyidov həbsdədirlər, ailə üzvlərimə olan təzyiqlər, bütün bunlarda hədəf mənəm. Hakimiyyət nəyin bahasına olursa-olsun qarşısındakı bu qüvvəni öz aləmində sarsıtmaq istəyir.
– Əgər referendumdan arxayındırlarsa, cəmiyyətin başı məişət, sosial problemlərə qarışıbsa, müxalifət düşərgəsi, QHT sektoru dağıdılıb, azad media oxşar durumdadırsa, niyə məhz Əli Kərimli?
 – Referenduma az qalıb, hökumət bu tədbiri keçirəcək. Amma onu da başa düşürlər ki, ölkədə sosial-iqtisadi durum çox ağırdır və hansısa ciddi islahat aparmaq gücündə də deyillər. Yəni bugünkü sosial-iqtisadi problemlər günü-gündən artacaq. ”Ac qılıncı çapar” misalını bilirsiniz də, hökumət başa düşür ki, bir gün həmin o aldadılmış, var-dövləti talan edilmiş, borcla yüklənmiş xalq meydanlara toplana bilər. Bəs o zaman kütləvi aksiyaların keçirilməsi təcrübəsi və minlərlə, onminlərlə tərəfdarı olan hansı siyasi qüvvə bu prosesə öncüllük edə bilər? Sizcə hansı?
– Bu suala ekspertlər, politoloqlar cavab verə bilər, hökumətin qənaətini bilmirəm. Siz özünüzü görürsünüzmü?
– Əlbəttə, siz mitinqlərin tarixinə baxın da…
– Mitinqlərdə də 5-10 min nəfərdən artıq adam olmur…
– Olsun. Həmin 5-10 min nəfər xalqın qatılmadığı mitinqlərdir, geniş mənada. Amma indi bu repressiya şəraitində 5-10 min nəfəri bir araya gətirən qüvvə xalq küçələrə axışdığı təqdirdə, öncüllük etsə, nə baş verər? Dinc yolla hökuməti demokratik islahatlara məcbur etmək mexanizmi yaranar. Hökumət bunu qapatmaq istəyir. Hakimiyyət istəyir, xalqı dinc mübarizəyə səfərbər edəcək qüvvə olmasın, xalq nə qədər gərgin olsa da, susmaq məcburiyyətində qalsın, bizim mübarizəyə qoşulmasın. Ya da partlasın, nizamsız şəkildə xaos yaransın, hökumət də güc yoluyla onu dağıtsın.
Natiq Cavadlı
– Özünüzün dediyiniz kimi, ac, iqtisadi vəziyyətin məngənəsində sıxılan xalq küçəyə çıxır, idarəolunmaz durum yaranır. O prosesi idarə edə biləcəksinizmi, çətin olmayacaqmı?
– Çətindir. Biz onun üçün strukturlarımızı saxlamağa çalışırıq. Onun üçün mövcud müxalifəti Xalq Cəbhəsinin, Milli Şuranın simasında qoruyub saxlamağa çalışırıq ki, həmin ağır məqamlarda genişmiqyaslı xaos yaşanmasın. Biz tam dinc mübarizə tərəfdarıyıq.
– Gəlin, məsələyə geniş yanaşaq. Sizi həbs etdilər, bütün rayon təşkilatlarının rəhbərlərini də o cümlədən, tamamilə başsız vəziyyətə nail oldular və beləliklə, özünüzün dediyi xaousu  yaratdılar. O zaman nə olacaq?   
– Onda qəzəblənmiş kütləylə üz-üzə qalacaqlar. Nə Tunisdə, nə Liviyada, nə də qəzəblənmiş kütlənin öz hökumətlərinə divan tutduğu ölkələrin heç birində strukturlaşmış, leqal müxalifət yox idi. Deməli, müxalifət sıradan çıxarılarsa, günün birində hakimiyyət qəzəblənmiş xalqla üz-üzə qalacaq. Başa düşmürlər ki, qanuni, legitim olaraq hakimiyyət dəyişikliyinin bütün imkanlarını qapatmaq insanları öz-özünə günün birində daha radikal addımlara həvəsləndirəcək. Bütün yollar tıxanandan sonra başqa variant qalmır. Hər bir dözümün həddi var, dünən dözən bu gün dözmür.
– Axı bunlar heç hakimiyyəti vermək istəmirlər…
– İstəməsinlər, amma indi XXI əsrdir, tam məsuliyyətlə deyirəm, artıq sülalə hakimiyyətlərinin, monarxiyaların, despotik hakimiyyətlərin zamanı keçib. Bir anlıq təsəvvür edin ki, indi müstəmləkə ola bilər, amma ötən əsrin 60-cı illərinə qədər vardı. Hər bir dövrün öz tələbləri var, artıq Azərbaycana demokratiyanın gəlişi olmazsa, olmazdır. Sadəcə, demokratiya Azərbaycana dinc, qansız gələcək, o müxalifətin vasitəsilə olacaq, yaxud da müxalifəti tamamilə siyasi səhnədən yığışdıracaqlar, onda qəzəblənmiş xalq klassik inqilab edəcək.
– Bu gün hansı ehtimal daha yüksəkdir? 
– Bu gün üçün hələlik Azərbaycan yol ayrıcındadır. Baxmayaraq ki, iri repressiyalar, çox böyük qanunsuzluqlar var, amma hələ də demokratik dəyişikliklər qapısı tam qapanmayıb, imkanlar qalır. Azərbaycan hər gün o qapını qapatmağa doğru gedir.
– Sabiq nazir Əli İnsanova açılan cinayət işinə də bu kontekstdə baxırsınız?
– Həm bu kontekstdə, həm də Azərbaycan hakimiyyətinin siyasi rəqabətə hazır olmaması və qisasçılıq kontekstində baxıram. Ona münasibətdə bütün amillər var. Həm İnsanovun potensialından ehtiyatlanırlar, həm qisas alırlar, həm də azad rəqabətə hazır deyillər. Təbii ki, İnsanovun müəyyən elektoral gücü var, amma Azərbaycan hökuməti heç kimlə siyasi baxımdan yarışmaq istəmir. Onlar ancaq onu bilirlər ki, dəyənək, vəzifə, sərvət əllərində olsun, xalq da tabe olsun. Yarışmaq, rəqabət aparmaq onların leksionunda yoxdur.
– Əgər dediyiniz kimi, hakimiyyət referendumla bağlı rahatdırsa, müxalifət hansısa hazırlıqlar görürmü?
– Biz mitinqlər keçirmək niyyətindəyik. Əslində, bizə qarşı repressiyalar keçirmək istədiyimiz mitinqlərin daha kütləvi olmasının qarşısını almaq məqsədi daşıyır.Sadəcə, aksiyalara referendum kontekstində baxmaq lazım deyil. Referenduma etiraz olmalıdır və olacaq, amma tək bundan ibarət deyil. Hökumət bir az geniş baxır ki, yaxın bir ayda bəlkə də Azərbaycanda böyük xalq ayaqlanması olmayacaq, amma bəlkə bir müddətdən sonra olacaq. Ona görə də hökumət öz aləmində çıxış yolunu onda görür ki, həmin xalq hərəkatına öncüllük edə biləcək strukturları dağıtsın. Bir çox insanı həbs etməklə həmin strukturların fəaliyyət qabiliyyətini əlindən alsın. Hökumətin əsas məqsədi budur, onlar xalqın bir gün etiraz edəcəyini gözləyirlər, ancaq sadəlövcəsinə düşünürlər ki, onda prosesi idarə edən olmasa, bunlara asan olacaq. Amma təcrübə göstərir ki, qəzəblənmiş xalq sonda qalib gəlir, xalqa məğlub olan diktatorların taleyi daha acı olur. Müxalifətə məğlub olan diktatorlar həmişə sevinirlər ki, nə yaxşı xalqa məğlub olmayıblar.
– Müsahibə yayılandan sonra sosial şəbəkələrdə deyiləcək ki, diktatorların dövründə müxalifət də olmur…
– Desinlər, düzdür. Əzilən diktatorlar son anlarında “kaş ki, bizim müxalifətimiz olaydı, demokratik seçkiyə gedib uduzardıq, amma bu taleyi yaşamayaydıq” – deyirlər. Hesab etmirsiniz ki, Çauşevskidən Qəddafiyə qədər olan diktatorlar son anlarında bunu arzulayıblar?!
Əli Kərimli3– Amma onların səımimiyyətinə inanmaq olmaz da…
– Əlbəttə. Mən də deyirəm ki, onların artıq tarixi yenidən yazmağa imkanları yoxdur, çünki yoxdurlar. Amma bu gün dünyada olanlar onlardan ibrət götürməlidirlər ki, qəzəblənmiş xalq tərəfindən cəzalanmaqdansa, müxalifətə seçkidə uduzmaq daha yaxşıdır.
– Təəssüf ki tarix heç kəsə ibrət yaşatmır…
– Təəssüf.
– Müxalifətdən söz düşmüşkən, düşərgə referendumda birlik nümayiş etdirəcəkmi və ümumiyyətlə, təsnifatı necə görürsünüz? REAL-ın prosesdən kənara çəkilməsi sizi qane etdimi?
– Belə danışaq da, müxalifətdaxili sualları cavablandırmağa meylli deyiləm. Bu, o demək deyil ki, sizin sual vermək hüququnuza hörmətsiz yanaşıram. Sadəcə, indiki həssas məqamda istəmirəm ki, müxalifətdaxili diskussiyalar yaransın, bizim axı problemimiz bununla bağlı deyil. İndiki vəziyyətin səbəbkarını müxalifətdə kimin hansı addım atmasında axtarmağımızı doğru hesab etmirəm. Ortada hamını faktiki əzən, insan hüquq və azadlıqlarını boğan, hakimiyyət bölgüsünü heç sayan bir hakimiyyət var.
– Mənə REAL-ın addımının sizi qane edib-etməməsi sualına cavab lazımdır…
– Bu məsələlər’ münasibət bildirmək istəmirəm, amma deyə bilərəm ki, REAL-dan olan siyasi məhbusları, İlqar bəyi, Natiq bəyi dəstəkləyirəm.
– Referendumdan sonrakı Azərbaycanla referendumdan əvvəlki Azərbaycan arasında fərqlər olacaqmı?
– Bilirsiniz, biz referendumla bağlı məsələni nə çox şişirtməliyik, nə də əhəmiyyətsiz saymalıyıq.
– Axı, siz də, partiyadaşlarınız da “26 sentyabrda monarxiya legitimləşdirilir” deyə bildirirsiniz…
– Elədir. Amma başqa məsələ var, Azərbaycanda hakimiyyət çoxdan zəbt olunub və seçki institutu da sıradan çıxarılıb.Konstitusiya Aktı layihəsi təqdim olunana qədər də beləydi. Misal üçün, çox xoşagəlməz haldır ki, ölkədə prezident seçkiləri 7 ildən bir olacaq, amma bəlkə 2 ildən bir olsa, ölkədə vəziyyət bu şərtlərlə dəyişir? Dəyişmir axı.Ölkədə seçki institutu yoxdur. 2015-ci ildə parlament seçkiləri keçirildi, həmin seçkidən ildə biri keçirilsin, bir şey dəyişər?
– Cəmiyyət hər halda silkələnər də, seçkinin nə olduğunu bilər və proses sürətlənər…
– 2015-ci il seçkilərində silkələndi?
– 2009-cu ildə referendum keçirildi, yəqin ki, onun nəticəsidir.  
– Yadınıza gəlirsə, 2015-ci ildə parlament seçkiləri olub, o zaman cəmiyyət silkələndi?
– Ona qədər cəmiyyət artıq apolitik duruma düşmüşdü…
– Mən onu demək istəyirəm ki, seçki institutu ləğv olunubsa, onu bərpa etmək əsas məsələdir, o bərpa olunana qədər seçkinin nə zaman keçirilməsi məsələni həll etmir. İkinci, əlbəttə hökumət daha geniş səlahiyyətlər əldə edir, heç kimlə məsləhətləşmədən prezident öz varisini təyin edir, nəinki xalqla, heç oliqarxlarla, deputatlarla da məsləhətləşməyə ehtiyac duymur.26 sentyabr referendumuyla istəmədiyi adamların mülkiyyətlərini əllərindən almaq səlahiyyətlərini əldə edir, mülkiyyət toxunumazlığı, sərbəst toplaşmaq, mətbuat azadlıqları daha da aradan qalxır. Ancaq bunların hamısı indi də məhduddur.Biz bu dəfə 26 sentyabr dəyişikliklərinə Azərbaycanda Konstitusiyanın növbəti dəfə ayaqlanması cəhdi kimi etiraz etməliyik. Qarşısını almaq üçün vətəndaş kimi də hər şey etməliyik, amma digər tərəfdən də, dəyişikliklər təsdiqlənsə, düşünməməliyik ki, bu, dünyanın sonudur. Bax, bunu vurğulamaq istəyirəm. Dünyanın da, Azərbaycanın da sonu deyil, onsuz da demokratiya olacaq. Və Azərbaycanda demokratiya uğrunda mübarizə davam etməlidir və günün birində xalq bütün kənar amillərdən gözünü çəkəcək ki, kimsə bizim əvəzimizə nəsə edər… Bu gün çox təəssüf ki, hələ də insanlarda yanlış illüziyalar var. Bir hissə deyir ki, heç bir çarələri yoxdur, özlərinə təskunlik verirlər ki, nəhayət, özləri yuxarıdan islahata başlayarlar. Bir hissə deyir ki, müxalifət mənsiz birləşib nəyəsə nail oldu. Qalan hissə də deyir ki, görək, Avropadan, Vaşinqtondan nə deyirlər?! Bunlar hamısı illüziyadır.Nəhayət, biz bu illüziyaların dağıldığı mərhələyə gəlib çatmalıyıq.Azərbaycan xalqının əksəriyyəti deməlidir ki, bizim də demokratik cəmiyyətdə yaşamaq haqqımız var. Bax, biz ona vətəndaş olandan sonra nail olacağıq. Bu gün bizim demokratiyasına həsədlə baxdığımız ölkələr nələrdən keçiblər, hansı əziyyətlərdən keçiblər, Amerika, Fransa, Almaniya, Polşa, Yaponiya, bu ölkələrdəki demokratiya nələrin bahasına yaranıb. Qardaş Türkiyənin demokratiyası nə qədər insan qanının bahasına əmələ gılib. Biz xalq olaraq qətiyyən öz iştirakımız olmadan, fədakarlıq etmədən asan günlərə çıxacağımıza ümid etməməliyik. Hamımızın əlimizi daşın altına qoymalıyıq qənaətinə gəlsək, hüquqlarımızı qorumalıyıq, lazım gəlsə, işsiz də qalmalıyıq, həbs də olunmalıyıq, nəhayət, bu ölkənin vətəndaşı olaraq qürurla deməliyik ki, biz Azərbaycana müstəqilliyi qazandırmışdıq, indi də demokratiyamız var, bu ölkənin sahibi bu xalqdır, istədiyi partiyanı iqtidar edəcək, istəməyəndə də onu seçki yoluyla düşürüb başqa siyasi qüvvəni hakimiyyətə gətirəcək.

Əli Kərimli4

– Siz bir cümlə işlətdiniz: hakimiyyət oliqarxlarla da hesablaşmır. Bu, o anlama gəlirmi ki, Azərbaycanda ailə hakimiyyəti qurulur?
– Tam şəkildə belədir.
– Nəhayət, Qərb 26 sentyabr referendumuna niyə susqunluqla yanaşır?
– Tam da susmurlar. Fikir verdinizsə, ABŞ və Avropa Birliyi açıq dedi ki, referendumla bağlı Venessiya Komissiyasının və ATƏT-in Varşava Bürosunun rəyi olmalıdır. Əlbəttə ki, bu, diplomatik bir ifadədir. Bəlkə də durum tələb edir ki, daha mənalı və sərt ifadələrdən istifadə olunsun. Söhbət ondan gedir ki, Azərbaycan hökumətinin təkcə yerli vətəndaşlar qarşısında öhdəliyi yoxdur. Bizim qarşımızda öhdəlikləri var, hansı ki, dəyişməyə hazırlaşdıqları Konstitusiya hökumətin xalqın qarşısında müəyyən öhdəliklərini nəzərdə tutur. Onlardan biri odur ki, bu Konstitusiyanı yalnız Konstitusiyada icazə verilən yolla dəyişmək olar. Ancaq hakimiyyət Konstitusiyanı ayaq altına atır, yəni Ana Yasanın özünün qadağan etdiyi formada dəyişirlər. Bu elə əvvəlcədən qeyri-legitimdir və xalq qarşısında məsuliyyətlərini başa düşmürlər. Amma Azərbaycan hökumətinin beynəlxalq birlik qarşısında da məsuliyyəti və öhdəlikləri var. O cümlədən, hökumət çoxlu sayda konvensiyalara qoşulub, üzərinə insan haqlarının müdafiəsilə bağlı öhdəlik götürüb. Ona görə Qərb dairələri ünvan kimi göstərdilər ki, Avropa Şurasında qanunvericiliyə nəzarət səlahiyyəti Venessiya Komissiyasındadır, buyurun, ordan rəy alın ki, yeni təklifləriniz beynəlxalq öhdəliklərinizə zidd deyil, fundamental hüquq və azadlıqları məhdudlaşdırmır.
– Rəy alınmasa, Qərbin mövqeyi necə olacaq?
– Birmənalı şəkildə mövqe olmayacaq. Çünki iyerarxiya yoxdur ki, Azərbaycan hökumətini çağırıb hansısa bir cəza verib, qanuni ləğv etsinlər, yaxud yeni Konstitusiyanı ləğv etsinlər. Bununla Azərbaycan daha da təcrid olunacaq.
– Mən ona görə bu sualı verirəm ki, “Turan” -nın direktoru Mehman Əliyev hakimiyyətin 26 sentyabr referendumunu amerikanlarla razılaşdığını və bunun islahatlara doğru bir addım olduğunu deyir. Bunu necə izah edərdiniz?
– Mən Mehman bəyin bu açıqlamasına rast gəlməmişəm.
– Ancaq agentliyin şərhi yayılır, yəqin ki, Mehman bəyin özü yayır. 
– Mən onu bilirəm ki, ortalıqa rəsmi mövqe var, ABŞ da, Avropa Birliyi də 26 sentyabr referendumuna narahatlıqlarını ifadə edib. Ancaq öz mövzumuza gəlib demək istəyirəm ki, Azərbaycan hökuməti beynəlxalq birliyin də mövqeyini sərf-nəzər etməklə, kənara qoymaqla çox riskli və məsuliyyətsiz bir yol tutur. Bu, nədən ibarətdir? Bir az əvvəl sosial gərginlikdən danışdıq, bəs hökumət gözlənilən sosial gərginlikdən necə çıxacaq? Bu ölkəyə investisiya, külli miqadarda kreditlər lazımdır, söhbət ilin sonuna qədər lazım olan 5 milyard kreditdən gedir, yaxın illərdə isə 15-20 milyardlıq kredit ehtiyacının yaranacağı gözlənilir. Əgər Azərbaycanda repressiyalar davam edəcəksə, Konstitusiyayla kağız parçası kimi rəftar edəcəklərsə, beynəlxalq öhdəliklərə bu şəkildə saymazlıqla yanaşacaqlarsa, kimdir Azərbaycana investisiya qoyan, iri miqyaslı kreditləri verən?! Dövlətə rəhbərlik edənlərin məsuliyyəti olmalıdır axı, xalq qarşısında məsuliyyət hiss etməlidirlər.
– Bu məsuliyyət varmı?
– Hələlik hiss olunmur.