ABŞ Fətullah Gülənin ekstradisiyası ilə əlaqədar Türkiyəyə nümayəndə heyəti göndərir

Türkiyə höküməti Fətullah Gülənin ekstradisiyası ilə əlaqədar ABŞ-dan gözlənilməz təklif alıb.
ABŞ höküməti rəsmi Ankaraya məsələ ilə bağlı məktub göndərib. Məktubda qeyd olunub ki, 15 iyul tarixində baş vermiş hərbi çevrilişə cəhd və bu prosesdə Gülənin iştirakını daha yaxından öyrənmək üçün ya ABŞ nümayəndə heyəti Ankaraya gəlsin, ya da Türkiyə öz nümayəndə heyətini Amerikaya göndərsin. Türkiyə höküməti məktubu aldıqdan sonra amerikanların səfər etməsini daha uyğun görüblər.
Rəsmi açıqlanan məlumata görə ABŞ Ədliyyə Nazirliyinin nümayəndələri gələn həftə Gülənin ekstradisiyasını müzakirə etmək üçün Ankarada olacaqlar.
Qeyd edək ki, Amerikadan gələn rəsmilərin Türkiyə prezidenti başda olmaqla, Məclis sədri və bir neçə hökümət nümayəndələri ilə də görüşməsi planlaşdırılır.