Azərbaycan Rusiyadan azı 10 təyyarə alacaq

Bakıda təyyarələrin yığılması üzrə zavod açılacaq. Bu barədə Rusiya baş nazirinin müavini Dmitri Roqozin RİA Novosti agentliyinə bildirib.
“Azərbaycanda Rusiya istehsalı olan avadanlıqlara böyük maraq var. Burda Rusiyada istehsal olunan təyyarə və helikopterlərin sayı az deyil. Azərbaycan tərəfi həmçinin MC-21 təyyarəsi ilə maraqlanır”.
Dmitri Roqozin əlavə edib ki, Rusiya Azərbaycanla gələn ilin fevralında azı 10 MC-21 təyyarəsinin alınmasına dair müqavilənin imzalanmasını gözləyir: “Bundan əlavə Bakıda təyyarələrin yığılması üzrə zavod və helikopter texnikasının müasirləşdirilməsi mərkəzi açılacaq”.
Qeyd edək ki, tam adı “İrkut MS-21” (Магистральный самолёт XXI века – XXI əsrin magistral təyyarəsi) olan təyyarələr Rusiyanın İrkut və Yakovlev zavodlarında düzəldilir. 150-212 nəfərlik olan təyyarələr qısa və orta məsafəli uçuşlar həyata keçirə biləcəklər.
Təyyarələrin ilk buraxılışı 2016-cı üçün planlaşdırılsa da sonradan 2017-ci ilə təxirə salınıb. Versiyalarından asılı olaraq təyyarələrin qiyməti 72-85 milyon dollar arasında olacaq.