Azərbaycan Türkiyəyə 100 min dollar yardım edib – foto

Bu gün Türkiyədə rəsmi səfərdə olan Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, şeyxülislam Hacı Allahşükür Paşazadə Türkiyə Böyük Millət Məclisinin sədri İsmail Kahraman tərəfindən qəbul edilib.
Məclis rəhbəri ilə birlikdə çevrilişə cəhd zamanı binanın dağıdılmış hissələrini gəzən Allahşükür Paşazadə Türkiyənin böyük bir imtahandan keçdiyini vurğulayıb. O bildirib ki, Azərbaycan xalqı da baş verən olaylara görə Türkiyə ilə bərabər üzülüb və xalqımız duaları ilə daima Türk xalqının yanındadır.
Görüşdə iştirak edən Türkiyə dini işlər naziri Mehmet Görməz və Rusiya Müsəlmanları Dini İdarəsi və Müftilər Şurasının sədri Ravil Qaynutdinov da 15 iyul hadisələrindən danışaraq baş verənlərə görə təəssüf içində olduqlarını bildiriblər.
Çıxışların ardından Allahşükür Paşazadə tərəfindən 15 iyul tarixində baş vermiş hərbi çevrilişə cəhd zamanı yaralananların müalicəsi üçün İ.Kahramana 100 min dollar təqdim edilib. Öz növbəsində TBMM sədri İsmail Kahraman Türkiyədən heç bir zaman dəstəyini əsirgəməyən Azərbaycan xalqına təşəkkür edib.
Yekunda isə QMİ sədri hərbi çevriliş cəhdinin qarşısını alarkən qəhrəmancasına həlak olanlara Allahdan rəhmət, yaralılara şəfa diləyib.

13962664_1265933543459674_1452915931835287362_n