Azıq, özümüzünküləri çarmıxa çəkməyək – İlkin Qəmbər

İlkin Qəmbər
Baş ağrısı heç kimə arzulamadığım qədər zəhlətökən bir şeydir. Həkimlər də məsləhət edirlər ki, ağrıya qarşı həmən dərman qəbul olunsun. Amma evdə yanğın olan zaman baş ağrısı dərmanı axtarmaq mənasız və ölümcül məşğuliyyətdir. Problemlər bir-bir həll olunmalıdır. Əvvəl yanğın söndürülməli, sonra dərman qəbul edilməlidir.
Gəncik və təbii ki, maksimalistik. Hər şeyin bu dəqiqə həll olunmasını istəyirik. Anlayıram ki, bu yazı bütün ideoloji kanonlara ziddir. İdeologiya prinsipialdır, proqramının maksimal şəkildə qəbul olunmasına can atır və tərəfdarlarından da mübarizədə əqidəli və əzmkar olmasını istəyir. Mən də daha ideoloji, siyasi cəmiyyət istəyirəm, amma addımların ardıcıllığını da anlayıram. Şahmat oynayanlar anlayar. Fil-atı mərkəzə göndərmədən, top və vəziri tərpətmək ən ağıllı fikir deyil, qalaqurma etmədən, hücum etmək, bir çox hallarda kəskin əks-hücum ilə nəticələnə bilər və s. və i.
Dünən məşhur amerikan komiki Bil Meyxirin (Bill Maher) verilişinə baxırdım. Veriliş əsasən liberal və proqressivlərə xitab edir. Maraqlı bir məqama toxundu: “liberalların bir çox hallarda uduzmasının səbəbi ondadır ki, lazımından çox idealistdirlər və böyük şəkli görə bilmirlər, buna görə də hətta öz liderlərinə və ideoloji yaxın şəxslərə qarşı amansızdırlar”.
İdeoloji prinsipiallıq gözəl bir şeydir, amma seçim Hillari ilə Tramp arasında olanda, aydındır ki, Hillarinin 100 məsələdən 25-də haqsız olmasından yapışıb, Trampın 100 məsələdən 99-da əclaf olmasını unutmaq olmaz. Hillari ideal deyil, amma onun ideal olmaması Trampı seçməliyik anlamına gəlmir.
Təbii ki, Azərbaycandakı vəziyyət çox daha fərqlidir. Seçkilərdən və siyasi prosesdən heç söhbət də getmir. Amma liberal və proqressiv kəsimin bu tipli amansızlığı bizdə də mövcuddur. Mən liberalam və liberalların təbliğ etdiyi bütün ideyaları mən də əziz və müqəddəs görürəm: insan haqları şərtsiz qorunmalıdır, tolerantlıq təmin edilməlidir, eşcinsəllərin hüquqları tam olmalıdır – ailə qurmaq hüququ başda olmaqla, marixuana leqallaşdırılmalıdır, iqtisadiyyat tam azad şəkildə özünü tənzimləməlidir, ordu tam professional olmalıdır və daha nələr, nələr.
Mənim bu ideyalarımı tam təmsil edən lider Azərbaycanda mövcuddurmu? Yox. Azərbaycan müxalifətinin etdiklərinin önəmli bir qismi mənim ideoloji hissiyyatıma toxunurmu? Bəli. Azərbaycan müxalifətinin ən parlaq nümayəndələrinin Sarksyanı zəhərləmək çağırışı, Ramil Səfərov məsələsindəki mövqeyi, Türkiyədəki “çevriliş” ilə bağlı yanaşması mən dəstəkləyə biləcəyim məsələlərdirmi? YOX! Heç vaxt. Heç bir halda!
Amma seçim də aydındır axı. Referendum yanğındır, bütün digər məsələlər baş ağrısı. Baş ağrısından qurtulmaq istəyərdim, sağlam olmaq istəyərdim, amma əvvəl yanğın söndürülməlidir. Dediyim kimi, addım-addım, ardıcıllıqla. Bizi tam təmsil edən lider yetişəcək. Bu bizim özümüzdən də asılıdır. Kifayət qədər kütləyə sahib deyilik, kifayət qədər söz sahibi deyilik. Olanda, liderimiz də olacaq, bizi qələbələrə də aparacaq.
Siyasi diskurs fərqli formada yaranır. Bizim üzləşdiyimiz situasiyada liderlər və qaliblər birləşdirici fiqurlardan çıxır. Millətçisi ilə, solçusu ilə, dindarı ilə, liberalı ilə danışa biləcək birisi. Aydın məsələdir ki, biz normal siyasi mübarizə vəziyyətində deyilik. Tez-tez danışdığım “ictimai müqavilənin” yenidən yazılmalı olduğu məqamdayıq. Hakimiyyət öz yazdığı konstitusiyanı əski parçasına çevirdi və bundan sonrakı prosesdə ictimai müqavilə yenidən “yazılacaq” və bunu etmək üçün, cəmiyyət bütövlüklə təmsil olunmalıdır.
İctimai müqavilə sisteminin qurulmasında bir qrupun heç bir formada iştirak etməməsinin gələcəkdə hansı fəsədlara gətirəcəyini biz Türkiyə (və Suriya, və İraq, və Liviya) nümunəsində gördük. Əgər düşünürsünüzsə ki, “mən liberalam, dindarlara da xitab edən lider ideoloji sapıkdır və ona güvənmək olmaz”, səhv edirsiniz, indiki məqamda hamı birləşməlidir.
Hakimiyyət onsuz da hər bir addımı ilə cəmiyyətdəki antaqonizmi artırır. Təbii ki, nəticə etibarı ilə özü bunun acısını çəkəcək, amma biz onların oynunu oynamamalıyıq.
Əvvəl yanğın, sonra baş ağrısı.
Yazı müəllifin şəxsi mövqeyini əks etdirir. Müəllifin mövqeyi Abzas.net-in mövqeyi ilə üst-üstə düşməyə bilər.