Baltika-Bakı: “Acınacaqlı vəziyyətdir”

“Baltika-Bakı” şirkəti 2016-cı ilin ilk yarımilliyi üzrə nəticələri elan edir. Şirkətin qiymətləndirməsinə əsasən, ilk yarım il ərzində ötən ilin analoji dövrü ilə müqayisədə pivə satışı 25% azalıb.
Turan-ın məlumatına əsasən, şirkətdə hesab edirlər ki, bunun səbəbi ölkədə yaranmış ağır makroiqtisadi vəziyyət və qanunvericilik  tənzimləməsidir.
“Milli valyutanin devalvasiyası (2015-cı il nisbətində təqribən 90%) və əhalinin bununla müşayiət edilən alıcılıq qabiliyyətinin düşməsi, satışların düşməsinə əsas səbəb olmuşdur”, deyə hesabatda bildirilir.
Şirkətin ziyanına hökumətin düşünülməmiş qərarları da təsir edib. Hesabatda deyilir ki, 2016-cı ilin yanvar ayının ilk günlərində bütün sektorun staqnasiyasına səbəb olan aksiz markası ilə markalanan malların nağd hesablaşma əsasında satışını qadağan edən qanunun qısa müddət üçün qüvvədə olması,  bazarın texnoloji cəhətdən hazır olmadığını göstərib və məhsul satışlarının kəskin şəkildə dayanmasına səbəb olub, nəticə etibarı ilə tədarük zənciri yalnız fevralın sonuna bərpa edilib. Qadağa 12 gün sonra ləğv edilib.
Şirkətdə hesab edirlər ki, aksiz markası ilə markalanmalı olan malların nağdsız satışı və mütləq şəkildə öncədən ödənişi haqqında qanunun qüvvəyə minməsi pivə istehsalı sahəsi üçün əlavə maneələr törədəcək.
“Baltika-Bakı” şirkətinin baş direktoru və “Carlsberg Qazaxıstan” şirkətinin Prezidenti Viktor Semak:
“Şirkətin rentabellik həddində dayanmasına baxmayaraq, biz işçilərin kütləvi ixtisarı kimi kritik addımlar atmamaq və biznesimizin rentabelliyini qaytarmaq üçün maksimal səviyyədə çalışırıq. Lakin biznesimizin qarşılaşdığı hazırki durumda bunu həyata keçirmək olduqca çətindir. Hesab edirəm ki, yalnız şirkətimiz üçün deyil, bütünlüklə pivə sektoru üçün yeganə çıxış yolu müvafiq qanunvericiliyin yenidən baxılması sahəsində dövlət dəstəyidir. Satış zəncirinin yeni nağdsız hesablaşma və öncədən ödəniş sisteminə keçməyə hazırlıq səviyyəsini yoxlamaq məqsədi ilə şirkətimizin keçirdiyi monitorinqin nəticələrinə əsasən ölkə üzrə distribyutorlarımızın  ¾ hissəsi və  satış nöqtələrinin 68% yeni biznes modelinə keçməyə hazır deyil. Şübhəsiz, nağdsız ödənişə keçid biznesin şəffaflığını təmin etmək baxımından dövlət üçün olduqca vacib addımdır və biz qanuna tabe şirkət olaraq bu təşəbbüsü dəstəkləyirik”.
O hesab edir ki, əvvəlcədən ödəniş tələbinin tətbiqi nəinki tədarük zəncirinin üzvləri arasında münasibət məntiqinə zidd olan, hətta sektor üçün acınacaqlı fəsadlar törədəcək ağır şərtdir.
Digər tərəfdən, 16 may 2016-cı ildə Tarif Şurası tərəfindən qəbul edilmiş yeni su Tarifikasiya sistemi ilə əlaqədar istehsal xərclərinin artması, biznesə təsir etmişdir. Belə ki, su növlərinin xammal və texniki təyinatı üzrə ayrılmasının ləğvi və standart 8 AZN qiymətin təyin edilməsi Şirkətin xərclərini tək 2016-cı ildə 420 min AZN artırır.
Əvvəllər Turan şirkətin meneceri Nadejda Ovsannikovaya istinadən bildirmişdi ki, 16 may 2016-cı ildə suyun qiyməti xammal kimi istifadə edənlər üçün 12 manatdan 8 manata azaldılıb. Texniki suyun 1 kubmetri isə 1 manatdan 8 manata artırılıb. İstehsalatda sudan həm xammal, həm texniki su kimi istifadə edilir.
Onun sözlərinə görə, 1 litr pivə üçün 4,5-5 litr texniki sudan istifadə edilir.
“Azərsu” ASC-də Turan-a deyiblər ki, xammal və texniki su kimi istifadə edilən differensasiya yoxdur. Şirkətdə qeyd ediblər ki, 16 maydan suyun qiyməti xammal kimi istifadə edənlər üçün 12 manatdan 8 manata azaldılıb, çirkab suyun bir kubmetri isə 0,30 manatdan 1 manata artırılıb.
Hazırda şirkətin işçilərinin 80%-i əmək haqqının 2/3-i almaqla boş dayanmaya göndərilib.
“Baltika-Bakı” pivə istehsalı zavodu, “Carlsberg Group”un bir hissəsi olaraq Xırdalan şəhərində, Azərbaycanın paytaxtından 10 km məsafədə yerləşir. 75% bazar payı ilə pivə sənayesinin lideri olan şirkət Azərbaycan Respublikasının qeyri-xammal sektorunun ən böyük müəssisələrindən biri  və yüzlərlə Azərbaycan vətəndaşının iş yeridir. Baku Castel zavodu 2000-ci ildə açılıb.
15 may 2008-ci ildə “Baltika” Brasseries Internationales Holding (Eastern) Ltd (BIH Eastern) ilə Baku Castel zavodunun alınması barədə müqavilə imzalayıb.