“Başıma torba keçirib, əlimizi bağlayıb elə döyürdü, elə bil erməni əsirliyindəyik”

Avqustun 24-də Bakı Ağır Cinayətlər Məhkəməsində “Nardaran işi” üzrə məhkəmə prosesi davam edib.
Prosesdə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşı İslam Ağabəyov suallara cavab verib. O bildirib ki, təqsirləndirilən şəxslərə işgəncə verməyib. Təqsirləndirilən Aqil İsmayılov isə bildirib ki, İslam Ağabəyov tərəfindən təzyiqə məruz qalıb: “Məndən soruşdu ki, həmin məclisdə neçə gün iştirak etmişəm. Dedim, bir gün. Dedi: “Kadrlara baxacam, əgər səni görsəm, qaldıracam yuxarı, dubinka ilə əxlaqsız hərəkət edəcəklər”.
İslam Ağabəyov isə onun ifadəsini təkzib edib. Vəkil Yalçın İmanov Aqil İsmayılovdan soruşub ki, niyə İslam Ağabəyov onu hədələyib. Aqil İsmayılov biıdirib ki, ondan ittihamları qəbul etməyi istəyiblər: “Boynuma qoymaq istəyirdilər ki, guya orda 20 gün olmuşam. Mənə silah verilib”.
Təqsirləndirilən Cabbar Cabbarov da İslam Ağabəyov tərəfindən işgəncəyə məruz qaldığını deyib. Abbas Hüseynov isə İslam Ağabəyovdan düz danışmağı tələb edib. Bu zaman İslam Ağabəyov ondan hədələməməyi tələb edib:
“Orda dovşan kimi oturmuşdunuz, səsiniz çıxmırdı”. Onun bu sözləri isə təqsirləndirilənlər və ailə üzvləri tərəfindən narazılıqla qarşılanıb və məhkəmədə tərəflər bir-birlərini ittiham ediblər. Buna görə məhkəmədə qısa fasilə elan edilib.
Fasilədən sonra hakim tərəflərə xəbərdarlıq edib. Taleh Bağırzadə isə şahidin işlətdiyi ifadənin protokola yazılmasını istəyib. Hakim hər şeyin yazıldığlnı bildirib.
Təqsirləndirilən Zakir Mustafayev də Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində İslam və Kərim tərəfindən təzyiqlərə məruz qaldığını deyib:
“Mənə dedilər qardaşını da tutmuşuq. Hamınıza silah yükləyəcəyik. Gəl, qumbaranı al boynuna. Əlimi bağlayıb dizi üstə oturdub,dubinka ilə başıma vururdular. Başqa məsələləri detallı danışmaq istəmirəm”.
İslam Ağabəyov isə onun dediklərini təsdiq etməyib. Təqsirləndirilən Abbas Hüseynov isə bildirib ki, onların İslam Ağabəyova dedikləri sözlər onun elədiklərinin zərrəsini ödəmir:
“Biz tutulan gündən bu adam bizimlə ünsiyyətdə olub. Deyirdi: “Sən ömürlük gedəcəksən. Valideynlərin də səndən imtina ediblər. Səni də ölmüş bilirlər. Səni öldürsək, heç kim bilməyəcək”. Deyirdilər, bura Azərbaycanın Quantanamasıdır. Döyürdülər, toka verirdilər”.
Taleh Bağırzadə isə bildirib ki, ona mənəvi təzyiqlər edilib:
“Deyirdim, uşaqlarla məni görüşdürün, deyim mənə qarşı ifadə versinlər. Amma işgəncə olmasın. Sonra məhkəmə olacaq, hər şey bilinəcək. Əli Kərimlini, Cəmil Həsənlini təhqir edirdilər. Bu, birbaşa mənə işgəncə verməsə də, başqalarının yanına qaldırırdı. Onlar işgəncə verirdilər. Deyirdilər, denən ki, bu hadisənin arxasında Milli Şura durub. Əvvəlcə İranla ittihama başladılar. Sonra gördülər alınmır, başladılar Əli Kərimli, Milli Şura ilə bağlı təzyiqlərə”.
İslam Ağabəyov onun da dediklərini təkzib edib:
“Mən adam qaldırmıram. Qaldıran qaldırır lazım olanda. Deyirlər, dindarıq, gördük əxlaqlarını. Cabbarın qardaşı da o vaxt tutulanda polisə müqavimət göstərib. Cabbar türmədən çıxanda demişdi ki, qardaşımın qanın alacam”.
Abbas Hüseynov isə bildirib ki, İslam Ağabəyov onu döyüb: “Bandotdeldə qalanda İslam məni gündə 3-4 dəfə aparıb döyürdü. Mənə deyirdi: “Bezdim səni döyməkdən, sən bezmədin”. Başıma torba keçirib, əlimizi bağlayıb elə döyürdü, elə bil erməni əsirliyindəyik”. İslam Ağabəyov onun dediklərini də qəbul etməyib. Daha sonra iclasda Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili Elçin Tağıyev şahid qismində dindirilib. O bildirib ki, daxil olmuş məlumat əsasında həmin evdə əməliyyat keçirilib. E. Tağıyev həyətə çatanda partlayış səsi eşitdiyini, həyətə hasardan keçdiyini, bu zaman iki nəfərin əlində qumbara digər hasardan tullanıb qaçdıqlarını gördüyünü deyib. O bildirib ki, hadisə vaxtı Abbas Hüseynovu tutub və onun əlində silah olub. Şahid Taleh Bağırzadəni Elman Bayramovun tutduğunu, bu zaman Talehin ona əl-qol atdığını gördüyün də deyib. E. Tağıyev hadisənin səhəri günü Sabunçuda yerləşən 3 saylı xəstəxanada Fərhad Balayevi saxladığını, əməliyyatdan sonra tutulan şəxslərlə birlikdə maşında idarəyə qayıtdıqlarını, onlara qarşı təzyiq edilmədiyini deyib. Abbas Hüseynov isə onu tutanın Elçin Tağıyev olmadığını deyib:
“Hamısını yalan danışır. Əgər ona silah atmışamsa, Allah mənim bəlamı versin, yalan deyirsə, Allah onun bəlasını versin. Necə ki, Akif Çovdarov, Eldar Mahmudov bu rejimin qulu oldular, sonra rəzil günə qaldılar. Elə gün sizi də gözləyir. Məni 3-4 nəfər öküz boyda adam tutub”. Hakim Əlövsət Abbasov isə məhkəmədə belə ifadələri işlətməməyi məsləhət görüb:
“Sizə dovşan deyəndə xoşunuz gəlmir, ancaq özünüz polisləri heyvanlarla müqayisə edirsiniz. Gəlin heyvanları qırağa qoyaq”.
Vəkil Cavad Cavadlı isə bildirib ki, Elman Bayramov ifadə verəndə Taleh Bağırovun ona müqavimət göstərmədiyini deyib. Lakin E.Tağıyev Talehin ona əl-qol atdığını deyir. E.Tağıyev ifadəsini təsdiq etdiyini bildiri . Fuad Qəhrəmanlı isə ondan həmin evin polislər tərəfindən mühasirəyə alındığı halda iki nəfər əlində qumbara necə qaça bildiyini soruşub. Şahid ətrafda polislərin olduğunu, lakin onların necə qaçdığını bilmədiyini deyib. Abbas Hüseynov isə saxlanılan zaman pnevmatik tapança ilə onun böyrəyinə atəş açıldığını, həmin yaranın “Bandotdel”ə spirtlə təmizləndiyini deyib: “Mənə başqa heç bir dərman da vermədilər. Hadisə vaxtı bu adamın əlində tapança olub, lakin mən pnevmatik silahla xəsarət almışam. Bu adam yalan danışır. Deyirlər, guya mən dövlət çevrilişi etmək istəmişəm. Mən hərbidə olmuşam. Hərbi paradda İlham Əliyevin qarşısından əlimdə silah keçmişəm. Elə niyyətim olsaydı, o zaman vurardım onu” .
Qeyd edək ki, məhkəmə prosesi avqustun 25-də davam edəcək.