Bu gün mərhum jurnalist Rasim Əliyevin doğum günüdür

16 avqust döyülərək öldürülən jurnalist Rasim Əliyevin doğum günüdür.
1984-cü ilin bu günü Bakı şəhərində anadan olan Rasim Əliyev, Ann.az xəbər saytının əməkdaşı olub, daha sonra “Obyektiv TV”-də foto müxbir kimi fəaliyyət göstərib. Rasim Əliyev 2007-ci ildən bəri Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunda reportyor, video və foto müxbir kimi çalışıb.
Avqustun 8-də “Qəbələ” klubunun futbolçusu Cavid Hüseynovun qohumları və dostları tərəfindən döyülən jurnalist Rasim Əliyev avqustun 9-da ölüb. O, ölümündən əvvəl C.Hüseynovun bibisi oğlu Elşən İsmayılov və daha 6 nəfər tərəfindən vəhşicəsinə döyüldüyünü bildirmişdi. 4 qabırğası sındırılan, qulağı zədələnən, dalağı dağıdılan, ağciyəri əzilən jurnalist 1 saylı Kliniki Tibii Mərkəzə aparılıb və orada dünyasını dəyişib. Faktla bağlı cinayət işi açılıb.
Bu ölüm işi ilə əlaqədar Cavid Hüseynov da daxil olmaqla, 6 nəfər həbs edilib. İstintaqın sonunda CM-nin 126.3-cü (qəsdən bədənə ağır xəsarət yetirmə – ölümə səbəb olduqda) maddəsi ilə təqsirləndirilən beş nəfərin işi ayrılıb və onlar Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 9 ildən 13 ilə qədər həbs cəzası alıb.
CM-nin 307.1-ci (ağır cinayətin hazırlanmasını və törədilməsini bilib xəbər verməmə) və 307.2-ci (ağır cinayəti gizlətmə) maddələri ilə təqsirləndirilən Cavid Hüseynov isə Səbail Rayon Məhkəməsinin hökmü ilə 4 il azadlıqdan məhrum edilib.
Qeyd edək ki, mərhum jurnalist doğum günü ilə bağlı olaraq bu gün saat 19:00-da həmkarları tərəfindən məzarı başında ziyarət ediləcək.