Avqustun 3-ü “heykəl” məhbusu Qiyas İbrahimovun doğum günüdür. O, 1994-cü ildə Bakı şəhərində anadan olub. 2012-ci ilə Bakı Slavyan Universitetinə qəbul olub. Həbs olunanda həmin universitetin 4-cü kurs tələbəsi idi. Gənc fəalın 22 yaşı tamam olur.
Qiyas İbrahimov nidaçı fəal Bayram Məmmədovla birgə may ayının 10-da həbs olunub. Mayın 12-də Xətai Rayon Məhkəməsi gənc fəal haqqında 4 aylıq həbs qətimkan tədbiri seçib. Daxili İşlər Nazirliyinin məlumatına görə, Qiyas İbrahimovun üstündən 2 qram, evindən isə 1 kiloqramdan artıq heroin çıxıb.
Buna da bax: “Nidaçı Bayram Məmmədova polisdə inanılmaz işgəncələr verilib”
NİDA Vətəndaş Hərəkatı bildirir ki, gənc fəallar Heydər Əliyevin Mərkəzi Bankın qarşısındakı heykəlinin postamentinə şüar yazdıqlarına görə həbs olunublar.
Sosial şəbəkələrdə Mərkəzi Bank ilə üzbəüz bağdakı abidənin fotosu yayılmışdı. Abidənin üzərində iki tərəfdən ağ boya ilə Azərbaycan və ingilis dillərində “Qul bayramınız mübarək!”, ön tərəfdə isə “F… the system!” sözləri yazılmışdı.
Buna da bax: Qiyas və Bayram kimdir?
Avqustun 2-də vəkil Nemət Kərimli 1 saylı Bakı İstintaq Təcridxanasında saxlanılan gənc fəal Qiyas İbrahimovla görüşüb. Vəkil bildirib ki, gənc fəal özünü normal hiss edir və saxlanma şəraitindən şikayəti yoxdur.
Bayram Məmmədov və Qiyas İbrahimova Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3 maddələr ilə ittiham elan olunub. İttiham olunan maddələrlə onlara 5 ildən 12 ilə qədər həbs düşür. “Amnesty International” Təşkilatı “heykəl” məhbusları kimi tanınan Bayram Məmmədov və Qiyas İbrahimovu “vicdan məhbusu” elan edib.