Cəbhəçi fəal azadlığa buraxılıb

İnzibati ittihamla 30 sutka həbs olunmuş AXCP üzvü İsmayıl Rəsulovun 30 avqustda Bakı Apellyasiya Məhkəməsində şikayətinə baxılıb. Cəbhəçi fəal məhkəmə zalından azadlığa buraxılıb. 
Bakı Apellyasiya Məhkəməsi Qarabağ əlilinin həbsdə saxlanıldığı altı günü yetərli hesab edib və onun azadlığa buraxılması barədə qərar qəbul edib. Bu barədə Həsən Əhmədovun sədrlik etdiyi hakimlər kollegiyası qərar verib.
Vəkil Əsabəli Mustafayev bu qərarı ictimaiyyətin Qarabağ əlilinə qarşı münasibətə kəskin reaksiyasının nəticəsi kimi qiymətləndirib:
“Biz apellyasiya şikayətini avqustun 29-da məhkəməyə təqdim etmişdik. Şikayətə belə tələsik baxılacağını gözləmirdik. Bu gün qəfildən zəng elədilər ki, “gəlin, şikayətə baxılır”. Hesab edirəm ki, mediada gedən yazıların, Qarabağ əlilinin şərlənməsinə sosial şəbəkələrdəki müzakirələrdəki sərt təpkinin, qınağın nəticəsi olaraq, İsmayıl bəyi azadlığa buraxdılar”.
59 yaşlı İ.Rəsulov küçədə xalqa və dövlətə qarşı çağırışlar edib, söyüş söyərkən yaxınlaşıb onu sakitliyə dəvət edən polisə müqavimət göstərməkdə ittiham edilirdi. Lakin AXCP üzvü ittihamın saxta olduğunu, nə söydüyünü, nə də kiməsə müqavimət göstərdiyini deyir. Bildirir ki, onu evdə olarkən telefonla bölməyə dəvət ediblər, o da könüllü şəkildə gedib.