Cahangir Hacıyev və təqsirləndirilən digər şəxslər məhkəmədə ifadə verib

Cahangir Hacıyev
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində “Azərbaycan Beynəlxalq Bankı”nın keçmiş sədri Cahangir Hacıyev, Mərkəzi filialın direktorları işləmiş Yusif Ələkbərov və Anar Sultanov, Mərkəzi filialın müdiri işləmiş İlqar Abdullayev, bankın inzibati binalarının mühafizəsini həyata keçirən “İnter Security” MMC-nin baş direktoru İbrahim Hüseynov, bankın Nəqliyyat filialının direktoru işləmiş Kənan Orucov, bankın Nərimanov filialının direktoru işləmiş, hazırda “AFB Bank” ASC-nin Müşahidə Şurasının sədri olan Məmməd Cahangirov və Bakı Fındıq Zavodunun direktoru işləmiş Azad Cavadovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası davam etdirilib.
Hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə C.Hacıyevin vəkili Fəxrəddin Mehdiyev məhkəmə iclaslarının arasında fasilənin az olmasına etiraz edib.
Hakim bildirib ki, təqsirləndirilən şəxslər dindirilənə qədər proseslər bu qaydada davam edəcək.
Daha sonra təqsirləndirilən A.Sultanov ifadə verib. O deyib ki, 1997-ci ildən 2004-cü ilə qədər Beynəlxalq Bankda müxtəlif vəzifələrdə çalışıb: “2010-cu ilə qədər bankın Mərkəz filial rəhbəri işləmişəm. Qaydalara görə, filial təminatlı 5000 min, təminatsız 2000 min manat kredit verə bilər. Bundan yuxarı kreditlər Kredit Komitəsi və İdarə Heyyətinin qərarı ilə ayrılırdı. İstintaqda verdiyim ifadəmi təsdiqləyirəm”.
Daha sonra A.Sultanov prokurorun suallarını cavablandırıb. Dövlət ittihamçısı ona C.Hacıyev və onun ailə üzvlərinə verilən plastik kartların prosedura uyğun olub-olmadığını soruşub. A.Sultanov isə bildirib ki, bankda texniki işləri görüb: “Həmin sənədləri hazırlayıb, Mərkəzi ofisə göndərmişəm. Bununla bağlı bankın İdarə Heyyəti qərar qəbul edib, biz isə onu icra etmişik. İdarə Heyətinin qərarının icrası mənim üçün məcburi idi. Cahangir Hacıyevin həyat yoldaşı və qızının adına olan kreditlər Məkəzi filialda olub. Həmin filialda onların imza nümunələri də var idi”.
Digər təqsirləndirilən İ.Abdullayev də ifadə verib. O bildirib ki, 2004-cü ildən Beynəlxalq Bankda çalışıb: “Əvvəl bankın filial müdrinin müavini, 2014-2015-ci illərdə isə filial müdri işləmişəm. İttihamda yer alan 3 kredit müqaviləsində imzam var. Həmin vaxt da filial müdri Yusif Ələkbərov işdə olmadığı üçün müqavilə imzalamışam”.
Məhkəmə günün ikinci yarısında davam etdiriləcək.
Qeyd edək ki, “Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sabiq sədri C.Hacıyev və digər 7 şəxsin Cinayət Məcəlləsinin 179.3.1, 179.3.2 (mütəşəkkil dəstə tərəfindən külli miqdarda mənimsəmə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda), 309.2 (vəzifə səlahiyyətlərini aşma ağır nəticələrə səbəb olduqda), 313-cü (vəzifə saxtakarlığı), 228.1 və 228.4-cü (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinin istintaqı yekunlaşaraq təqsirləndirilən şəxslər, onların müdafiəçiləri iş materialları ilə tanış edilmiş və iş üzrə ittiham aktı Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən iyulun 19-da təsdiq edilərək baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.