Cahangir Hacıyevin sürücüsünə 9 milyon manat kredit necə verilib?

Avqustun 26-da Bakı Ağır Cinayətlər Məhkəməsində Beynəlxalq Bankın eks-sədri Cahangir Hacıyev və digər 7 nəfərin cinayət işi üzrə məhkəmə prosesi davam edib.
Hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən məhkəmədə vəkil Fəxrəddin Mehdiyev bildirib ki, məhkəmə prosesi sürətli keçirilir, həftənin 3 günü səhərdən axşama qədər proses aparılır, ona görə vəkillər müdafiə etdiyikləri şəxslərlə görüşə bilmirlər.
Hakim bildirib ki, təqsirləndirilən şəxslər dindirələnədək proses belə davam edəcək. Yalnız bundan sonra  bu məsələ nizama salına bilər.
Daha sonra təqsirləndirilən şəxslərdən Anar Sultanov ifadə verib. O bildirib ki, 2004-2010-cu illərdə Mərkəz filialının rəhbəri olub:
“Qaydalara görə, Baş İdarənin xəbəri olmadan təminatsız 2 min, təminatla isə 5 mindən artıq kredit verə bilməzdik.  Bundan yuxarı məbləğlər Kredit Komitəsi və İdarə Heyəti kimi qurumların qərarı ilə ayrılırdı. Baş İdarədə qərar veriləndən sonra kredit ayrılması məsələsində  filial daha çox texniki rol oynayırdı. İdarə Heyətinin qərarları mənim üçün məcburi idi”.
A.Sultanov prokurorun suallarına cavab olaraq bildirib ki, Cahangir Hacıyevə və yaxınlarına plastik kartlarla kreditlər verilib:
“Banka müştərilər göndərilib və İdarə Heyəti qərar verib, biz də onu icra etmişik. Cahangir Hacıyev və yaxınlarına kredit verilməsi tapşırığını birbaşa özündən almışam. Bizim bu işdə sırf texniki rolumuz olub. Bizə yalnız çıxarış formasında İdarə Heyətinin qərarları gəlirdi, biz onunla kifayətlənirdik. Cahangir Hacıyevin sürücüsü Aydın Mehdiyevə kredit ayrılması ilə bağlı İdarə Heyətinin 57 saylı qərarı olub. Aydın sürücü olduğundan başı qarışıq olurdu. Sənədi imzalaya bilmirdi. Mən də həmin sənədləri Baş İdarəyə göndərmişəm. Ordan imzalar gələndən sonra ona kredit verilib. İttihamda görünür ki, guya  saxta imza çəkmişəm. Bu, dediyim kimi olub. Mən idarədən gələn imzaya baxmadım. Həmin kredit də 2009-cu ildə bağlanıb”.
Prokuror sual verib ki, Cahangir Hacıyev daxil olmaqla yaxınları – qızı Leyla Mahmudova (Eldar Mahmudovun gəlini), həyat yoldaşına və başqa şəxslərə kredit verilib?
Sultanov cavabında adı qeyd olunan şəxslərə kredit verildiyini bildirib.
Prokuror suallara davam edib. O soruşub ki, Cahangir Hacıyevin sürücüsünə 9 milyon manat kredit verilməsi nə qədər doğru idi?
Anar Sultanov cavabında deyib ki, İdarə Heyətinin qərarı əsasında kreditlər ayrılıb, tapşırıq verilib, onlar da icra edib.
Cahangir Hacıyev Anar Sultanovdan prokurorun adını sadaladığı şəxslərin imza nümunələrinin hansı filialda olduğunu soruşub.
Anar Sultanov qeyd edib ki, həmin şəxslər Mərkəz filialın müştəriləri olduğu üçün həmin imzalar orada olub.
Digər təqsirləndirilən şəxs İlqar Abdullayev məhkəmədə ifadə verib. O deyib ki, 2004-cü ildən bankda işləyib:
“2006-dan filial müdirinin köməkçisi olmuşam. 2014-2015-ci illərdə filial müdiri olmuşam. Cahangir Hacıyevi yalnız bir dəfə görmüşəm. O da məni filial müdiri təyin edəndə. Mən nə mənimsəmədə iştirak  etmişəm, nə də mütəşəkkil cinayətkar dəstənin üzvü olmuşam. Mənə tapşırılanı icra eləmişəm. İttihamda olan 3 kredit müqaviləsində imzam var, o da filial müdüri Yusif Ələkbərov olmayıb deyə imza çəkmişəm”.
Daha sonra prosesdə təqsirləndirilən Yusif Ələkbərov ifadə verib. O, ifadəsində 2001-ci ildən 2012-ci ilə qədər bankda filial müdüri olduğunu deyib:
“İttihamı oxudum, heç bir təqsirimi aşkar edə bilmədim. Burdakılardan yalnız İlqar Abdullayev və Anar Sultanovla əlaqəm olub. Belə vəziyyətlə mən necə dəstə üzvü ola bilərəm?! Bir dəfə də olsun, Cahangir Hacıyevin otağında olmamışam. Vaxtilə mən ərəb vətəndaşın şikayəti əsasında məhkumluq yaşamışam. Dəstə söhbəti mənə gülməli gəlir. Kreditləri biz rəsmləşdirirdik, pullar baş ofisdən götürülürdü”.
Prosesdə təqsirləndirilən Kəran Orucov çıxış edib, o deyib ki, bank yaranandan həmin yerdə işləyib, 2013-cü ildən 2015-ci ilə qədər nəqliyyat idarəsinin müdiri olub:
“Sonra öz ərizəmlə işdən çıxmışam. Beynəlxalq Bankın mühafizə şirkətinin 18 əməkdaşına 16 milyon manat kredit ayrılmalıydı. Göstəriş verdilər. Amma idarənin pulu yoxuydu. Biz krediti rəsmiləşdirdik. Pulu baş idarədən götürdülər”.
Cahangir Hacıyev bildirib ki, həmin şəxslərlə bağlı Kənan Orucovla birbaşa işləyib.
Kənan Orucov cavab olaraq deyib ki, əsasən büdcə təşkilatlarına kredit ayrılması ilə bağlı Cahangir Hacıyev birbaşa təlimat verib.
Cahangir Hacıyev deyib ki, Fındıq Emalı Zavoduna ayrılan kreditlər vergi orqanının hesabına köçürülüb: “Ona görə deyirəm ki, sənədlər ortaya qoyulsun”.
Təqsirləndiriləndən Məhəmməd Cahangirov ifadə verib. O, ifadəsində 2001-dən 2011-ci ilə qədər Nərimanov filialının müdiri olmuşam, sonradan Səbael filialına gətirilmişəm. Mən baş idarənin qərarlarına əsasən böyük məbləğli kreditləri vermişəm. Sürücü Aydın Mehdiyev adına verilən kreditlər Ukraynada biznesə yönəldilirdi. Aydın mənə zəng edib deyirdi “buna bu qədər pul ayır”. İdarədə Akif Əliyev varıydı. Mən işləri onunla məsləhətləşirdim. Akifin yanında olanda Cahangir Hacıyevə zəng edilirdi, ondan sonra kredit ödənirdi. Kredit komitəsinin bu cür kreditlərlə bağlı qərarı sənədlər yığılmamışdan əvvəl gəlirdi. Qərar gəlirdi, pul alan adam gəlirdi, sonra sənədlər yığılırdı. Mən həmişə tələb edirdim ki, kredit alanlar özləri gəlsin, imza çəksinlər, sonra pul verilsin. Pulların hara getdiyi bilmirdim. Cəmi iki dəfə Cahangir Hacıyevlə danışmışam. Biz heç nə edə bilməzdik. Sadəcə kreditlərə memorandum yaza bilərdik ki, bunlar riskli kreditlərdi. Amma bunu yazmaq işdən xaric olunmaq demək idi. Kimin gəlib qol çəkməsindən aslı olmayaraq, ordan pul çıxarılmalı idisə çıxarılacaqdı”.
Prokuror Cahangir Hacıyevdən bu məsələlərin sürücüsünə nə aidiyyatı olduğunu soruşub?
Sabiq bankir deyib ki, bu vəsaitlər Ukrayna və Albaniyada olan biznesə ayrılıb:
“Aydın Mehdiyevlə Məhəmməd Cahangirov bu biznesdə şərik idilər. Problem yarandı, ona görə Məhəmməd Cahangirovun işi dəyişildi”.
Məmməd Cahangirov replika ilə çıxış edərək Cahangir Hacıyevi yalan danışmaqda ittiham edib. O bildirib ki, onun bizneslə heç bir əlaqəsi olmayıb.
Cahangir Hacıyev deyib ki, yalan danışmır: “Olan nədi onu deyirəm. İttiham aktında da var ki, Məmməd Cahangirova aiddiyyatı olmayıb”.
Prosesdə təqsirləndirilən “Inter Security” şirkətinin direktoru İbrahim Hüseynov ifadə verib. O bildirib ki, işçiləri kredit götürmək üçün özü göndərmişəm:
“Biz şirkətinin mühafizəsini həyata keçirirdik. Kənar şəxslərlə müqavilə bağlamırdıq. Ancaq Beynəlxaq Bankla işləyirdik. Aydın Mehdiyev zəng edib kredit götürmək lazım olduğunu, “etibarlı uşaqlar” tapmağımı tapşırıb. Mən də göndərirdim. Bu birbaşa rəhbərliyin tapşırığıdır. Mən heç özüm də bilmirdim ki, bu kreditlər niyə götürülürdü. Etibarlı adam kimi mənə tapşırıq verirdilər, mən də onu yerinə yetirmişəm. İşçilərim hamısı hörmətimi saxlayırdılar. Onlar da mənə güvənirdilər. Bu gün içəridə oturmuşam ki, o uşaqlar tutulmasın”.
Prosesdə Fındıq Emalı Zavodunun direktoru Azad Cavadov ifadə verib. O ifadəsində deyib ki, 2002-2012-ci illərdə ancaq abadlıq işləri aparıb:
“Mənə deyirdilər ki, regionlarda iş yerlərinin yaradılmasına konsepsiya hazırla. Dedim ki, buna pul lazımdır. Pul ayırdılar, 2 hektar torpaq aldım. 2010-cu ildə vergidən gəldilər, xərclədiyim pulların hamısının hesabını verdim. Ancaq onlar nələrisə başa düşmədilər. Cahangir müəllim 10 milyon manat ödədi. Məsələ həll olundu. Xaçmazda, Balakəndə, Oğuzda hektarlarla fındıq sahələri almışdıq. Hamısını əlimizdən alıblar. Pulumuzu da alıblar”.
Proses avqustun 29-a davam edəcək.
Qeyd edək ki, Cahangir Hacıyev və digər 7 nəfər Cinayət Məcəlləsinin 179.3.1, 179.3.2 (mütəşəkkil dəstə tərəfindən külli miqdarda mənimsəmə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda), 309.2 (vəzifə səlahiyyətlərini aşma ağır nəticələrə səbəb olduqda) və 313-cü (vəzifə saxtakarlığı) maddələri üzrə ittiham olunur.