Canımız, malımız “VƏTƏN”ə qurban!

Rəşad Müseyibzadə
2-6 Apreldə kompyuter arxasında Qarabağı “alan”, əsgəri irəli səsləyən, “nazirimizin yanındayıq”, “cənab prezident, Qarabağımızı qaytar” deyənlər, əsgərlikdə çəkdirdiyi şəkilləri profil şəkli edən, hardansa tapdığı zabit paltarını əyninə geyinib “döyüşə hazıram” deyən, “mən antimilitaristəm” şüarını “Ya Qarabağ, ya ölüm”ə dəyişənlər, “Panama Papers”dən yazanlara “indi yeri deyil, sən vətən xainisən, ermənilərə işləyirsən” deyənlər dünəndən bəri bir əsgərin məzarı üzərindən bayraq və plakatların götürülməsinə, şəhid polkovnik Raquv Orucovun xanımının “övladlarına verilməli olan pulu ala bilmədiyi” xəbərinə yaman qəzəbləniblər, paylaşıb, “caan”, “ufff”, “adam bilmir nə söz desin” yazırlar.
Bilirsiniz bunu kimlər edir? 2-6 Aprel döyüşləri zamanı “lazım gəlsə, Qarabağ uğrunda şəhid olaram” yazıb, artistlik edənlər.
Sizə bütün bunların bir oyun olduğunu, camaatın uşağını heç nədən qırğına verildiyini, hamının öz həyatına davam edəcəyini, əziyyət çəkən bu ölən insanların ailələri olacağını izah etməyə çalışırdılar. O zaman onları divara dirəmiş, humanizmdən danışanları daş-qalaq etmişdiniz.
Axı, onlar pis söz demirdilər, deyirdilər ki, bu insanlar heç nədən ölür. Çünki bu ilk dəfə olmurdu, bundan əvvəl də belə “müharibələr” olmuşdu, Şuşaya kimi irəliləmiş, Xankəndini vurmuşduq, Yerevana çatırdıq. Yəni bu hadisələrə dəfələrlə şahid olmuşuq, bu filmi çox görmüşdük.
Bu gün Olimpiyada başlayır. Yenə eyni tip adamlar cuşa gəliblər, 2-6 Aprel döyüşlərində coşanları deyirəm. Yenə idmançılarımızdan qələbə, uğur gözləyirlər.
Azərbaycan idmançıları medala layiq görüldükləri halda rəsmi olaraq 600 min manat (200 min MOK, 400 mini Azərbaycan dövləti ödəyəcək) qazanacaq. Başqa mənbəyə görə isə, hər qızıl medal qazanan idmançıya Azərbaycan höküməti 510 min dollar (815 min manat) ödəyəcək. Nəzərinizə çatdırıram ki, Azərbaycanın heyətindəki idmançıların çoxu əcnəbidir, milliləşdirilib.
Bir ildə iki devalivasiya görmüş, ərzaq məhsullarının qiymətinin günü-gündən qalxdığı, yaşayışın çətinləşdiyi bir zamanda bu israfçılıq nəyə lazımdır axı?
Deyə bilərsiniz ki, bayrağımızı qaldırıb, himnimizi səsləndirirlər, amma nəzərə alın ki, bu idmançılara daha az pul ödəmək də olar. Üstəlik, qızıl qazanan idmançıların sonradan qudurmağı, özünə obyektlər açmağı, hər hansı polis bölməsinə rəis düzəlməyinə dəfələrlə şahid olmuşuq. Onsuz da sosial vəziyyətimiz ağırdır, bu idmançılara bu qədər pul verilməsi vəziyyəti daha da pisləşdirəcək. Yəni, qalib gəlməyimizə, qızıl medal qazanmağımıza çox da sevinməyin, bu günün sabahı da var.
3 ay sonra “bu qudurğan idmançıya niyə bu qədər pul verildi”, “nəyə lazım idi axı qızıl qazanana bu qədər pul vermək?” deməyəsiniz. Deyəcəksiniz, bilirəm. Sizi çox gözəl tanıyıram. Bu hakimiyyət xalqımızın “vətənpərvərlik” hissindən hər zaman istifadə edib. Demokrariya, insan haqları istəyirsən “bizim Qarabağ boyda dərdimiz var” deyirlər, “Panama papers”, “milyardlarla pul hara gedib?” desən, “indi yeri deyil” söyləyirlər. Belə deməkləri çox normaldı, necə də olmasa vətənpərvərlik hər zaman əclafların sığındığı yer olub.
Yazı müəllifin şəxsi mövqeyini əks etdirir. Müəllifin mövqeyi Abzas.net-in mövqeyi ilə üst-üstə düşməyə bilər.