Daha bir cəbhəçi fəal Beyləqanda saxlanıb

Bu gün Azərbaycan Xalq Cəbhəsi Partiyasının Beyləqan rayon şöbəsinin fəalı Vasif Fətiyev saxlanıb.
Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədrinin müavini Gözəl Bayramlının sözlərinə görə, Vasif Fətiyevi küçədə polis tutub.
Gözəl Bayramlı AXCP üzvünün həbsi barədə bu sözləri deyib:
“Onunla birlikdə olan şöbə sədri Füzuli Qəhrəmanlı da təzyiqə məruz qalıb. Onun cibindən eynəyini çıxarıb və götürüblər. Hazırda Vasif Fətiyev polis şöbəsində saxlanılır və onun saxlanılmasının səbəbləri barədə heç bir məlumat verilmir”.
Beyləqan rayon Polis Şöbəsinin polis kapitanı İlkin Hüseynov Meydan TV-yə hadisə ilə bağlı məlumat verib. O bildirib ki, Vasif Fətiyev təhqiqat araşdırması ilə bağlı polis şöbəsinə dəvət olunub və izahatı alınandan sonra buraxılacaq. İ.Hüseynov AXCP üzvünün hansı təhqiqat işi ilə bağlı saxlandığını deməyib.
Polis kapitanı əlavə edib ki, AXCP üzvünə qarşı fiziki güc tətbiq olunmayıb.