Daha iki ReAl üzvü saxlanılıb

Toğrul İsmayıl
Bu gün Respublikaçı Alternativ Hərəkatının daha iki üzvü polis tərəfindən saxlanılaraq naməlum istiqamətə aparılıb. Bu barədə REAL idarə heyətinin üzvü Azər Qasımlı məlumat yayıb:
“Bu dəqiqə aldığım məlumata görə referendumla bağlı yaradılmış və ilkin qeydiyyatdan keçmiş Respublikaçı Alternativ Təşəbbüs Qrupunun səlahiyyətli nümayəndəsi REAL-ın Səbail-Nəsimi Məclisinin Sədri Toğrul İsmayıl və Təşəbbüs Qrupunun və REAL-ın Yasamal Məclisinin Sədr Müavini Elşən Qasımov polis tərəfindən saxlanılıblar. Hazırda onların harda olduqlarını araşdırırıq.”
Hüquq müdafiəçisi, REAL üzvü Rəsul Cəfərov isə bildirib ki, Elşənin yaxınlarının verdiyi məlumata görə, İçərişəhər metrostansiyasının yaxınlığında avtomobildən düşdükdən sonra mülki geyimli şəxslər tərəfindən saxlanılıb və hara aparıldığı barədə məlumat verilməyib. Təxminən 40 dəqiqə bundan əvvəl zəng edib deyib ki, telefonu sondürməliyəm, məni sorğu-sual edirlər.
Xatırladaq ki, avqust ayının 12-i Nəsimi Məhkəməsində REAL Hərəkatının idarə heyətinin üzvü, iqtisadçı Natiq Cəfərli barəsində 4 aylıq həbs-qətimkan tədbiri seçilib.
İqtisadçının həbsi 2014-cü ildə QHT-lərə açılmış cinayət işi çərçivəsində olduğu ehtimal edilir. İqtisadçının ittiham olunduğu maddələrdən biri “qanunsuz sahibkarlıq”dır.