Deputat vətəndaşdan 328 min dollar tələb edir

Deputat faizə pul verir? 
Lənkəran şəhərinin deputatı Rüfət Quliyevdən parlamentin sədri Oqtay Əsədova şikayət məktubu göndərilib. Şikayətçi isə deputatın vaxtilə dostluq münasibətində olduğu, ötən il dünyasının dəyişmiş Namiq Səfərovun həyat yoldaşı Nuranə Səfərovadır.
Məktubun surətini “Azadlıq”a da göndərən Nuranə Səfərova yazır ki, həyat yoldaşının ölümündən sonra deputat onları narahat etməyə başlayıb. İddia edib ki, bir neçə il əvvəl Namiq Səfərova 40 min dollar pul verib, aylıq 8-10 faizlə. Rüfət Quliyev Nuranə Səfərovadan həm əsas borcun, həm də faizinin ödənilməsini tələb edib.
Nuranə Səfərova deputata inanmayaraq, pulu ödəməkdən imtina edib: “Əvvəla, mənim həyat yoldaşım maddi durumu elə idi ki, Rüfət Quliyevdən 40 min dollar faizlə pul almasına ehtiyac yox idi. İkincisi belə bir hal olsaydı, mütləq mən bunu bilərdim”.
Ümumilikdə 328 min dollar tələb edən Rüfət Quliyev dərhal məhkəməyə müraciət edib və dostunun ailəsinin əmlaklarının, o cümlədən evinin, maşınının üzərinə həbs qoyulmasına nail olub. Səbail Rayon Məhkəməsinin hakimi Zaur Əliyev “iddianın təmin olunmasının tədbiri kimi” belə bir qərar verib.
Nuranə Səfərova spikerə yazır ki, deputat bu yolla ona və iki övladına həyat yoldaşından qalmış əmlakları ələ keçirmək istəyir: “Deputat Rüfət Quliyev həyat yoldaşımın ölümündən, mənim də kimsəsizliyimdən sui-istifadə edərək, 40 ildən çox yaxın dostluq etdiyi şəxsin başsız ailəsinə qarşı açıq şəkildə təqiblər həyata keçirir. Özünün deputat statusuna da məhəl qoymayaraq, hərəkətinə hüquqi ”əsas” yaratmaq üçün primitiv formada öhdəlik müqaviləsi hazırlatdırıb məhkəməyə təqdim edib. Həmin müqavilədə də göstərilib ki, guya, həyat yoldaşıma faizə pul verib. Deputat nə vaxtdan sahibkarlıq fəaliyyəti ilə məşğul olur? Faizə pul vermək lisenziyalı fəaliyyətdir. Məgər Rüfət Quliyevin lisenziyası vardı?
Məhkəmə deputatın şikayətini təmin edib və dostunun ailəsinin bütün əmlakına həbs qoyulub
Deputat bu fəaliyyətinə görə vergi ödəyibmi? Göründüyü kimi, qanunsuzluqları saymaqla bitmir”.
Nuranə Səfərova onu da qeyd edir ki, iddia tələbinin predmetini ödənilməli olan əsas və faiz borcu, yəni pul təşkil edir, amma hakim Zaur Əliyev deputatın istəyilə onun bütün əmlakının üzərinə həbs qoyub: “Halbuki, təmin tədbiri yalnız iddianın predmetinin üzərinə həbs qoyulmasını mümkün edir. Bu iddianı qaldırarkən deputat Rüfət Quliyev sələmçilik fəaliyyəti ilə məşğul olduğunu etiraf edib. İddia ərizəsinə əlavə etdiyi öhdəlik müqaviləsində Rüfət Quliyevin faizə pul verdiyi yazılıb – özü də nə az, nə çox 8-10 faizə. Buna görə də uydurma “40 min dollar” məbləğini faizlə şişirdərək, 328 min dollara çatdırıb”.
Nuranə Səfərova məktubunun sonunda Milli Məclisin sədrindən xahiş edir ki, deputat Rüfət Quliyevin əməlləri parlamentin İntizam Komissiyasının iclasında müzakirəyə çıxarılsın, onun əməllərinə hüquqi qiymət verilsin: “İnanın ki, Rüfət Quliyevin mənim çoxsaylı əmlakımı ələ keçirməsi ilə əlaqədar etdiyi təzyiqlər nəticəsində son əlac kimi, intihar həddindəyəm”.
Qeyd edək ki, deputat Rüfət Quliyevin Nuranə Səfərovaya qarşı iddiası üzrə növbəti məhkəmə iclası avqustun 18-də keçiriləcək.

 

Əvvəlki məqalə“Ədaləti bərpa etməyə çalışmalıyıq”
Növbəti məqalədəMəhkəmə Xədicə İsmayılın cəzasını azaltdı