“Dövlətin ayırdığı pullar havaya uçur”

Azərbaycanın televiziya kanallarına serial çəkilişləri üçün 2011-ci ildən indiyə qədər dövlət tərəfindən ayrılmış 11 milyon manat vəsait hesabına TV-lər ümumilikdə 40 serial çəkib.
Çəkilən serialların peşəkarlıq baxımından nə dərəcədə ciddi olduğu və cəmiyyət üçün nə dərəcədə faydalı olduğu ilə bağlı kinoşunasların münasibətini öyrəndik. Kinoşunaslar Əli İsa Cabbarov və Aygün Aslanlı Abzas.net-ə mövzu ilə bağlı danışıb. 
Rejissor Əli İsa Cabbarov deyir ki, onun fikrinə görə serialların səmərəliliyi 30% olub və bunun əsas səbəbi tenderin olmasıdır:
“MTRŞ-in tenderdən imtina etməsi yanlış yolun başlanğıcı oldu. İstehsalatçı şirkətlər arasında tender olmalı və telekanallar da öz layihələri ilə orda iştirak etməlidirlər. Bu cür şəffaf müsabiqələr olmadığı üçün keyfiyyət çox aşağı düşdü və biz bu gün çəkilmiş onlarla serial arasında cəmi iki, ya üçünü yada sala bilərik. Əsas problem odur ki, müsabiqəlilik olmadı, sadəcə layihələr telekanallar arasında bölüşdürüldü və belə bir nəticə alındı”.
Əli isa cabbar
Əli İsa Cabbarov
Rejissor bildirir ki, təxminən 5 il əvvəl MTRŞ sədri Nuşirəvan Məhərrəmli “productionlardan daha çox televiziya şirkətlərinə güvənirik, səbəb isə onların daha etibarlı qurum olmasıdır” açıqlamasını vermişdi:
“Ancaq zaman göstərdi ki, Nuşirəvan bəyin gətirdiyi arqument əsassızdır. Çünki bəzi TV kanalları layihələri satın alsa da, ya çəkiliş etmədi, ya da əldə edilən vəsaiti başqa məsələlər üçün sərf etdi. Hətta bu barədə uzun müddət davam edən məhkəmələr də oldu”.
Əli İsa Cabbarov problemlərin tək çıxış yolunun hər kəsin öz layihəsini təqdim etməyi və komissiyanın da layihələrdən birini seçməli olduğunu deyir:
“Belə müsabiqələr olmadığı üçün filmlərdə ancaq keyfiyyətsiz və əksəriyyətində peşəkar təcrübəsi az olan yaxud ümumiyyətlə olmayan komandalar iştirak edir.  Ona görə də sadəcə 2-3 normal keyfiyyətə sahib serial adı çəkmək olar ki, onların effektivliyi olub”.
Kinoşunas Aygün Aslanlı isə dövlətin maliyyəsi serial istehsal edən studiyalara lazım olan texniki avadanlıqları almaq üçün sərf olunmalı olduğunu deyir:
“Serial elə bir sahədir ki, o özü-özünü dolandırmalıdır, yəni davamedici prosesdir. 10, 20, 100 seriya davam edir və bunu davamlı olaraq maliyyələşdirmək mümkün deyil. 2011-ci ildə bu sahəyə yeni-yeni pul ayrılmağa başlananda bütün telekanallar seriallar çəkməyə başladı, demək olar ki, hər kanalda 5-10 serial var idi. Amma indi serialların sayı azalıb. Səbəb kimi isə ayrılan vəsaitin özünü doğrultmadığını göstərə bilərik. Yəni həmin vəsait çəkilişə yox avadanlığa ayrılmalı idi. Aktyorlarla müqavilələr, qonorar sistemi kimi məsələlərə dəstək oluna bilərdi, məncə dövlətin serialların istehsalatına pul ayırması yanlışdır”.
Kinoşunas serialın funksiyasından danışır, bildirir ki, film çəkilir, izlənir, kanallar onu satın alır və reklamdan əldə edilən gəlirlə pul qazanılır, hər kəsə çatdırılır:
“Yoxsa hər dəfə 1-1,5 saat efirdə olan serial 15-20 min pul tələb edir. Təsəvvür eliyin, o pul necə bölüşdürülməlidir ki, hər kəsə bütün müddət ərzində çatsın. Bizdə sistem hələ qurulmadığına görə dövlətin ayırdığı pullar havaya uçur”.
 Aygün Aslanlı
Aygün Aslanlı
Aygün Aslanlı Azərbaycandakı serialların insanlara necə təsir etməsindən də danışır. Ekspert deyir ki, təsir serialın populyarlığından asılıdır, serial çox baxılırsa, kütləyə təsiri çox böyük olur: “Məsələn, türklərin çəkdiyi “Muhteşem Yüzyıl” serialını nümunə kimi göstərə bilərik. Böyük əks-səda doğuran bu filmi izləyən insanlar tarixi kitabdan yox, ordan öyrənirdilər, maraq böyük olduğu üçün serialın çəkildiyi yerlərə gedirdilər”.
Kinoşunas Azərbaycanda yaddan qalan seriallardan da danışır. Deyir ölkədə də yadda qalan seriallar var, xüsusilə bizim kimi ölkələrdə aktyorlar, rejissorlar üçün seriallar böyük əhəmiyyət daşıyır, çünki bu daimi iş yeri deməkdir.
“Rövşən İsaxın “Pərvanələrin rəqsi”, “Vicdan Haqqı” serialları və “Dəfnə yarpağı” kifayət qədər baxılır. Kabel televiziyası, rəqəmsal TV-lərdə o qədər rus, türk kanalları və göstərilən seriallar var ki, saysız-hesabsız məhsulun fonunda tamaşaçını cəlb etmək biraz çətindir. Bunun üçün bəzi standartlara əməl etmək lazımdır, məsələn vaxtı nəzərə almaq, əhvalatı daha da diqqət çəkici edə bilmək faktlarını nümunə göstərmək olar” – deyir Aygün Aslanlı.
Kinoşunas deyir ki, bu proseslər Türkiyədə 90-cı illərdə başlayıb, 2000-ci illərin əvvəlindən isə seriallar diqqət çəkməyi bacarıb. Onun fikrincə iş sistemi düzgün qurulsa, rəqabət olsa bizdə də bu proseslər kifayət qədər tez baş verə bilər,ancaq Azərbaycanda serialların vəziyyəti elə də pis deyil. Dövlətin pul ayırmağına gəldikdə isə, o düşünür ki, ayrılmış maliyyə havayı səpilmiş pullar idi.