Elgiz Qəhrəmana valideynləri ilə görüşə icazə verilmir

NİDA Vətəndaş Hərəkatının həbsdə olan üzvü Elgiz Qəhrəmana valideynləri ilə görüşməyə icazə verilməyib. Bu haqda nidaçı siyasi məhbusun valideynləri məlumat veriblər.
İstintaq təcridxanasından Elgiz Qəhrəmanın valideynlərinə bildirilib ki, təcridxanada müstəntiqin icazə kağızı olmadan görüşmək mümkün deyil.
Məsələ ilə bağlı vəkil Fariz Namazlı bildirir ki, bu qanunsuz hərəkətdir, ən azı həftədə bir dəfə həbsdə saxlanılan şəxsin valideynləri, qohumları ilə görüşünə icazə verilməlidir: “İcazə kağızına gəlincə, bu da həqiqətə uyğun deyil. Çünki icazəni İstintaq Təcridxanasının rəisi verir”.
Qeyd edək ki, Elgiz Qəhrəman avqustun 12-də saxlanılıb və yeri bir neçə gün bilinməyib. Avqustun 15-də bəlli olub ki, Nərimanov Rayon Məhkəməsi avqustun 13-də onun barəsində ilkin istintaq dövrü üçün 4 aylıq həbs qərarı verib. Nidaçı gənc CM-nin 234.4.3-cü (satış məqsədilə külli miqdarda narkotik saxlama) maddəsilə ittiham olunur.
E.Qəhrəman vəkili ilə görüşəndən sonra bu ittihamın ona heç bir aidiyyəti olmadığını, işgəncəyə məruz qaldığını bildirib.
NİDA Vətəndaş Hərəkatı da E.Qəhrəmana qarşı ittihamların əsassız olması, onun siyasi mövqeyinə görə həbs edilməsi barədə bəyanat yayıb.