Erdoğan: “Bədəlini ağır ödəyəcəklər”

Türkiyə prezidenti Rəcəb Tayyib Erdoğan Suriyanın Cerablus şəhərinin İŞİD terror təşkilatından azad edilməsi üçün keçirilən əməliyyat barədə danışıb.
Prezident iqamətgahında əlillərlə görüşdə çıxış edən Erdoğan deyib ki, bu gün səhər saat 04.00 radələrində ordu Suriyanın şimalında Türkiyəni təhdid edən İŞİD-ə qarşı hərbi əməliyyata başlayıb:
“Ölkəmizə hücumlar işi bu nöqtəyə gətirdi. Biriləri bizə meydan oxuyur ki, Türkiyə Suriyaya daxil olsa, pis olacaq. Türkiyəyə qarşı təhdid yaradan kim olursa olsun, ordumuz, polisimiz onun qarşısındadır. Qaziantepdə 53 vətəndaşımızın şəhid edilməsinin bədəlini ağır ödəyəcəklər. Dünya terroru sadəcə qınayır, seyr edir. Heç bir dövlətin etmədiyini biz Suriya üçün etdik. İllərdir suriyalı qardaşlarımızı ölkəmizdə qonaq edirik. Hanı suriyalı qaçqınlara maddi yardım göstərəcəyini bildirən dövlətlər? Müqavilənin bağlanmasından 8 ay keçib, haradadı yardım? Artıq heç kim Suriya məsələsini Türkiyənin daxili işlərindən kənar görə bilməz. Suriyadan ölkəmizə qarşı hücumlara artıq son qoyulmalıdır. PKK-nı, İŞİD-i üzərimizə salanlar artıq bu oyunun pozulduğunu görməlidirlər. Vətənimizi parçalaya, bu dövləti dağıda, xalqı diz çökdürə, bu xalqa boyunduruq vura bilməyəcəksiniz. Biz Yaxın Şərqlə, Qafqazla bir əsr əvvəl bir yerdə olduğumuzu unuda bilmərik, onlara arxa çevirə bilmərik”.
Erdoğan ABŞ-ın vitse-prezidenti Joe Bidenin Ankaraya gəldiyini və onunla görüşəcəyini də bildirib:
“Baydenə deyəcəyəm ki, 1999-cu ildən FETÖ lideri ölkənizdədir. ABŞ və Türkiyə arasında cinayətkarların ekstradisiyası ilə bağlı imzaladığımız müqavilənin 9-cu bəndinə əsasən Fətullah Güləni Türkiyəyə təhvil verməlisiniz. ABŞ-a rəsmi müraciət etmişik. Biz ABŞ-ın istədiyi cinayətkarları sorğu-sualsız ABŞ-a təhvil vermişik, çünki bizim strateji əməkdaşlığımız var və terror təşkilatlarına qarşı birgə mübarizə aparmalıyıq. Əgər biz strateji ortağıqsa, bu cür adamı ABŞ-da saxlamaq ABŞ-a heç nə qazandırmır”.