Faiq Əmirli barəsində 3 ay müddətinə həbs-qətimkan tədbiri seçilib

Binəqədi Rayon Məhkəməsində Azərbaycan Xalq Cəbhəsi Partiyası sədrinin köməkçisi, “Azadlıq” qəzetinin yayım direktoru Faiq Əmirov barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı prokurorluq orqanının vəsatətinə baxılıb.
Hakim Şəlalə Həsənovanın sədrliyi ilə keçirilən iclasda F. Əmirovun barəsində 3 aylıq həbs qətimkan tədbiri seçilib.
Qeyd edək ki, F. Əmirov Cinayət Məcəlləsinin 283.1 (Milli, irqi, sosial və ya dini düşmənçiliyin salınmasına, milli ləyaqətin alçaldılmasına, habelə milli, irqi, sosial və ya dini mənsubiyyətindən asılı olaraq vətəndaşların hüquqlarının məhdudlaşdırılmasına və ya üstünlüklərinin müəyyən edilməsinə yönələn hərəkətlər, aşkar surətdə və ya kütləvi informasiya vasitələrindən istifadə olunmaqla törədildikdə) və 168.1-ci (Dini məzhəbləri yaymaq və dini ayinlərin icrası adı altında fəaliyyət göstərən və bu fəaliyyətlə ictimai asayişi pozan, yaxud vətəndaşların sağlamlığına zərər vuran və ya formasından asılı olmayaraq vətəndaşların hüquqlarını pozan, habelə vətəndaşların qanunla müəyyən edilmiş vəzifələrini yerinə yetirməkdən yayındıran qrup təşkil etmə, ona rəhbərlik etmə və ya belə qrupda iştirak etmə) maddələri ilə təqsirləndirilir.
İstintaq eyni zamanda Faiq Əmirlini Hizmət təşkilatının Azərbaycandakı imamı elan edib. Faiq Əmirli ona qarşı irəli sürülən ittihmları rədd edib və heç bir ifadə verməyib.
Xatırladaq ki, F.Əmirlini avqustun 20-də yaşadığı binanın qarşısında mülkigeyimli şəxslər saxlayıb. Onu Baş Prokurorluğun Ağır Cinayətlərə dair İstintaq İdarəsinə aparıblar. F.Əmirlinin avtomobilinin yük yerindən Fethullah Gülen-in bir neçə kitabının çıxdığı deyilir. Ancaq F.Əmirlinin yaxınları və bəzi şahidlər deyirlər ki, həmin kitabları ora onun maşınına baxışdan öncə naməlum adamlar qoyublar. F.Əmirli də deyir ki, saxlanandan sonra onun maşınının açarı bir saatlıq əlindən alınıb.