Gələcəyi gətirən insan – Elon Musk

Əgər bir təşəbbüskar insan ilk “online” ödəniş imkanı yaradan sistemin qurucularından biridirsə (PayPal), ardınca dünyanın ən çox ümid vəd edən elektriklə işləyən avtomobilini istehsal edən şirkəti qurubsa (Tesla Motors), üstünə bir də enerji sektoruna girib günəş panellərininin istehsalına başlayıbsa (SolarCity), bu da azmış kimi Marsa yerləşəcək ilk insan koloniyasının istifadə edəcəyi raketlərin istehsalına başlayıbsa (SpaceX) daha çox diqqətə layiq olduğunu qəbul etməliyik.
Cənubi Afrika Respublikasında 1971-ci ildə doğulan Elon Musk (Elon Mask), ali təhsilini ABŞ-da bitirib. Fizika və iqtisadiyyat sahələrində 2 bakalavr təhsilindən sonra Stanford Universitetində “tətbiqi fizika və texniki elmlər” sahəsində doktoranturaya başlayıb, lakin bir müddət sonra təhsilini yarımçıq buraxıb.
Musk mətbu orqanların internetə keçidini təmin edəcək bir sistemi inkişaf etdirmək üçün “Zip 2” adını verdiyi bir şirkət quraraq iş həyatına başlayır. Qurduğu bu şirkəti 1999-cu ildə kompüter istehsalçısı “Compaq”a 307 milyon dollara satır. Əldə etdiyi gəlirlə də internetdən kredit kartı ilə alış-verişi mümkün edən ilk şirkəti, “PayPal”ı qurur.
2002-ci ildə qurduğu “PayPal”-ı 1.5 milyard dollara “eBay”-a satdıqdan sonra əldə etdiyi gəlirlə Havaiyə köçür, qazandığı pulları yediyini düşünürsüzsə, yanılırsınız. Daha 3 şirkət qurur, üstəlik hökümətlərin belə bacara bilməyəcəyi sahələrdə fəaliyyət göstərən şirkətlər.
Elon Musk pul qazandıran sektorlardan əlavə, insanlığa faydası olacaq sahələrdə iş görməyi seçən, vərdiş etmədiyimiz tərzdə bir təşəbbüskar və iş adamıdır. İnsanlığın mənfəətinə uyğun olduğuna inandığı 3 əsas sahəni – enerji, nəqliyyat və kosmosu seçən Musk, bu 3 sektorun hər birində ayrı şirkət qurur.
Elon Musk prezident Obamanı SpaceX ilə tanış edir
Elon Musk prezident Obamanı SpaceX ilə tanış edir
Bu 3 sahədən ilk 2-nin zəruriliyi hər kəsə məlumdur. Xüsusi ilə də fosil yanacaqlarının atmosferdə törətdiyi fəsadları və nəticədə qlobal istiləşməyə gətirib çıxarması nəzərə alsaq həm təmiz enerjiyə, həm də təmiz enerji ilə çalışan nəqliyyat vasitələrinə olan ehtiyac başa düşüləndir.
İndi də təşəbbüskarımızın çalışdığı digər sahəyə nəzər salaq: kosmik səyahət. Elon Musk gələcəkdə yaşanması ehtimal olunan bir fəlakətə qarşı insan irqinin bir çox planetdə həyatını davam etdirə bilməsinin vacib olduğunu düşünür.
Doğrudan da, elmi və texnoloji yeniliklər nə qədər aydınlıq bir gələcək portreti çəksə də, bunun bir qaranlıq tərəfi də var. Məsələn, “kəndir” teorisyasının ərsəyə gəlməsində əməyi keçən dünyanın ən önəmli fiziklərindən Mochio Kaku gələcəkdə insanlığı gözləyən bir çox fəlakət ssenarilərinin reallaşması ehtimalını gözardı etmir.
Kaku-ya görə, gələcəkdə “ispan qripi” virusunun (1-ci Dünya müharibəsində ölən insan sayından daha çox insanın ölümünə səbəb olmuşdur) DNT-ni istehsal edənlərlə və ya evinin baxçasında uranı zənginləşdirməyə çalışan insanlarla qarşılaşa biləcəyimizi mümkün hesab edir. Bu kimi təhdidlərdən əlavə planetimizə böyük bir asteroidin çırpılması da təhdid olaraq görülür.
Elon Musk bəşəriyyətin kosmosa yayıla bilməsi üçün lazım olan ən təməl şərtin təkrar istifadəyə yararlı ola biləcək raketlərin olduğunu düşünür. Əgər bir gün Marsda bir koloniya qurulacaqsa və hər səyahətdə bir raket fəda ediləcəksə, işin maliyyə yükü altından çıxa bilməyəciyimiz ölçülərdə olacaq.
Elon Musk
Elon Musk
Musk-ın qurduğu SpaceX şirkəti bu problemi həll etmək üçün təkrar istifadə edilə bilən raketlərin istehsalı üçün çalışır. Şirkət yarandığı gündən etibarən xeyli məsafə də qət edib. Artıq bir neçə ildir ki, şaquli şəkildə qalxış və eniş edə bilən raketləri uğurla sınaqdan keçirir.
Musk-ın özündən əvvəlki sahibkarlardan fərqli cəhəti də ondan ibarətdir ki, təhsili fizika, texniki elmlər və iqtisadiyyat olsa da, geniş mühəndislik bazası və uzaqgörənliyi ilə çox çətin sahələrə də girməyinə özündə cəsarət tapır. Məsələn, universitetdə alınan fizika və ya texniki elmlər təhsili ilə raket firmasını qura bilmək qədər.
Elon Musk yeni nəsil ixtiraçı-sahibkarların ən parlaq nümayəndələrindən biridir. Bu gün belə görməyə başladığımız və gələcəkdə daha da çox görəcəyimiz bir təşəbbüskar zehniyyətinin hərəkətə keçən nümunələrindən sadəcə biri.
Elon Musk kimi  bu gün adını çəkə biləcəyimiz bir çox yeni sahibkar-ixtiraçı artıq bir iş qurmaq üçün o sahədə diploma sahib olmağı gözləmir. Hətta ümumiyyətlə diplom əldə etməyi düşünmürlər. Oxşar nümunələr kimi Facebook, Twitter, Microsoft və Apple kimi dövrümüzün ən qabaqcıl şirkətlərinin qurucularının da adını çəkə bilərik ki, onların heç biri universitet məzunu olmayıblar.
Tərcümə: Məcid