Gənc yazar və bloqçular üçün tövsiyələr – Şahvələd Çobanoğlu

Mən növbəti dəfə qəzetə rəhbərlik etdikdə vəzifəmi baş redaktor yox, başlıq redaktoru adlandıracağam. Çünki işdə bununla çox məşğul oluram.
Azərbaycan jurnalistikasında başlıqlarla bağlı çox əməyim olub.
Bu gün böyük əksəriyyət yaxşı başlıq qoyur. Amma nədəsə aldanırlar (adlarda aldananlar! – belə başlıqlar da olur). Təsəvvür edin ki, siz mənimlə müsahibə götürmüsünüz.
Mən sizə əsas işimin başlıq qoymaqdan ibarət olduğunu danışıram. Siz də yazını belə adlandırırsınız: “Başlıq redaktoru”.
Yaxud belə: “Şahvələd Çobanoğlu: Mən baş redaktor yox, başlıq redaktoruyam”.
Yəni bu sözlə oynayırsınız. Bu çox yaxşıdır. Amma bilin ki, buna aldana bilərsiniz. Müsahibədə elə bir başqa bir fikir, ya yeni məlumat ola bilər ki, onun başlığa çıxması daha çox cəlbedici ola bilər.
Məsələn, mən həmin müsahibədə deyirəm ki, məşhur “vor zakon” mənə məktub yazmışdı…
Bax, belə məqamlar ola bilər. Yaxud deyə bilərəm ki, filan siyasətçi məni şantaj etmək istəyirdi. Həmin siyasətçi dişədəyəndirsə, deməli, başlığı bu məqamdan çıxarmaq olar.
ÜMUMİ TƏLƏBLƏR:
– qısa olsun;
– gözəl səslənsin;
– aydın olsun;
– təəccüb doğursun;
– çox maraqlı məlumata işarə versin.
Bu tələblərin hamısına birdən əməl etmək mümkün deyil. Amma onların uyğunlaşdırmağa və ya birinə ağırlıq vermək olar. Məsələn, bəzən qısa olmaqdan vaz keçirsən ki, çox cəzbedici bir cümləni başlığa sala biləsən.
Yazmağa başlayırsan. Gənc yazara 10 vacib məsləhətim

Məsləhət 1.
Ölkənin ən çox oxunan müəllifi Zamin Hacı kimi yaxşı yazmağa çalışma! Bu, səni elə qarışıq bir “dalana” salar ki, sən heç vaxt yaxşı yazar ola bilməzsən.
Sən bilməlisən ki, xəbərlərin və digər jurnalistika qeydlərinin yaxşı olması ümumi tələblərə uyğun olması ilə, müəllif yazıları isə fərqli məziyyətləri ilə üstün olur. Deməli, sən xəbəri hamı kimi yazmağa, müəllif yazılarını özün kimi yazmağa çalışacaqsan.
Məsləhət 2.
Oxucunun çətin adam olduğunu düşün. Yazını konkret adamlar üçün yazırsan. Düşün ki, o, bunu asanmı anladı. Sənin cümlələrin ona aydın və xoşagələndirmi?
Fikrin onun ağlına batacaqmı? Onun etirazı ola bilərmi? Onun üçün bilinməyən nəsə qaldımı bu mövzuda?
Məsləhət 3.
Hər bir mövzuya aid bir neçə sual var: Nə? Nə zaman? Harada?
Amma düşün ki, başqa suallar varmı. Məsələn: Niyə? Nəyinə lazımdır? Başqa cür ola bilərdimi? Bu suallar üçün ağlını və fantaziyanı işə salmalısan…
Məsləhət 4.
Hamının bildiyi şeyi yazırsansa, elə yazmalısan ki, maraqlı olsun.
Məsləhət 5.
Tutaq ki, heç kimin bilmədiyini fəxrlə yazırsan. Amma düşün, bunu bilmək maraqlıdırmı kiməsə?

Məsləhət 6.
“Gözəl qızın qulağını tərifləmək” problemi. Siz gördünüzmü ki, bir gözəl qızın qulağını tərifləyələr, qulağının gözəl olduğunu deyələr? Yazıda bu hallara yol verməyin. Əhəmiyyətsiz məqamlardan qaçın.
Məsləhət 7.
Problemdən yazırsınız. Amma problemin olmadığı da maraqlıdır. Odur ki, proseslərin bu cəhəti də sizin diqqətinizi çəkə bilər.
Məsləhət 8.
Faktlar maraqlıdır. Olanları yazırsınız? Amma siz olanların hara və nəyə apardığını, yəni gələcək nəticələrini yaza, sual edə və cavablar ala bilərsiniz.
Məsləhət 9.
Kiçik mövzu, xırda məsələ yoxdur. Siz ərəb dünyasında baş verənlərin ölkəmizə təsirini, korrupsiya ilə bağlı problemi yazırsınız, amma yumurtanın qiymətinin qalxmasını da yaza bilərsiniz.
Məsləhət 10.
Tam əhatə etdinmi? Qatarlarda gediş haqqı qalxıb, amma nə qədər qalxdığını yazmırsan.
5 vacib sual
Hər dəfə bu sualları unutmayın:
1. Yazı ilə bağlı bütün detallarımı öyrəndinizmi?
2. Öyrənmədikləriniz nədir və yazıda bu problemi necə həll etməlisiniz?
3. İlk atəş – ilk abzas necə olacaq?
4. Yazının strukturu necə olacaq?
5. Başlıq necə olacaq?
Kərpiclər: nələr mətn divarını əyri edir?
İstənilən mətn, xəbər bitmiş fikir bildirən cümlələrdən ibarətdir. Biz onları kərpic kimi düzüb abzası və mətni düzəldirik. Bu zaman bir neçə problem var.
• Sözlər orfoqrafik cəhətdən düzgün yazılsın.
• Cümlələr qrammatika cəhətdən yanlış olmasın.
• Vergülün, nöqtənin və digər durğu işarələrinin macəraları yaranmasın. Yəni punktasiya problemi olmasın.
• Fikir anlaşılan olsun.
• Məna düzgün ifadə edilsin.
• Mülahizə məntiqsiz olmasın.
• Faktlarda, adlarda yanlışlığa yol verilməsin.
• Sitatlar təhrif edilməsin.
• Əvvəlki fikrə təzad yaranmasın.
• Təkrarçılığa yol verilməsin.
Biz kərpicləri bu qaydalara uyğun düzməsək, divarda əyrilər, deşiklər yaranır…
İlk atəş. Mətni necə qurmalı?
Haradan başlamalı, ilk cümlədə və sonrakı cümlələrdə nəyi önə çəkməli, nəyə vurğu qoymalı? Bu ən vacib məsələlərdən biridir. Necə etməli?
Tutaq ki, siz Cabbar Savalanlının həbsi ilə bağlı xəbər yazırsınız. Hadisə fevralın 5-də olub. Siz onun saat neçədə, harada, haradan gələrkən həbs edildiyini, üstündə narkotik olması ittihamı ilə həbs olunduğunu, polisin onun həbsi barədə ailəsinə xəbər verməməsini və s. detalları öyrənmisiniz.
Nədən və necə başlamalı?
Siz bu haqda ilk dəfə yazıldığını bilirsinizsə, düşünüb daşınırsınız. Axı hər xəbər “Fevralın 5-də AXCP Gənclər Komitəsinin üzvü Cabbar Savalanlı Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb” tipli “ilk atəş”lə başlamır ki… Amma belə də başlamaq olar.
Bəs daha nə cür başlamaq olar? Məsələn, belə: “Daha bir siyasi fəal narkotik ittihamı ilə tutuldu”.
Yaxud belə: “Fevralın 5-də gənc fəal Cabbar Savalanlı Sumqayıt polisi tərəfindən narkotik ittihamı ilə saxlanılması üzvü olduğu AXCP Gənclər Komitəsi tərəfindən qəzəblə qarşılanıb”.
Siz vurğunu nəyə qoyursunuz? Bunu başınızda saf-çürük edirsiniz. Hadisənin vaxtını, yerini, necəliyini, motivini, kimə aid olmasını, onun yaratdığı təsiri, necə qarşılanmasını, gələcək perspektivini və s. qurğuşunlardan birini seçə bilərsiniz.
Daha sonra da bu qayda ilə, təbii ki, fikirləri bir-biri ilə əlaqələndirərək maraqlı və aydın olmaq şərti ilə yazır, izah edirsiniz.
Kimdən sitatı qabağa salacaqsınız, sonluğu nə ilə bitirəcəksiniz – bunların hamısı yazının maraqlı, dolğun və ustalıqla qələmə alınmasını şərtləndirir.
Bir neçə məsləhət:
• Sadə yazın.
• Qısa yazmaq yaxşıdır, lakin elə etmək olmaz ki, mətn qısa cümlələrin monotonluğu ilə boğulsun.
• Cümlədə 20 sözdən artıq işlənəndə düşün ki, bu çox uzun cümlə olmadımı və cümlədə Kİ bağlayıcısı çox deyilmi.
• Yaxşı səslənən təsirli sözlərdən qaçmayın, lakin onların bolluğu və işlənmə yeri mətni bədii-lirik məziyyətli etməməlidir.
• Uzunçuluğu nə zəhlətökən redaktorlar, nə də oxucular sevmir.
• Lakin qısa yazmaq dolğun yazmaqdan imtinaya əsas olmalı deyil.
***
Bəs bloqda nədən yazaq, nə yazaq?
Hər bir məlumatın özəlliyi…
Bloqçu öz işində tam sərbəstdir. Amma əksər mütəxəssislər və uğurlu bloqçular deyir ki, bloqun uğurlu olması üçün onu hansısa məqsədli auditoriyaya yönəltmək lazımdır.
Üstəlik, işin davam etdirilməsinin sizə ağır olmaması üçün bloqdakı mövzuları elə seçmək lazımdır ki, burada nəyisə müzakirə etmək sizə maraqlı olsun.
İnsanlar hansı səbəbdən bloqlar yaradır və bunun nəticəsi olaraq bloqlar hansı növlərə bölünür?
İnternetdə bununla bağlı kifayət qədər müzakirələr aparılıb. Bundan əvvəlki dərsdə bu haqda danışılıb. Lakin təyinatına görə bloqların necə olduğunu tam anlamaq üçün bloqlardakı məlumatların hansı növlərdə olduğunu bilmək lazımdır. Çünki hər bir bloq ayrı-ayrı məlumatlardan ibarətdir.
Bəs nə yazmaq lazımdır? Ümumiyyətlə, nə yazmaq olar? Bəs başqaları nə yazır?
2002-ci ildə ilk bloqunu yaradan və bu günə qədər də bloqlar üzrə tanınmış ekspert hesab edilən Derren Rauz özünün internetdəki «PorBlogger» jurnalında bloqlarda rast gəldiyi 20 növ məlumat barədə danışır.
Gəlin onun müşahidələrinə diqqət ayıraq. Bunlar hər bir bloqçuya maraqlı ola bilər
(Rowse D. ProBlogger // http://www.problogger.net/archives/2005/11/29/20-types-of-blog-posts-battling-bloggers-block/):
1. İnformasiya məlumatları. Bu, məlumatın ən geniş yayılmış növlərindəndir. Məlumatın müəllifi özünün yaratdığı mövzu ilə bağlı informasiya verir.
2. Xülasələr. Məlumatın ən geniş yayılmış və tələb olunan növlərindən biridir. Əgər kimsə hansısa malı (məsələn, mobil telefon) almaq istəyirsə, o, artıq həmin malı əldə edən və onunla bağlı rəyini bölüşməyə hazır olan insanların fikrini axtarır. Nəticədə arqumentləşdirilmiş müzakirə əsasında kifayət qədər aydın mənzərə yaranır.
3. Siyahılar. Belə məlumatlar aşağıdakı formada olur: “Gəlin on ən yaxşı…”, “Bir hadisənin yeddi səbəbi…”, “Beş sevimli…” və s. Belə məlumatlar oxucular arasında çox populyardır. Bloqların işlədiyi interaktiv rejim isə məlumatları korrektə və əlavə etməyə imkan verir. Nəticədə, çox faydalı kontent yaranır.
4. Müsahibə. Bloqqerlər çox nadir hallarda hansısa ekspertin suallara cavablarını dərc edirlər. Bu adətən çoxlarına maraqlı olan, amma çox adamın dərin biliklərə sahib olmadığı mövzularla bağlı edilir. Belə bir təcrübə bloggerə əlavə oxucular cəlb etməyə kömək edə bilər. Vacib olanı odur ki, suallar çox olmasın, eyni zamanda onlar düzgün formalaşdırılsın. Elə olsun ki, ona cavab verən insan həddən çox izaha girişmədən mövzunu açıqlaya bilsin.
5. Keys (təlim və ya sadəcə tipik nümunə). Oxucular üçün maraqlı olan hansısa sualların araşdırılması. Real nümunələrdə həll. Məsələn, bazarda avtomobilin alınması zamanı ortaya çıxan problemlər təsvir olunur və onun həlli yolları göstərilir. “Keys”də əsas odur ki, onun əsasında uydurma deyil. Real hadisələr durur. Bu publikasiyanın məqsədi oxucuları həmin yamsılama üçün nümunə vermək deyil, hadisələrin arzuedilməz inkişafından çəkindirməkdir.
6. Real insanların tarixçəsi. Bu məlumat tipi keysə də oxşayır. Amma keysdə daha çox problem və onun həllinə diqqət yetirilirsə, bu halda hansısa şəxsin uğur və ya uğursuzluq tarixçəsi nəzərdən keçirilir. Bu publikasiyanın məqsədi insanlara təqlid üçün nümunə göstərmək və ya onları hadisələrin arzuedilməz inkişafından qorumaqdır.
7. Məlumat-mənbə. İnternet hiperistinadlar sayəsində yaşadığından bloggerlər və sayt sahibləri kiminsə onların resursuna istinad etməklə məlumat yerləşdirməsini çox xoşlayırlar.
Hazırkı halda söhbət ondan gedir ki, maraqlı internet resursu barədə məlumat əldə edən bloqqer başqalarına həmin resurs barədə məlumat verir və mənbəni göstərir. Adətən sadəcə mənbəni göstərməklə kifayətlənmirlər.
Resursda yerləşdirilən mətni qismən və ya tam dərc edirlər. Ən yaxşısı bu mənbənin sizin şərhlərinizlə müşayiət olunmasıdır. Birincisi, bu, bloqu oxuyanlara onlara ümumiyyətlə vaxt itirərək mənbəyə üz tutub-tutmamağın lazım olduğunu anlamağa imkan verir (xüsusən də internet limitsiz olmayanda).
İkincisi, çoxlarına onları hansısa resursa göndərən bloq sahibinin rəyi çox vacibdir. Üçüncüsü, texniki səbəb də var: bir çox axtarış sistemləri mətnlərin tam surətini çıxararaq ancaq qısa bir hissəni saxlayırlar.
8. Problem barədə məlumat. Belə məlumatlar xülasələrə çox oxşayır. Amma diqqəti hansısa məsələnin neqativ tərəfinə cəmləşdirir, başqalarının köməyini və rəyini istəyirsən.
9. Nəyisə müqayisə və seçmək.
Çox tez-tez iki və ya daha artıq mal, xidmət və ya qərar arasında seçim etmək məcburiyyəti yaranır. Yaxud iki fikridən hansı doğrudur? Haqqında söhbət açdığımız məlumat şərhlər vasitəsilə müzakirə aparan bloq oxucularının köməyi ilə hansısa qərara gəlməyə kömək edir.
10. “Qlobal bəyanat”. Çox zaman bu bəyanat ümumi xarakter daşıyır, adətən qəti olur, amma mübahisə üçün yer saxlayır. O, məsələn, gülməli ola və ya diskussiyaya çağıra bilər. Amma bir qayda olaraq belə diskussiyaya kifayət qədər sərt nəzarət etmək və yönəltmək lazımdır.
Çünki o, ilkin mənadan çox uzaq olan mənasız müzakirəyə çevrilə bilər. Bundan əlavə, öz sözlərinizə də diqqət etməlisiniz ki, hirsli şəkildə dediyiniz sözlərə görə sonra peşman olmayasınız.
11. Ehtimal. “Bu belə ola bilərdi…” silsiləsindən məlumat.
12. Araşdırma. Bəzi bloggerlər ən müxtəlif mövzularla bağlı əsl araşdırma işlərini dərc edirlər. Adətən bu məlumatlar uzun olurlar. Amma onların oxunması məlumatda işıqlandırılan məsələnin daha dərindən anlaşılmasına gətirib çıxarır.
13. Azad məlumat.
Belə məlumatlar özündə eyni zamanda araşdırma və istinad məlumatlarının cizgilərini birləşdirir. Blogger hansısa məlumata istinad verir. Amma bu zaman təkcə özünün deyil, digər şəxslərin də ümumiləşdirilmiş – nəticə formasında rəyini bildirir.
14. Proqnozlar və yekun vuran məlumatlar. Hər bir şəxs çoxsaylı belə məlumat görüb. Tutaq ki, yeni il ərəfəsində. Bu zaman geridə qoyulan ilə yekun vurulur, növbəti il üçün proqnozlar verilir.
15. Tənqidi məlumatlar. Söhbət özündə digər şəxslərə hücumları ehtiva edən məlumatlardan gedir. Belə məlumatların məqsədi başqalarına hücum deyil, digərlərinin aqressiv hücumlarının qarşısının alınması və yaxud doğrunu ortaya çıxarmaq ola bilər.
16. Mübahisələr. Mübahisələr ən müxtəlif formada olurlar. Onları geniş müzakirə etməyin mənası yoxdur.
Təkcə onu qeyd etmək olar ki, həm bloggerlər öz aralarında, həm də bloqqer və ya onun tərəfdarları digər şəxslərlə mübahisə edə bilərlər.
Mübahisəni dayandırmaq üçün bütün opponentlərin marağını nəzərə alan məlumat yerləşdirmək lazımdır. Düzdür, bu, heç də həmişə mümkün olmur.
17. Hipotezlər. Hansısa məsələ ilə bağlı fərziyyələrin müzakirəsi. Məsələn, belə: “Neft 500 dollara kimi bahalaşsa, nə baş verəcək?”
18. İstehzalar. Elə adamlar var ki, çox gülməli və acı yazırlar. Adətən onların oxucularının sayı çox, onların bloqu isə məşhur olur. Çoxları ən adi şeylər barədə yumorla yazırlar. Belə bloqlara çoxsaylı məlumatlar daxil olur və nəticə etibarilə onların reytinqi artır.
19. Oxucuları fəaliyyətə səsləyən layihələr. Məsələn, səsvermə, sorğu, qaliblərin seçilməsi və s.
20. Yenə də sərbəstsən…
Yəni bu siyahını yekun siyahı saymaq olmaz. Həyatda məlumatların ən müxtəlif formalarına rast gəlinir. Lakin göstərilən klassifikasiya bloqu rəngarəng etmək baxımından kömək edə, onu oxucular üçün daha cəlbedici edə bilər.
Bloqlar özləri də müxtəlif mövzulara malik olur. Lakin onları tam mənada klassifikasiya etmək mümkün deyil – klassifikasiyanın rəngarəngliyi də bunu təsdiq edir.
Beləliklə, nəticə aşağıdakı kimi olur: sizə yaxın olan, sizi maraqlandıran və sizin başınız çıxdığı mövzuda yazın. Fikrimizcə, bu, həm sizə, həm də digərlərinə maraqlı olan ən doğru yoldur.
Bloqların internet-kataloqunda ən müxtəlif mövzularda bloqlara rast gəlmək olar: fəlsəfə və Yer kürəsinin quruluşundan tutmuş buterbrodların hazırlanmasına və hər hansı bir şəxsin avara həyat tərzinin təsvirinə kimi. Bu və ya digər sahənin mütəxəssisləri üçün maraqlı olan çox dar ixtisaslı bloqlar da olur.
Məsələn, belə bir bloq: “Quru buz. Quru buz barəsində bloq. Xəbərlər, faktlar, texniki və kimyəvi təfərrüatlar. İstehsal liderləri, iqtisadi effektivlik”.