Gülənin rəsmi saytında kimlərin adı var: müxalifətçilərin, yoxsa YAPçıların?

Azərbaycan hüquq-mühafizə orqanları ölkədəki gülənçilərlə bağlı cinayət işi açıb, əməliyyat-istintaq tədbirləri həyata keçirir. Artıq bununla bağlı bir neçə nəfər həbs olunub.
Həbs olunanların içində müxalifətçilər də var. Müxalif fəallar ittihamları rədd edir və həbslərinin siyasi xarakterli olduğu bildirirlər. Onlar gülənçilərlə heç bir əlaqələrinin olmadığını deyirlər.
Azadlıq qəzeti hökumətdə olanların Gülən şəbəkəsi ilə əlaqələrindən yazıb. Qəzet deyir ki, gülənçiləri hökumətin içində axtarmaq lazımdı.
Yazıda deyilir ki, hökumətin “Gülən əməliyyatı” bundan əvvəlki “şər ssenariləri” kimi iflasa uğradı. Hökumət demokratik düşərgəni “gülənçi” adıyla Türkiyəyə təqdim etmək istəsə də bütün faktlar bunun əksini sübut etdi. 
Əvvəlcə Türkiyədə SOCAR-ın 2 əməkdaşı həbs olundu, Türkiyə mətbuatı SOCAR-ın gülənçiləri maliyyələşdirməsi haqqında məqalələr dərc etdi. Sonra Heydər Əliyevin Fətullah Gülənə məktubu üzə çıxdı, Fətullah Gülən haqqında xoş sözlər söylədiyi anların görüntüləri yayıldı. Hər dəfə ortaya çıxan faktlar təsdiqlədi ki, ən böyük gülənçi hökumət komandasının özüdür və uzun illər hökumətin Gülənlə çox isti münasibətləri olub. Bu gün də həqiqi gülənçilərin azadlıqda gəzməsi və müxalifətin gülənçi adıyla həbs edilməsi bunu təsdiqləyir ki, hökumət hələ də Gülənlə işbirliyi içərisindədir.
Bu qədər faktlardan sonra AXCP Gənclər Komitəsinin Xətai rayon şöbəsinin sədri Fuad Əhmədli də “Gülən tərəfdarı” kimi həbs olundu. Ardınca isə AXCP sədrinin köməkçisi Faiq Əmirlinin maşınına Gülənin kitablarını atdılar və onu da Gülən şəbəkəsinin fəal üzvü kimi həbs etdilər.
Bir gündən sonra isə məlum oldu ki, həmin kitabların redaktoru Baş prokuror Zakir Qaralovun əmisi Zahid Qaralovdur. Kitaba ön söz yazan isə İlham Əliyevin vəkili Rəşad Məciddir. Digər tanınmışlar da bu adam haqqında xoş sözlər söyləyib və onun fəaliyyətini yüksək qiymətləndiriblər. Bu qədər faktların ortaya çıxmasına baxmayaraq, hökumət həyasızcasına cəbhəçiləri gülənçilikdə ittiham etməyə davam edir.
Bu dəfə hökuməti daha çox ifşa etmək üçün Fətullah Gülənin səhifəsinə (fgulen.com) baş çəkdik. Bir daha təkrar edirik ki, bugünə qədər üzə çıxan faktlar hökumətin hansı iyrəncliklərə imza atdığını, gülənçilərin hökumətin öz içində olduğunu və AXCP-nin məqsədli şəkildə bu məsələyə daxil edildiyini sübuta yetirir. Amma ifşa faktlarının çox olmasının ziyanı yoxdur.
Fətullah Gülənə məxsus saytda “Əli Kərimli”, “AXCP”, “Faiq Əmirli” yazıb axtarış versəniz, heç nə tapa bilməyəcəksiz. Amma “Azərbaycan”, “İlham Əliyev”, “Heydər Əliyev” yazıb axtarışa start versəniz, məlumat bolluğuna düşəcəksiz.
Bəli, arxivə baş vuranda Fətullah Gülənin Heydər Əliyevə başsağlığı verdiyini, Heydər Əliyevin ölümünə görə başsağlığı göndərdiyini, Heydər Əliyevin bu adamın fəaliyyətini təqdir edən çıxışlarını oxuya bilərsiz. Daha sonra İlham Əliyevin Gülən məktəbləri haqqında yüksək fikirdə olduğunu, bu məktəblərin dövlətçiliyə xidmət etdiyi haqda fikirləri ilə də tanış ola bilərsiz.
Məsələn, bir məqalədə belə yazılır: “Cumhurbaşkanı Ilham Aliyev, Türk okulları için, ”Ben bu okulları çok beğeniyor ve destekliyorum. Büyük işler görüyorlar” ifadelerini kullanıyor. Aliyev, Türkiye’ye yapmış olduğu son ziyareti sırasında Çağ Öğretim Şirketi Yönetim Kurulu Başkanı Enver Özeren’i kabul ederek, okulların son durumuyla özel ilgilenmiş ve “Okulların sayısının artırılmasını arzu ediyorum” demişdi”.
Bəli, Fətullah Gülənin saytında Heydər Əliyev, İlham Əliyev, Azərbaycanda görülən işlərlə bağlı saysız-hesabsız yazılar var. Bu yazılardan aydın görünür ki, gülənçilərlə hökumətimiz arasında sarsılmaz dostluqlar olub. Fətullah Gülənin saytı Əliyevlər haqqında xoş xəbərlər verməkdə xəsislik etməyib. Qarşılıqlı hörmət və qayğı hər addımda hiss olunub.
Hökumətimiz çoxüzlü olmağı bacardığı üçün dünənə qədər sevdiklərini, bu gün “terrorçu” adlandırıb, Türkiyənin xoşuna gəlməyə çalışır. Əgər Türkiyədə çevriliş cəhdi baş tutsaydı, bu gün müxalifətçiləri “Ərdoğançı” adıyla həbs edəcəkdilər.
Görünən isə budur ki, həqiqi gülənçi və saxta ərdoğançı bu hökumətin özüdür.