Həbsdə olan bir AXCP üzvü azadlığa çıxdı

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Mingəçevir təşkilatının fəalı Qədir Xudabaxşiyev avqustun 11-də həbs cəzasını başa vuraraq azadlığa çıxıb. Siyasi məhbus azadlığa çıxandan sonra ilk növbədə eks-prezident Əbülfəz Elçibəyin məzarını ziyarət edib. 
O, 2015-ci il fevralın 11-də Mingəçevir kafelərindən birində saxlanılmışdı. Polisin iddiasına görə, onun üzərindən TT tapançası tapılıb. Amma müxalifətçi bu ittihamı rədd edir.
AXCP hesab edirdi ki, Q. Xudabaxşiyevin həbsində siyasi motivlər var. 2015-ci il oktyabrın 14-də Mingəçevir Şəhər Məhkəməsi onu 1 il 6 ay azadlıqdan məhrum etmişdi.
Vəkilləri deyirdilər ki, məhkəmə qərar verərkən Q. Xudabaxşiyevin Qarabağ müharibəsi veteranı, həyat yoldaşının ikinci qrup əlil, himayəsində də 3 azyaşlı uşağının olmasını diqqətə almayıb.
Hazırda AXCP-nin 10 üzvi həbsdədir. Partiya onları siyasi məhbus sayır. Ancaq Azərbaycan rəsmiləri ölkədə siyasi məhbusların olması fikrini qəbul etmirlər.