Human Rights Watch: “Azərbaycanda yeni repressiya dalğası başlayıb”

Azərbaycanda vətəndaş fəallarına qarşı yeni repressiya dalğası başlayıb. Belə ki, avqustun 12-də bir neçə gənc fəal həbs olunub, Human Rights Watch təşkilatının bəyanatında deyilir.
Əvvəlki tək fəallar narkotik maddə saxlamaqda ittiham olunurlar. Elgiz Qəhrəmanov bir həftə DİN BMCQMİ-də saxlanılıb və yanına vəkil buraxılmayıb.
E.Qəhrəmanov NİDA Hərəkatının üzvüdür. O, Bakının mərkəzində saxlanılıb və guya onun cibində 3.315 qram heroin tapılıb. Onu 12 ilədək həbs cəzası gözləyir.
Son üç ildə Azərbaycan hökuməti özgəfikirliləri sıxışdırır, onlarla siyasi fəalı, hüquq müdafiəçisini, jurnalist və tənqidçini həbsə alır, HRW qeyd edib.
Hakimiyyət avqustun 12-də REAL Hərəkatının icraçı katibi Natiq Cəfərlini də həbs edib. O, qanunsuz sahibkarlıq və vəzifə səlahiyyətindən sui-istifadədə ittiham olunur.
Baş Prokurorluq sui-istifadə ittihamı üzrə cinayət işi qaldırıb, onu 8 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.
Avqustun 15-də fəallar Elşən Qasımov və Toğrul İsmayılov guya polisə tabe olmamaq ittihamı ilə həbs olunublar.
REAL Konstitusiyaya təklif edilən dəyişikliklərin açıq şəkildə əleyhinə olub. Bu dəyişikliklər prezidentliyə namizəd üçün minimal yaş həddi tələbinin ləğvini, prezidentin səlahiyyət müddətinin beş ildən yeddi ilədək artırılmasını, həmçinin prezidentə əlavə səlahiyyətlərin verilməsini nəzərdə tutur.
Hakimiyyət bu repressiyalara son qoymalı, həbs olunanları azad etməli, azadlıq və demokratiya sahəsində öz öhdəliklərini yerinə yetirməlidir, bəyanatda deyilir.