İnkişafın 6 vacib şərti

Emin Tağıyev
Dünyadakı bütün sərvətin təxminən 70 faizi, dünya əhalisinin 20 faizi qərb ölkələrinin payına düşür. Halbuki çox deyil, bundan beş yüz otuz il əvvəl, Azərbaycanın varisi olduğu tarixi Azərbaycan dövləti olan Səfəvilər dövləti, dünya sərvətinin əhəmiyyətli bir hissəsini əlində cəmləşdirirdi.
Bəs, qərb ölkələri necə inkişaf elədi? Niyə dünyanın digər ölkələri eyni inkişafı göstərə bilmədi. Qərb ölkələri, az inkişaf etmiş ölkələri “taladıqları” üçünmü rifah ölkəsi oldular? Əgər bu doğrudursa, niyə imperialist bir dövlət olan Səfəvi İmperatorluğu bənzər bir inkişafı göstərə bilmədi?
Bir ölkənin inkişafının, yaxud azad ölkə olmağının altında duran səbəblər nələrdir?
Bəzi elm adamları ölkələrin inkişafını coğrafi səbəblərlə bağlayırlar. İqlim, irq kimi xüsusiyyətlər səbəbiylə bəzi cəmiyyətlərin inkişaf etdiklərini, bəzilərinin geri qaldığını söyləyirlər.
Əgər bu nəzəriyyə doğru olsaydı, İkinci Dünya müharibəsindən sonra ayrılan Qərbi Almaniya və Şərqi Almaniyanın eyni inkişafı göstərməsi lazım idi. Halbuki bir-birləriylə demək olar ki, eyni xüsusiyyətlərə sahib iki cəmiyyət, ayrıldıqdan qırx beş il sonra bir-biriylə müqayisə edilməyəcək dərəcədə fərqli yaşayış səviyyələrinə çatdılar.
Qərbi Almaniya dünyanın ən inkişaf etmiş mədəniyyətlərindən birini yaradarkən, Şərqi Almaniya təhsil və səhiyyə sahələri xaricində vətəndaşlarına nə iqtisadi rifah təmin edə bildi, nə də insan hüquq və azadlıqları sahəsində nəzərə çarpacaq bir inkişaf əldə etdi.
Yalnız Almaniya deyil, Cənubi və Şimali Koreya nümunəsi də, cəmiyyətlərin zənginliyini, iqlim, dil, din, irq kimi xüsusiyyətlərlə açıqlamağın düzgün olmadığını göstərdi. Bəzi dinlərin ya da bəzi irqlərin mədəniyyət meydana gətirdiyi, bəzilərinin inkişaf edə bilmədiyi nəzəriyyələrinin də heç bir əsası yoxdur.
Deyilənlərin əksinə, cəmiyyətlərin inkişafı və mədəniyyətlər inşa etmələrinin altındakı səbəb demokratiyada deyil. Qərb ölkələrinə demokratiya “daha dünən” deyəcəyimiz qədər qısa bir müddət əvvəl gəlmişdir. Qərb cəmiyyətləri demokratiya gəlmədən çox daha əvvəl də mədəni cəmiyyətlər idilər.
Yaxşı, bir cəmiyyəti mədəni edən nədir? Niyə Avropa, Amerika, Yaponiya və digər inkişaf etmiş ölkəlıər bu qədər sürətli irəliləyərkən, Səfəvi, Osmanlı, Çin imperatorluğu, ya da XX əsrin başında qurulan və nəhəng bir güc halına gələn Sovetlər Birliyi, rifah cəmiyyətləri ola bilmədilər? Niyə Qərb inkişaf etdi? Ama digər cəmiyyətlər inkişaf və həyat keyfiyyəti olaraq heç bir inkişafa nail ola bilmədilər?
İqtisad tarixçisi Niell Ferquson, inkişaf etmiş cəmiyyətlərlə geri qalmış cəmiyyətlər arasında fərqlərin din, dil, irq, demokratiya, coğrafiya kimi faktorlardan deyil, zehniyyətdən və bu zehniyyətin həyata keçirdiyi çox əhəmiyyətli bəzi tətbiqlərdən qaynaqlandığını söyləyir.
Niel Ferquson qərb cəmiyyətlərinin inkişafını, zənginliyini, sivilizasiyasını və rifah cəmiyyətləri olmalarını altı maddə ilə açıqlayır. Bu xüsusiyyətlərin hamısının bir yerdə mövcud olması vəziyyətində cəmiyyət mədəni bir cəmiyyət olur. Lakin bir dənəsinin belə olmaması, bu cəmiyyətin mədəniyyətdən uzaqlaşması üçün kifayətdir.
1. Azad rəqabət: Bir cəmiyyət, fərdlərin, şirkətlərin və təşkilatların ədalətli bir şəkildə yarışmasını təmin edəcək qaydalar qoyub “ən yaxşı olanın” qazanacağı bir mühit yaradırsa, o cəmiyyət inkişaf edir və fərdlərinə rifah təmin edər. Əksinə, əgər bir cəmiyyət, rəqabət mühitini götürüb hakimiyyətə yaxın olanları təşviq etsə, ölkə zəifləyər və kasıblıq hakim olar. Bir cəmiyyətdə rəqabət mədəniyyətinin mövcudluğu, ən yaxşı olanın qazanacağına hər kəsin inanması, o cəmiyyətin inkişafını təmin edir. Sərbəst rəqabət mühiti isə, bir ölkənin həm inkişafını təmin edir, həm də ölkənin qaynaqlarını fərdlərə ədalətli paylayır.
Bizim ölkədə və ümumi olaraq orta şərq ölkələrində layiq olanlardan çox, hakimiyyətə yaxın olanlar qazanırlar. Nəticədə qazanan bir qrup insan olur və inkişaf cəmiyyətə yayıla bilmir.
2. Elmin üstünlüyü: Mətbəənin kəşfindən, XVIII əsrin sonuna qədər davam edən işıqlanma çağında qərb cəmiyyətləri, riyaziyyat, fizika, kimya, biologiya və astronomiyada böyük inkişaf əldə etdilər. Daha əvvəl şərqin əlində olan elm, Avropaya transfer oldu və qərb cəmiyyətləri, mühəndislik sahələrində böyük inkişaf əldə edərək həm insanın təbiət ilə mübarizəsində üstün gəlməsini təmin etdilər, həm də digər xalqlarla  girdikləri döyüşlərdən qalib çıxdılar. Mühəndislik elmləri və ümumi olaraq digər elmlər qərbin “inkişaf mühərriki”oldu. Şərq ölkələri isə elmdən uzaqlaşaraq öz inkişaflarını zəiflətdilər.
3. Hüququn aliliyi: Qərb cəmiyyətləri qanun və qaydalar qoyub, bunlara istisnasız hər kəsin tabe olmasını təmin etdikləri üçün inkişaf etdilər. Amma, geri qalmış cəmiyyətlərdə isə imtiyazlı olanlar, nüfuzlu olanlar, rütbəsi olanlar, zəngin olanlar qanunlar qarşısında bərabər deyil, qanundan üstün oldular. Geri qalmış cəmiyyətlərdə, polis və məhkəmələr, insanların ictimai statuslarına görə fərqli davrandı; Və bu cəmiyyətlər ədaləti heç cür təsis edə bilmədilər.
Geri qalmış ölkələrdə, qayda-qanunlar adamına görə tətbiq edilir. Haqlı olanın deyil, güclü olanın qazanması, mədəniyyət layihəsinin tam tərsidir, antitezidir.Ədaləti ortadan qaldırmaq, ədaləti adamına görə təsis etmək, bir cəmiyyətin tarazlığını pozan ən əhəmiyyətli ünsürdür. Hüququn üstünlüyünün hakim olmadığı, ədalətin təmin edilmədiyi cəmiyyətlər heç vaxt inkişaf edə bilməz.
Qərb cəmiyyətləri yalnız hüququn üstünlüyünü qorumaqla qalmayıb, mülkiyyət hüquqlarını da qorudular. Daha çox çalışan, daha çox mal, mülk sahibi oldu. Bu sahiblik qanunlarla zəmanət altına alındı. Avropa və Amerika Birləşmiş Ştatları, yalnız daşınmaz əmlakın deyil, əqli və sənaye mülkiyyət hüquqlarını da qanunlarla qorudu. İnsanlar sərvət sahibi olmaq məqsədiylə daha çox çalışdılar və bu motivasiya qərb cəmiyyətlərinin inkişafını təmin etdi.
Geri qalmış olkələrdə isə mülkiyyət imperatora aid idi. İnsanların daha çox işləməsi üçün bir səbəb yox idi. Sonra Sovetlər Birliyi də, sosialist fəlsəfənin gərəyi olaraq vətəndaşlarına mülkiyyət haqqı vermədi. Sovetlər Birliyi, xalqlara  çox yaxşı təhsil, çox yaxşı səhiyyə imkanı təmin etmiş olsa da, qurulmasından dağılmasına qədər keçən yetmiş illik müddətdə, Qərbin çox gerisinə düşdü və sosialist inkişaf modelini tərk etmək məcburiyyətində qaldı.
4. Müasir tibb: Qərb cəmiyyətləri tibbi inkişaf etdirib, tibbin bütün nemətlərindən yararlandılar. Həm orta insan ömrünü həm də həyat keyfiyyətini artırdılar. Sağlam və uzun ömürlü bir cəmiyyət sayəsində məlumat təcrübəsini özlərindən sonrakı nəsillərə ötürə bildilər. Müasir tibb sayəsində, epidemiya xəstəliklərinə və dövrün bir çox amansız xəstəliklərinə qarşı mübarizə edib, bu mübarizəni qazandılar və insanların yaşamaq, iş və tərəqqi istəklərini də motivasiya etdilər. İnsanların maddi rifahı qədər fiziki və ruhi sağlamlıqlarını da zəmanət altına aldılar.
5. İstehlak mədəniyyəti: Sənaye inqilabı istehlak cəmiyyətini yaratdı və istehlak cəmiyyəti də iqtisadi böyümənin itələyici gücünü meydana gətirdi. Hər fərdə sonsuz variant təqdim edən sərbəst bazar sistemi, iqtisadiyyatın və maliyyəvasitələrinin inkişafını təmin etdi. Istehlaka əsaslanan həyat tərzi, Qərb sivilizasiyasının həm itələyici gücü həm də simvolu oldu. İnsanlar daha çox istehlak etmək üçün daha çox qazanmaq məcburiyyətində qaldılar, daha çox qazanmaq üçün daha çox çalışdılar. Bu nizam, iqtisadiyyatın böyüməsini vəcəmiyyətin rifahının artmasını təmin etdi.
6. İş əxlaqı: İnkişaf etmiş cəmiyyətləri digərlərindən ayıran ən əhəmiyyətli xüsusiyyətlərdən biri, iş mədəniyyəti və iş əxlaqıdır. Qərb cəmiyyətləri iş yerlərində, rəhbər ilə ən yaxşı əlaqə içində olan işçiləri deyil, daha yaxşı performans göstərən, işini ən doğru, ən yaxşı görən işçiləri ön plana çəkdilər. Satıcısından məmuruna, müdirindən işçisinə qədər qərb cəmiyyətlərində hər işçi, daha çox gördüyü iş qədər qazandı. Bu anlayış sayəsində qərb ölkələrinin iqtisadiyyatları inkişaf etdi və dünyanın ən böyük iqtisadiyyatları oldu.
Bir cəmiyyətin inkişafı, ancaq iş arzusu duyan, işini yaxşı bilən, işinin haqqını verən, məhsuldar insanlarla mümkün olur.
Niel Ferqusona görə, bu altı tətbiqin hamısını birdən həyata keçirən hər cəmiyyətyüksək mədəniyyət səviyyəsinə çata bilər. Ferquson, bir ölkənin təbii ehtiyatları, dini, irqi, coğrafiyası, iqliminin deyil, o cəmiyyətin hansı düşüncə və prinsipləri mənimsədiyi o cəmiyyətin mədəniyyətini təyin edir. Ferqusona görə bir cəmiyyətyalnız, işə, elmi düşüncəyə dəyər verirsə, hüququn üstünlüyünü təmin edirsə, vətəndaşlarına ədalətli bir rəqabət mühiti yaradırsa, yüksək mədəniyyət səviyyəsinə çata bilər.
Bu gün inkişaf etməkdə olan ölkələrdə insanların çoxu, qərb mədəniyyəti səviyyəsinə yüksəlmənin yalnız qərb kimi yaşamaqdan ibarət olduğunu zənn edir. Bir cəmiyyət qərb kimi geyinirsə, qərbli kimi yaşayırsa, qərbli kimi istehlak edirsə,o cəmiyyətin mədəni bir cəmiyyət olacağını zənn edir. Kaş yalnız istehlak və bir həyat tərzini mənimsəməklə mədəni bir cəmiyyət səviyyəsinə çatmaq mümkün olsaydı.
Sonda demək istəyirəm ki, ölkəmizin mədəni bir cəmiyyət olmasının və insanlarını rifah içində yaşatmasının resepti çox sadədir. Müasir mədəniyyət səviyyəsinə çatmaq üçün, xoşumuza gəlsə də gəlməsə də  standartlarını qərbin qoyduğu, ədalət, rəqabət və mülkiyyət tətbiqlərini və qərbin ucaltdığı elmi düşüncəni həyata keçirmək və ən az onlar qədər çalışıb istehsal etməyimiz lazımdır.
Ali bir cəmiyyət olmaq üçün, yalnız qərb kimi geyinmək, yemək, yaşamaq deyil, bu tətbiqlərin hamısını həyata keçirmək lazımdır.
Yazı müəllifin şəxsi mövqeyini əks etdirir. Müəllifin mövqeyi Abzas.net-in mövqeyi ilə üst-üstə düşməyə bilər.