İran və Venesuela neft qiymətlərini artırmaq üçün əməkdaşlıq edəcək

Venesuela və İran neft bazarında sabitliyi təmin etmək və Neft İxrac Edən Ölkələr Birliyini (OPEC) gücləndirmək məsələsində razılaşıb.

Latın Amerikası turu çərçivəsində Venesuelada rəsmi görüşlər keçirən İranın xarici işlər naziri Cavad Zərif paytaxt Karakasda prezident Nikolas Maduro ilə görüşüb.

“Neft bazarlarında sabitliyi təmin etmək, neft sənayelərini gücləndirmək, OPEC-i gücləndirmək, OPEC ölkələri arasındakı əməkdaşlığı artırmaq məsələsində ortaq bir zəmində görüşmək üçün çalışmağa davam edəcəyik” – Nikolas Maduro bildirib.

Qeyd edək ki, neft qiymətlərinin azalması ilə dünyanın ən böyük neft ehtiyatlarına sahib olan Venesueladakı iqtisadi böhran getdikcə dərinləşir. Bu böhranın qarşısının alınması üçün İran ilə ediləcək əməkdaşlıq Venesuela üçün müəyyən dərəcədə çıxış yolu ola bilər.