İsa Qəmbər: “Hakimiyyət bizim dediyimiz islahat yolunu qəbul etməlidir”

Mili Strateji Düşüncə Mərkəzinin sədri İsa Qəmbər oğlu Turqut Qəmbərin həbs edilməsi, 4 saat müddətində sorğu-sualı və hakimiyyətin yenidən repressiyalara başlaması barədə danışıb.
İsa Qəmbər iqtidarı öz xam xəyalından daşınmağa və ailə hakimiyyəti üçün yox, xalq üçün çalışmağa dəvət edib:
“Hakimiyyət qorxu içindədir, çox ağır vəziyyətdədir. Ölkə dərin böhrana düçar olub və bu böhran dərinləşir. Hakimiyyətin iradəsi çatmadı ki, bizim təklif etdiyimiz islahatlar yolunu qəbul etsin. Onlar Azərbaycanı, xalqı böhrandan xilas etmək yox, öz ailə hakimiyyətini böhrandan xilas etmə yolunu seçib. Bu səbəbdən də cəmiyyətdə qorxunu bərpa etmək və daha da gücləndirməyə səy göstərirlər. Çünki ölkədə sosial-iqtisadi vəziyyət ağırlaşdıqca, xof mühiti yavaş-yavaş dağılır”.
Mərkəz sədri bildirib ki, insanlar danışmağa, dəyişiklik istəklərini bəyan etməyə başlayırlar, bunun qarşılığında da hakimiyyət referendum yolu ilə öz ailəsini gücləndirmək, tam sərbəstlik əldə etməyə çalışır və bu məqsədlə yenidən repressiyalara başlayıblar:
“Repressiyalar bütün istiqamətlərdə davam edir. Bu gün NİDA Vətəndaş Hərəkatının İdarə Heyətinin üzvü olan Turqut Qəmbəri Elgiz Qəhrəmanın məhkəməsində tutublar, Bakı Şəhər Baş Polis İdarəsinə aparıblar və 4 saat müddətində sorğu-sual ediblər. Eləcə də Elgizi deyə bilərik. Uydurma ittihamlarla, əvvəlcə guya Gülən şəbəkəsi ilə əlaqəli olduğuna görə, daha sonra isə narkotik ittihamı ilə həbs ediblər. Natiq Cəfərli kimi işıqlı iqtisadçı ekspert, ictimai-siyasi xadimi heç nədən həbs ediblər, 4 aylıq müddətə cəmiyyətdən təcrid ediblər və yəqin ki, bunu uzatmağa çalışacaqlar. Azərbaycan Xalq Cəbhəsi Partiyasına müxtəlif uydurma versiyalarla təzyiqlər davam edir”.
İsa Qəmbər daha sonra Müsavat Partiyasının yaratdığı “Respublika” təşəbbüs qrupundan danışıb. O deyib ki, partiya təşəbbüs qrupu üçün lazımi sayda imza toplamağı bacarıb, hakimiyyət də qısa zamanda bu cür nəticə gözləmədiyi üçün, partiyanın rayon təşkilatı sədrləri başda olmaqla üzvlərə müxtəlif cür təzyiq edirlər. Həmçinin, bu təzyiqlərin NİDA Vətəndaş Hərəkatına qarşı da başladıldığını qeyd edib.
“Burda iki səbəb var: birinci səbəb təbii ki, gənclərin aparıcı təşkilatı halına gələn NİDA-nın öz fəaliyyəti ilə bağlıdır, ikinci səbəb isə N!DA üzvləri də “Respublika” təşəbbüs qrupu üçün imza toplayır. Turqut Qəmbər özü də təşviqat qrupunda səlahiyyətli nümayəndədir. Hakimiyyət belə bir xam xəyala düşüb ki, bütün bunlarla cəmiyyəti mövqeyini ortaya qoymaqdan çəkindirəcək. Ancaq hesab edirəm ki, bu uğursuz yoldur və bunun hakimiyyətə heç bir faydası olmayacaq. Onlar bilməlidir ki, ölkədə dəyişikliklər həyata keçirməkdən başqa yol yoxdur”.
İ.Qəmbər sonda bildirib ki, hakimiyyət onların dediyi dəyişikliklər, islahat yolunu qəbul etməlidir, qəbul etməyəcəksə, müxalifət xalqla birlikdə islahatların gerçəkləşməsi üçün qanun çərçivəsində gərəkli addımları atacaq.