İstintaq materiallarında Faiq Əmirli “Hizmet”in imamı kimi təqdim edilir

“Azadlıq” qəzetinin yayım işləri üzrə direktoru, Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədrinin köməkçisi Faiq Əmirli artıq təqsirkar şəxs kimi tanınır. Üstəlik, ona yeni ittiham irəli sürülüb. Bunu AzadlıqRadiosuna F.Əmirlinin vəkili Aqil Layıcov bildirib.
Buna da bax: “Azadlıq qəzetinin də taleyi təhlükədədir”
Vəkilin deməsinə görə, F.Əmirli saxlanılarkən ona Cinayət Məcəlləsinin 283-2-ci (milli, irqi, dini düşmənçilik salma) maddəsi ilə ittiham irəli sürülüb. Bu gün – avqustun 22-də isə ona əlavə olaraq 168.1-ci maddə ilə (dini məzhəbləri yaymaq və dini ayinlərin icrası adı altında ictimai asayişi pozmaq, yaxud vətəndaşların sağlamlığına zərər vurmaq) ittiham verilib.
A.Layıcov qeyd edib ki, F.Əmirli ittihamlar üzrə özünü təqsirli bilmir: “Nə qədər qəribə olsa da, istintaq materiallarında F.Əmirli “Hizmet” hərəkatının imamı kimi təqdim edilir . F.Əmirli özünü təqsirkar bilmədiyi üçün istintaqa hər hansı ifadə verməyib”.
Vəkilin bildirməsinə görə, F.Əmirlinin sağlamlığında problemlər yaranıb. O, mədə ağrıları ilə bağlı qida qəbul edə bilmir.
Buna da bax: Faiq Əmirlinin maşınına Gülənin kitablarını kim qoyub?
Vəkil deyir ki, F.Əmirlinin saxlanması ilə bağlı 48 saatlıq müddət avqustun 22-si saat 16:30-da başa çatır. Həmin vaxt F.Əmirlinin məhkəməsi olmalıdır.
F.Əmirlini bu il avqustun 20-də yaşadığı binanın qarşısında mülkigeyimli şəxslər saxlayıb. Onu Baş Prokurorluğun Ağır Cinayətlərə dair İstintaq İdarəsinə aparıblar. F.Əmirlinin avtomobilinin yük yerindən Fethullah Gülen-in bir neçə kitabının çıxdığı deyilir. Ancaq F.Əmirlinin yaxınları və bəzi şahidlər deyirlər ki, həmin kitabları ora onun maşınına baxışdan öncə naməlum adamlar qoyublar. F.Əmirli də deyir ki, saxlanandan sonra onun maşınının açarı bir saatlıq əlindən alınıb.
“Hizmet” hərəkatını hazırda ABŞ-da yaşayan və Türkiyədə iyulun 15-də baş verən dövlət çevrilişinə cəhdi himayə etməkdə təqsirləndirilən Fethullah Gülen-in tərəfdarlarının yaratdıqları bildirilir.