Klanlar arasında tarazlıq çox qəliz mövzudur. Bu vaxta qədər tarazlıq prezidentin Səmərqənddən, əsas postları tutan şəxslərinsə Daşkənddən olması hesabına saxlanılıb.
Avqustun 29-da Özbəkistan prezidenti, 78 yaşlı Islam Karimov beyin qansızmasıyla xəstəxanaya yerləşdirilib.
Bəs Karimovun öləcəyi, yaxud bundan sonra prezident vəzifələrini icra edə bilməyəcəyi təqdirdə nə baş verəcək? SSRİ-nin dağılmasından bəri ölkəni idarə etmiş yeganə lideri kim əvəzləyəcək?
Buna da baxın: İslam Kərimov xəstəxanaya yerləşdirilib
Üçcə nəfər
Özbəkistanın konstitusiyasında deyilir ki, prezident öz vəzifələrini icra edə bilmədikdə parlamentin yuxarı palatasının sədri 3 ay müddətinə onun səlahiyyətlərini icra edir. Hazırda həmin postda çox da tanınmayan Nigmatulla Yuldashev əyləşib.
Uzun müddətli perspektivdə isə favoritlər siyahısı cəmi üç nəfərdən ibarətdir.
Bir çoxları hakimiyyətin yeni varisinin 58 yaşlı baş nazir Shavkat Mirziyaev olacağını düşünürlər. O, 2003-cü ildən bəri hökumətə başçılıq edir. Mirziyaev əslən ölkənin Cizzax əyalətindəndir. Cizzax Karimovun vətəni Səmərqənd əyalətinin qonşuluğunda yerləşir. Mirziyayevin Cizzax və Səmərqənd klanları tərəfindən dəstəkləndiyi deyilir. Karimovun xəstəxanaya yerləşdirilməsi barədə yeganə rəsmi açıqlamanın Nazirlər Kabinetindən gəlməsi də təsadüfi olmaya bilər.
Buna da baxın: Erdoğan: Ölüm cəzası bərpa edilməlidir
Klanlar hakimiyyətin ötürülməsi prosesində mühüm rol oynayacaq. Dəmir əllə idarə edən və müxalif fikirlərə qarşı dözümsüz olan Karimov Özbəkistanın müxtəlif klanları arasında manevr etməyin və onları bir-birinə qarşı qoymağın ustası idi.
“Məntiqsiz və aqressiv qatil”
Özbəkistanın baş naziri Shavkat Mirziyaev
Özbəkistanın baş naziri Shavkat Mirziyaev
Bəzi tənqidçilər Mirziyayevi məntiqsiz və aqressiv qatil kimi xarakterizə edirlər. Cizzax əyalətinin qubernatoru olduğu dövrdə (1996 – 2001) onun ən azı bir fermerə fiziki təzyiq göstərdiyi bildirilir. Fermerin günahı əyalətdəki şəraitdən şikayətlənmək cəsarəti idi.
Qubernator vəzifəsində onu əvəzləyən Ubaidulla Yamankulov isə postundan helikopterdə, özü də qolları qandallı vəziyyətdə gedib. Onun seçiciləri döyməsi barədə çoxsaylı şikayətlər və qoçu dəstəsi saxladığı barədə iddialar daxil olmuşdu. Əlbəttə ki, Mirziyaev Yamankulovu yaxşı tanıyırdı.
Özbəkistanın əsas rəsmiləri arasında Mirziyayev “beyin” yox, “yumruq” kimi tanınır. Bəzi müşahidəçilərin fikrincə, o, prezidentliyi ələ keçirərsə, Karimov hökumətindən də repressiv olacaq.
Son beş il ərzində Özbəkistanın konstitusiyasına dəyişikliklər edilib. Ən azı, kağız üzərində baş nazirin səlahiyyətləri artırılıb. Bu, Mirziyayevin xeyrinə işləyə bilər.
Jurabekov – Karimov dostluğu 
Ancaq 1990-cı illərin sonlarında Səmərqənd klanı bir qədər gözdən düşmüşdü. Səbəb klanın başçısı Ismail Jurabekovun hərəkətləri idi. Jurabekov 1980-ci illərdə Karimovun Kommunist Partiyası sıralarında irəliləməsində böyük rol oynamışdı. 1990-cı illərdə təşəkkür kimi ona hökumət vəzifələri və bizneslərə yiyələnmək imkanı verilmişdi.
Ancaq Jurabekov çox güclü idi. Özü də onun 1999-cu ilin fevralında Daşkənddə baş vermiş bomba partlayışlarında əli olduğu deyilirdi. (1999-cu il fevralın 16-da 1 – 1,5 saat ərzində Daşkəndə müxtəlif hökumət binalarının qarşısında avtomobillərə yerləşdirilmiş altı bomba partlamışdı. Bombalardan beşinin diqqəti yayındırmaq, birininsə Islam Karimovu öldürmək məqsədilə partladıldığı ehtimalı irəli sürülür). Daşkənd partlayışlarından az sonra Jurabekov tutduğu kənd təsərrüfatı naziri vəzifəsindən kənarlaşdırılaraq təqaüdə göndərilmişdi.
Baş verənlərdən az sonra Jurabekov yenidən hökumətə qaytarılmış və 2004-cü ilə qədər Karimovun müşaviri olmuşdu. Ancaq Karimovun vətəni Səmərqəndə bağlılığı ciddi şəkildə zəifləmişdi. (ardı aşağıda)
Rustam Azimov
Özbəkistanın maliyyə naziri və baş nazirin birinci müavini Rustam Azimov – sağda
Daşkənd klanı 
Karimovun yerini tuta biləcək digər mümkün varis 56 yaşlı Maliyyə naziri Rustam Azimovdur. O, daşkəndlidir və Daşkənd klanını təmsil edir. O, 1998-ci ildən bəri hökumətdədir. Həmişə də maliyyə vəzifələri tutub.
Azimov Mirziyayevdən daha mədəni hesab olunur. Həmçinin, onun beynəlxalq aləmlə iş təcrübəsi daha çoxdur. Müstəqilliyin ilk illərində Özbəkistanın Xarici Fəaliyyətlər üzrə Mərkəzi Bankının rəhbəri olmuş Azimov ölkənin Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) ilə işləyən əsas rəsmisi olub.
Hakimiyyətin üçüncü mümkün varisi isə Milli Təhlükəsizlik Komitəsinin (MTK) 72 yaşlı rəhbəri Rustam Inoyatovdur. Inoyatov Özbəkistanda ən güclü adamlardan biridir. O, 1995-ci ildən bəri MTK-nə rəhbərlik edib. O da Daşkənd klanındandır.
Çoxları Karimovun səhhətinin zəiflədiyi son illər ərzində Inoyatovun boz kardinal rolunu oynamasından şübhələnirlər. Karimovun böyük qızı Gulnaranın çökdürülməsi kampaniyasının onun işi olduğunu düşünənlər də az deyil. Əvvəllər güclü biznes qadını olan Gulnara Karimova 2014-cü ildən bəri ictimaiyyət arasına çıxmır. Adının beynəlxalq telekommunikasiya şirkətləri ilə bağlı korrupsiya qalmaqalında hallanmasından sonra atasının onu ev dustaqlığına məhkum etdiyi deyilir. (ardı aşağıda)
Milli Təhlükəsizlik Komitəsinin rəhbəri Rustam Inoyatov
Milli Təhlükəsizlik Komitəsinin rəhbəri Rustam Inoyatov
“Kraldan düzəldən”
Amma Inoyatov kral yox, “kral düzəldən” kimi tanınır. Bu şəxsin son 10 il ərzində bilinən yalnız bir fotoşəkli var. Bu, onun Çinin təhlükəsizlik rəsmiləri ilə görüşündə çəkilmiş şəkildir. O, ictimaiyyət arasında görünməyi sevmir.
Ancaq onun dəstəyi olmadan kiminsə Özbəkistanın növbəti prezidenti olması, yaxud da ölkəni maneəsiz idarə edə bilməsi, demək olar ki, mümkün deyil.
Inoyatovun Mirziyaevlə yaxşı münasibətdə olduğu və ölkənin növbəti prezidenti kimi məhz onu dəstəkləyəcəyi barədə ehtimallar var. Onu da deyək ki, Jurabekovun, nəhayət ki, siyasətdən uzaqlaşdırılmasından sonra Inoyatov öz gücünü xeyli artırıb. Görünür ki, MTK rəhbəri Səmərqənd klanının zəif tərəflərini yaxşı bilir.
Əlbəttə Inoyatovun özü ilə eyni klandan olan Azimovu dəstəkləyəcəyini də düşünmək olar. Ancaq klanlar arasında tarazlıq çox qəliz mövzudur. Bu vaxta qədər tarazlıq prezidentin Səmərqənddən, əsas postları tutan şəxslərinsə Daşkənddən olması hesabına saxlanılıb. Tarazlığın saxlanması naminə Azimov dəstəklənməyə də bilər.