Keçmiş müstəntiqin növbəti məhkəmə prosesi keçirilib

Bu gün Lənkəran Ağır Cinayətlər Məhkəməsində Zərdab rayon Prokurorluğunun sabiq müstəntiqi Rüfət Səfərov barəsində cinayət işi üzrə məhkəmə prosesi davam edib. Bu barədə APA-ya R. Səfərovun vəkili Bəhruz Bayramov məlumat verib.
Vəkil qeyd edib ki, hakim Asim Hacıyevin sədrliyi ilə keçirilən iclasda məhkəmə istintaqının başlanıldığı elan edilib. Dövlət ittihamçısı ittiham aktını elan edib. R. Səfərov isə ittihamı qəbul etmədiyini deyib. Daha sonra iclasda şahidlər dindirilib. Proses sentyabrın 7-də davam etdiriləcək.
Qeyd edək ki, bu il yanvarın 15-də Binəqədi rayon Məhkəməsinin qərarı ilə R. Səfərov barəsində 4 ay müddətinə həbs-qətimkan tədbiri seçilib. Yanvarın 22-də isə müdafiə tərəfinin şikayəti ilə məhkəmə həbs-qətimkan tədbirini ev dustaqlığı ilə əvəzləyib.
R. Səfərov Cinayət Məcəlləsinin 311-ci (rüşvət alma) maddəsi ilə təqsirləndirilir. Keçmiş prokuror ona qarşı açılmış cinayət işinin siyasi motivli olduğunu bildirir.
Xatırladaq ki, R. Səfərov Müdafiə Nazirliyinin mətbuat xidmətinin keçmiş rəisi Eldar Sabiroğlunun oğludur.