Küçə süpürən yaşlılar, zibil daşıyan yaşlılar – Samir Əsədli

“Vəziyyəti o həddə çatdırıblar ki, Azərbaycanda təqaüdə çıxmaq mənəvi və iqtisadi intihara bərabərdir”
Pensiya deyiləndə ilk ağıla gələn qoca və ahıl insanlar olur. İnkişaf etmiş ölkələrdə insanlar əməklərinin müqabilində yaşa dolduqdan sonra pensiyaya çıxırlar və aldıqları təqaüdlə dolanırlar. Həm də bu pensiya nəinki normal qidalanmağa və təlabata, həm də ömrün son illərində dünyanı gəzməyə bəs edir. Bunun sübutu kimi turistlərə nəzər yetirmək kifayətdir. Onların böyük əksəriyyəti ahıl yaşlarındadır. Bəs bizdə vəziyyət necədir? Azərbaycandakı pensiyaçılar aldıqları təqaüdlə dünyanı gəzə bilirmi?
Onlar nəinki dünyanı gəzmək, hətta marşruta verməyə pul tapa bilmir. 70 manat təaqüd alan qoca bu pulu kommunal xərclərə çatdıra bilmir. Yəni bir sözlə, inkişaf etmiş dünyada insanlar təqaüdü gözləyirlər ki, rahat həyat tərzi sürsünlər, dünyanı gəzsinlər və özləri üçün yaşasınlar. Azərbaycanda isə pensiyaya çıxmaq mənəvi və iqtisadi intihara bərabərdir.
Bu gün insanlarımız pensiyaya çıxmaqdan qorxurlar, ona görə ki, bu, onlar üçün dilənçiliyə bərabərdir. Hərçənd ki, bizdə ildə bir dəfə pensiyaların artımı ilə bağlı mötəbər sərəncamlar verilir. Xaricdə, xüsusilə də Avropadakılar internetdən oxuyanda ki, Azərbaycanda pensiya 10, 20 və hətta 40 faiz artıb, onlar dərhal azərbaycanlıları bəxtəvər hesab edəcəklər. Çünki artım faizi Avropa meyarlarına görə aşağı deyil və bəlkə də yüksəkdir. Amma bu avropalı bilmir ki, 85 manatın 40 faizi artır. Yəni, hakimiyyət minimum əmək haqqını və pensiyanın nominalını elə bir aşağı həddə saxlayıb ki, onu lap 400 faiz artırsa belə təqaüdçünü yenə də övladlarının əlinə baxan edəcək.
Azərbaycan reallığı ilə bağlı bir vacib məqam da ondan ibarətdir ki, 1994-cü ildən bəri ölkə əhalisinin ömür həddi kritik olaraq azalıb. Artıq əksər kişilər 55 yaşdan, qadınlar isə 60 yaşdan çox yaşamır. Pensiyaçıların yaş həddi isə kişilər üçün 65, qadınlar üçün isə 60 yaş qəbul edilib.

received_10208952630546015

Bir sözlə, Azərbaycanda elə bir sərhəd qurulub ki, onsuz da insanlar o pensiyanı görmədən ölürlər. Yəni, 2010-cı ilin yanvarın 1-dən başlayaraq qadınların təqaüd yaşı hər il yarım il artırılaraq, 2016-cı ildə 57 yaşdan 60 yaşa çatdırıldı. Kişilərdə də təxminən eyni…
Azərbaycanda orta ömür inkişaf etmiş ölkələrlə müqayisədə çox az olsa da, təqaüd yaşları eynidir. Reallığı nəzərə alsaq görərik ki, Azərbaycanda vətəndaş pensiya almayacaq və bu yaşa çatmamış dünyadan köçəcək. İşlə, əmək sərf et və bəhrəsini görmədən dünyadan köç. Milli Məclisin Sosial məsələlərə dair komitənin sədri Hadı Rəcəbli bunu beynəlxalq təcrübəyə əsaslanaraq etdiklərini bildirir. Bundan əlavə, yeniliklər çoxuşaqlı qadınların da təqaüdünə aid edilib. Əvvəl onlar təqaüdü müəyyən olunmuş vaxtdan qabaq ala bilirdisə, indi onların təqaüdə çıxa biləcəyi konkret yaş normaları müəyyən edilib. Belə ki, bundan sonra üç uşaq anası təqaüdə 51, 5 uşaq anası 49, 9 uşaq anası isə 45 yaşında çıxa bilər.
Allah Azərbaycana hər bir sərvət verib. Bu baxımdan yanaşsaq, biz dünyanın ən xoşbəxt insanları olmalıyıq. Amma biz dünyanın ən bədbəxt insanlayıyıq. Neft gəlirləri hara gedir, bunu bilən ancaq hakimiyyətdəkilərdir. Bəyənmədiyimiz bəzi ərəb ölkələri neft gəlirlərini öz vətəndaşlarının arasında bölür. Bizdə kimin arasında bölünür?
Bizim də insan olaraq yaşamaq hüququmuz var. Necə ki, Azərbaycan Respublikasının Konistutisiyasının 27-ci maddəsində yazılıb: “Hər kəsin yaşamaq hüququ vardır”. Bu, kifayət qədər aydın ifadə edilmiş fikirdir.
İnsan küçəyə çıxanda, yaşlıları görəndə ürəyi daralır. Küçə təmizləyən ahılları hamı görür. Niyə onlar bu yaşında ağır işlər görməlidirlər?