Medvedevin istefasına çağırış üçün 50 mindən çox imza toplanıb

İnternet saytı vasitəsilə Rusiya baş nazirinin istefasına çağırış 150 mindən artıq adamın dəstəyini qazanıb.
Petisiya change.org saytında yerləşdirilib.
Bu həftənin əvvəlində Dmitri Medvedev maaşlarından narazı olan müəllimlərə yeni iş axtarmaq məsləhətini verib. Bu bəyanat tənqidlərə səbəb olub. “Pul qazanmaq istəyirsinizsə, bunu etmək üçün bir sıra gözəl yerlər var. Elə həmin biznesi götürün”, baş nazir müəllimlərlə keçirilən görüşdə deyib.
Rusiya prezidentinin adına yazılmış çağırış mətnində deyilir ki, nazirlər kabinetinə “səriştəli, savadlı və ölkəyə canı yanan adam” başçılıq etməlidir.
Daha bir petisiyanın müəllifi müəllimlərin maaşları ilə bağlı ifadəsinə görə baş nazirdən üzrxahlıq tələb edir.
May ayında Krıma səfəri vaxtı yerli sakinlərlə görüşən Dmitri Medvedev büdcədə təqaüdlərin indeksasiyası üçün vəsaitin olmadığıni demişdi. Baş nazirin bu barədə ifadəsi sosial şəbəkələrdə istehza ilə qarşılandı.
Cümə axşamı Rusiya prezidentinin mətbuat katibi deyib ki, Kremldə petisiya ilə tanış olmayıblar.
Dmitri Peskovun sözlərinə görə bəzi bölgələr müəllimlərin maaşlarının qaldırılması barədə prezident sərəncamını yerinə yetirməkdə çətinliklərlə üzləşir. Hərçənd ki, mətbuat katibi bu sahədə işin davam etdirildiyini bildirib.