Milli Şura dəhşətli işgəncələrlə bağlı izahat tələb edir

Milli Şura rəhbərliyi Nardaran məhbuslarına verilən dəhşətli işgəncələrlə bağlı hüquq mühafizə orqanlarına müraciət edib. Milli Şuranın sədri, professor Cəmil Həsənli və AXCP sədri Əli Kərimli məhkəmə önündə jurnalistlərə açıqlamasında prokurorluq orqanlarını baş vermiş cinayətlə bağlı hüquqi addımlar atmağa çağırıb.
“Zakir Qaralov niyə susur? Prokurorluq orqanlarını vəzifəsini yerinə yetirməyə çağırıram. Tale Bağırzadə və digərlərinin məhkəməsində hüquq mühafizə orqanları əməkdaşları tərəfindən törədilən xeyli cinayət işi ifşa olunur. Milli Şuranın, AXCP-nin adı hallansın deyə, heç bir aidiyyatı olmadığı halda AXCP sədrinin müavini Fuad Qəhrəmanlı da süni şəkildə bu işə cəlb edilib. Həbs edilən şəxslərin ifadələrindən məlum olur ki, onlara çox dəhşətli işgəncələr verilibmiş. Mən bu ifadələri eşitdikcə fikirləşirdim ki, necə eyni millətin övladları biri-birinə bu qədər nifrət edə bilər? Hakimiyyət hansı təbliğatı aparıb ki, “bandotdel”in əməkdaşları öz soydaşlarına düşmənə olduğundan da artıq nifrət edə biliblər? Erməni əsirlərə vermədikləri işgəncələri Nardaran işi üzrə həbs olunanlara veriblər. Ya açıq şəkildə deyin ki, bu ölkədə hüquq yox, cəngəllik qanunları işləyir, ya da işgəncə verən şəxslər cəzalandırılmalıdır”!